Müəllif hüquqlarının qorunması problemi

Bu gün müəlliflik hüququ və əqli mülkiyyət hüququ Azərbaycanda kifayət qədər aktuallaşan bir mövzuya çevrilib. Çünki bu hüquqlar haqqında Azərbaycan toplumu yalnız müstəqillik əldə etdikdən sonra məlumatlana bildi. Maraqlıdır, bəs bu gün ölkəmizdə müəlliflik hüququ ilə əqli mülkiyyət hüququnun durumu nə yerdədir?.Öncəliklə qeyd edək ki, bu hüquqlarla bağlı konstitusiyada xüsusi maddələr var və bunlar aşağıdakılardır.
Maddə 30. Əqli mülkiyyət hüququ
I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
Bununla yanaşı konstitusiyada göstərilən bu hüquqların icrası üçün "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanun mövcuddur. Bu qanunun məqsədi isə Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməkdir.Maraqlıdır, bəs bu qanun nələrə şamil edilə bilinər?.Bildirilir ki, bu qanunun müddəaları aşağıdakılara şamil edilir:
1) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar;
2) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respublikasında ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır;
3) Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin ikinci bəndinin müddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin dördüncü bəndinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar;
4) Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri;
5) Azərbaycan Respublikası ərazisində olan arxitektura əsərləri;
6) Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri.Ekspertlər hesab edir ki, ümumilikdə bu sahədə qanunvericilik bazası kifayət qədər qaydasındadır.Amma problem ondadır ki, bu sahədə maarifləndirmə işləri çox zəifdir.Nəticədə isə zaman-zaman anlaşılmamazlıqlar ortaya çıxır.Görünür bu səbəbdən yazarlarımızın da məsələyə yanaşmaları fərqlidir. Tanınmış şair Elçin Mirzəbəyli "Unikal"a açıqlamasında bu sahədə ciddi boşluqların olduğunu bildirdi və dəfələrlə özünün də müəlliflik hüquqlarının pozulduğunu bildirdi:"Bu sahədə durum qaneedici deyil.Bunun bir çox səbəbləri var.İlk növbədə bu sahədə qanunvericiliyin mükəmməl olmaması, daha doğrusu qanunvericiliyin tələblərini yerinə yetirmək üçün mexanizmlərin günümüzlə ayaqlaşmaması,bu sahədə maarifçiliyin ən aşağı səviyyədə olması, müəllif hüquqları və əqli mülkiyyət haqqında anlayışların cəmiyyətin təfəkküründə yer tutmamasıdır. Müəllif hüquqlarımın pozulması ilə bağlı fakt, yaxud faktlarla az qala hər gün qarşılaşıram".Media təmsilçisi Aqil Ələsgər də "Unikal"a açıqlamasında hesab edir ki, müəllif hüquqlarının qorunması sahəsində fəsadlar var: Təəssüf ki, Azərbaycanda bu sahədə ciddi bilgisizlik var. Açığı, bu barədə müvafiq qanunlar olsa da, işlənmə mexanizmi və proseduru ilə bağlı ciddi boşluq var. Eyni zamanda müəllif hüquqları və ya əqli hüququn qorunmasında insanların özü daha çox maraqlı olmalıdır. Lakin buna çox vaxt maraq göstərilmir". Yazıçı Dilqəm Əhməd isə məsələnin tamam başqa məqamına aydınlıq gətirib: Deməli, bizdə durum belədir ki, müəllif olaraq kitabın yazılmasından sonrakı mərhələ ilə,kitabın çapı üçün ucuz nəşriyyat axtarmaq, ucuz faizlə satan mağaza tapmaq, təqdimat keçirmək və s. kimi işlərlə məşğul olduğumuz üçün əqli mülkiyyət, müəllif hüququ kimi anlayışların arxasınca qaçmağa vaxt tapa bilmirik. Müşahidələrimə görə, az bir insan rəsmi şəkildə müəlliflik hüququnu rəsmiləşdirir.Hələ ki, hüquqlarım pozulmayıb, görünür pozulacaq, plagiat olunacaq qədər mühüm əsərlər yazmamışam".Maraqlıdır, bəs müəlliflik hüququnun obyektləri nələrdir?.Bununla bağlı qanunda açıq şəkildə göstərilir. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm acıqlanmış, həm də acıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydə alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.Və müəlliflik hüququnun obyektləri aşağıdakıla olaraq göstərilir:
ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, kompüter proqramları və s.);
dram, musiqili-dram və başqa səhnə əsərləri;
xoreoqrafiya əsərləri və pantomimalar;
mətnli və ya mətnsiz musiqi əsərləri;
audiovizual əsərlər (kino, tele- və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa
kino və teleəsərlər);
heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr,
komikslər və digər təsviri sənət əsərləri;
dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri;
arxitektura, şəhərsalma və bağ-park sənəti əsərləri;
fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;
coğrafiya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər,
illüstrasiyalar və plastik əsərlər;
törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);
toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazarları və materialın seçilməsinə və ya düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr);
Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin, müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur;
digər əsərlər.
