Roma Papası milyonlarla
insanın hüquqlarını tapdaladı

Bu gün insan haqlarının və hüquqlarının qorunması adı ilə milyonlarla insanın hüquqlarının super güclər tərəfindən pozulması artıq ənənə halı alıb. Gah söz azadlığı bəhanəsi ilə, gah sərbəst toplaşma azadlığı adı ilə tapdalanan insan haqlarını qorumaq isə artıq mümkünsüz hala çevrilir. Məsələn, bir neçə ay öncə Fransada baş verən terror olayını yada salaq.
Fransada dərc olunan bir jurnalda Məhəmməd peyğəmbərin karikaturası dərc olundu və milyonlarla müsəlmanın heysiyyatı ayaqlar altına salındı. Fransa höküməti isə bunun qarşısını almaq əvəzinə bəyan etdi ki, jurnala heç bir təzyiq göstərə bilməzlər. Çünki onlar söz azadlığına sahibdirlər. Halbuki elə Fransanın özündə erməni "soyqırımı"nı tanımayanlara qarşı cinayət işinin açılması kimi bir qanun var və bu zaman nədənsə söz azadlığı yada düşmür və insanların hüquq və azadlıqları kobud şəkildə pozulur. Hazırda isə başqa ciddi bir problem ortaya çıxıb. Belə ki, Romama Papası erməni "soyqırım"ını tanımaqla milyonlarla türkün, o cümlədən Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına kobud şəkildə müdaxilə etdi. Amma bu günə qədər Xocalı soyqırımına bir dəfə də olsa münasibət bildirməyib. Maraqlıdır, bəs Roma Papasının bu açıqlaması nəticəsində hüquqları pozulmuş insanlar hansı addımları atmalıdırlar? Politoloq Ülkər Abdullayeva "Unikal"a açıqlamasında bunları bildirdi:"Roma papası I Fransiskin 1915-ci ildə Osmanlıda baş verən olayları erməni soyqırımı adlandırması qərəzli münasibətdir. Bu məntiqlə Papa tarixdə baş verən müharibələr zamanı qətlə yetirilən bütün xalqların nümayəndələrinin soyqırıma mərzu qaldığını bildirməlidir. Soyqırım ifadəsi mahiyyət etibarilə etnik təmizləmələrə aid edilir. Baxaq görək Osmanlıda ermənilərin etnik təmizlənməsi prosesi baş veribmi? Əgər baş veribsə, onda bu gün Türkiyədə yaşayan yüz minlərlə erməni hardan əmələ gəlib? Soyqırım iddialarının sübutu, hüquqi əsasları varmı? Papa nəyə, hansı faktlara əsasən deyir ki, 20-ci əsrin ilk soyqırımı, bu əsrdə baş verən 3 qanlı cinayətdən biri ermənilərə qarşı törədilib?! Və ümumiyyətlə yüz il əvvəl baş verən, heç bir sübutu, dəlili olmayan bir şeyə ermənilərin yalançı iddiaları əsasında necə soyqırım demək olar? Və bu qondarma soyqırıma görə Osmanlı dövlətinin varisi sayılan Türkiyə Cümhuriyyətini necə hədəfə almaq və ondan təzminat tələb etmək olar? Roma Papası belə ədalətlidirsə, yüz il əvvəl əslində nəyin baş verdiyi məlum olmayan bir şeyə soyqırım deməkdənsə, 1992-ci ildə Xocalıda hamının gözü qarşısında baş verən, canlı şahidlərinin yaşadığı faciəyə soyqırım desin. Bir gecədə məhv edilmiş şəhərin və onun sakinlərinin hesabını sorsun.Əgər bunu sora bilmirsə, onda buyurub tarixin araşdırılmasını,incələnməsini tarixçilərin ixtiyarına buraxsın.Ümumilikdə götürəndə isə, tarix boyu papalar ədalətin yanında deyil, şərin, pisliklərin yanında yer alıblar. Nə olsun ki, orta əsrlərdə inkvizisiyaya son qoyuldu?! Papaların əxlaqı, bəşəriyyətə, qeyri dinlərdən, inanclardan olanlara qarşı qərəzi, nifrəti heç dəyişmədi.Fransisk deyilmi dünyada xristianların təqib olunduğunu iddia edən?! Əgər xristianlar təqib olunursa, bəs Orta Şərqdə hər gün xristian dövlətlərinin fitvası ilə yaşamını itirən minlərlə müsəlmana nə edilir?! Xristianın canı candır, müsəlmanın canı can deyilmi? "Xristianları Allah yaratdı" deyən Papa, bəs müsəlmanları nə yaratdı?! Bu gün Fransiskin verdiyi bəyanat həm də Osmanlı imperiyasına qarşı Roma papalarının tarixən duyduğu qəzəbin, nifrətin nəticəsidir. Osmanlının mövcud olduğu 600 ilə qədər bir dövrdə Roma üçün təhdid olmuşdu. Papalar katolisizmin mərkəzlərindən biri, Roma və Bizans imperiyalarının paytaxtı olmuş Konstantinopolun (İstanbulun) fəthini bu günə qədər Osmanlıya bağışlaya bilmirlər. Və bu gün türklərə, Türkiyə dövlətinə qarşı Avropada, xristianlar arasında mövcud olan qərəzin, nifrətin kökündə də məhz bu amil dayanır.
