Lənkəran rayonunda dəniz sahilindən tank əleyhinə mina tapılıb.

Bu barədə unikal.org-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 08:10-da Daxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, dəniz sahili ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Lənkəran rayon Polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd tank əleyhinə mina (TM-62P3) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın tapıldığı yerin ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.