Ancaq nə Türkiyə, nə də türk dünyası "erməni genosidi" adlandırılan saxtakarlığın qarşısında əyilməməli, bütün mümkün vasitələrlə ədalətin bərpa olunmasına çalışmalıdırlar. Əlbəttə bu tip bəyanatlara qarşı etirazın bütün mümkün formaları işə salınmalıdır.Türkiyə Vatikandan öz səfirini geri çağırdı.Papadan tarixi saxtakarlığa şahidlik etdiyinə görə türklərdən üzr istəməsi tələb olunmalıdır. Eyni zamanda Papanın qarşısına ermənilərin tarixən türklərə qarşı törətdiyi soyqırımlar barədə məlumatların yer aldığı materiallar göndərilməlidir və ondan tələb olunmalıdır ki, bu tarixi faktları da tanısın və onlara münasibət bildirsin. Dünyadakı türklər kütləvi şəkildə Papaya etiraz məktubları yollamalıdırlar, Vatikan türklərin etiraz dalğası ilə silkələnməlidir. Avropanı və bütün dünyanı qondarma erməni soyqırımını tanıdığına görə peşman etmək lazımdır. Bu günün Türkiyəsi və türk xalqı 100 il əvvəl baş verən olayların bədəlini ödəməyə borclu deyil.Və bu həqiqəti dünyada hər kəsə bildirmək lazımdır. Türkiyə erməni fitnəsinə uyan dövlətlərə etirazını sərt formada bildirməlidir. Dünya nəhayət doğru ilə yalan arasında seçim etməlidir". Anar Turan da hesab edir ki, Roma Papası ciddi yanlışlığa yol verdi:" Roma papasının erməni soyqırımı ifadəsini məhz 2015-ci ildə işlətməsi birmənalı şəkildə onu bildirir ki, bu günə onlar hazırlaşmışdılar. Qondarma soyqırımın 100 illiyinin keçirilməsi ərəfəsində bu addımın atılması ermənilərə dünya katoliklərindən verilən dəstək, xristian təəssübkeşliyi kimi qəbul olunmalıdır. Papanın bu qərəzli addımı şübhəsiz ki, anti-türk mahiyyət daşıyır və Türkiyənin Avropa Birliyinə üzv olmasını əngəlləmək və qardaş dövləti hələ bir neçə il də Birliyin qapısında gözlətmək, təzminat ödəməyə məcbur etmək xarakteri daşıyır. Onu da qeyd edək ki, papanın bu həqiqətdən uzaq çağırışının arxasında İtaliyada və Fransada formalaşmış erməni diasporunun rolu olmuşdur. Çünki, ermənilər vaxtı ilə Osmanlıdan Qərbi Avropaya köç etdikdən sonra qriqorian məzhəbindən imtina etmiş və katolikliyi qəbul etmişlər. Bu gün Fransada və İtaliyada yaşayan ermənilərin əhəmiyyətli hissəsi katolikdir. Bu faktorlar da nəzərə alınmalıdır. Papanın bu addımına cavab olaraq İslam Konfransı Təşkilatının təcili iclası çağırılmalı, Papanın bu qərarına qarşı əks bəyanat verilməli və bu hərəkət kəskin şəkildə pislənilməlidir. Papa və onun havadarları bilməlidirlər ki, onların bu addımı dinlərarası dialoqa böyük zərbə vurur və bu qərəzli yoldan çəkinməlidirlər. Bu məsələdə Türk dövlətləri də ortaq mövqe nümayiş etdirib Türkiyəyə dəstəklərini ifadə etməlidirlər".
Ekspert Vüqar Zifəroğlu da "Unikal"a maraqlı fikirlər söylədi: "Roma papasının açıqlamasında təəccüblü heç nə yoxdur. Vatikanın Ankaranın bütün gedişlərinə və papanın Erevana getməkdən imtina etməsinə rəğmən "soyqırım" ifadəsini işlədəcəyi gözlənilirdi. Vatikan hər zaman ermənilərdən ortodoks xristianlara və türklərə qarşı bir silah kimi istifadə edib. Xatırlayırsınızsa, papanın Türkiyəyə son səfəri zamanı da ermən məsələsi gündəmə gətirilmişdi. Və təbii ki, müəyyən güzəştlər və Qərbin öz siyasi maraqlarına cavab verəcək güzəştlər əldə etmək şərti ilə. Nəzərə alsaq ki, Vatikan rəsmən qondarma erməni soyqrımını tanıyıb, bu şərtlərdən birinin məhz ermənilərlə sərhəd məsələsi olduğunu artıq, papanın öz dili ilə verdiyi mesajlardan da anlamaq mümkün oldu. Əslində Papa bu məsələyə dair səsləndirdiyi fikirlərlə, Avropa Birliyinin bu problemə baxış bucağının nədən ibarət olduğunu ortaya qoymuş oldu. Bununla da məsələyə münasibətdə Qərbin cızdığı konturlar müəyyənləşdi. Ümumiyyətlə Vatikanın ermənilərdən istifadəsinin uzun və qaranlıq tarixi keçmişi var. Eyni zamanda siyasi anlamda da ermənilər hər zaman türklərə qarşı bir alət olaraq istifadə edilib və bu zaman qondarma soyqırım iddiası xüsusi olaraq təzyiq predmeti kimi hər zaman gündəmdə saxlanılıb.
Təbii ki, adekvat addımlar olaraq Azərbaycan və Türkiyə diasporasının Vatikana münasibətdə müxtəlif səpkidə etiraz bildirmələri müsbət effekt verə bilər. Ümumiyyətlə Türki Cümhuriyyətləri qondarma erməni soyqırımı ilə bağlı məsələlərə vahid mövqedən yanaşaraq münasibət bildirməlidirlər".