Media eksperti Ülkər Abdullayeva isə "Unikal"a açıqlamasında məsələyə daha ətraflı yanaşma sərgilədi:"
- Müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunması problemi təkcə Azərbaycanda deyil, bütün dünyada mövcud olan problemdir.Bütün dünya əsrlərdir müəlliflik hüququnun təsbit edilməsi və bu hüquqların pozulmasının qarşısının alınması istiqamətində mübarizə aparsa da, hələlik ciddi nəticələrə nail olmayıb. Müasir dünyada hətta qlobal miqyasda əhəmiyyət daşıyan əqli mülkiyyət, yaradıcılıq və informativ xarakter daşıyan nümunələrlə bağlı hüquqları qorumaq bəzən çox çətin olur. Biz hər gün plagiat xəbərlərdən tutmuş plagiat intellektual mülkiyyət nümunələrinə, plagiat ideyalar əsasında çəkilmiş filmlərə, yazılmış ədəbi əsərlərə, musiqi nümunələrinə rast gəlirik. Bəzən İKT sahəsindəki hansısa qlobal müvəffəqiyyətin müəllifinin kim olduğuna dair mübahisələr düşür. Sizə çox da uzaq keçmiş olmayan "Facebook"un yaradılması ətrafındakı qalmaqalları misal göstərə bilərik. İndi informasiya axını o dərəcədə sürətlidir ki, bəzən nəyin plagiat, nəyin orijinal olduğunu belə müəyyənləşdirmək çətin olur. Bəzən də bir orijinal nümunəyə kiçik bir detal əlavə etməklə onu özününküləşdirmək meylləri duyulur. Bütün bunlar bəhs etdiyimiz mövzunun birdəfəlik həllinin olmadığını göstərir. Müəlliflik hüququ ümumilikdə ədəbiyyat, incənət və elmi əsərlərin müəlliflərinin hüquqlarını ifadə edən hüquq termini kimi işlədilsə də, obyektiv anlamda bu, əsərlərin yaradılması, istifadəsi və s. üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur.Və çox vaxt bunların qorunma aləti kimi çıxış edir. Subyektiv olaraq, əsərlərin yaradılmasına dair şəxsi və əmlak hüququdur. Əqli mülkiyyət isə intellektual fəaliyyət nəticəsində meydana gələn yaradıcılıq nümunələrinin qorunması məqsədilə onların müəlliflərinə və hüquqi sahiblərinə verilən hüquqdur.
Hazırda Azərbaycanda əqli mülkiyyətlə bağlı problemlərin hansı səviyyədə olduğu mənə məlum deyil. Ümumiyyətlə müstəqillik dövründə nə qədər intellektual mülkiyyət nümunələrinin yarandığı, onların nə qədərinin müəlliflər tərəfindən patentləşdirildiyi, sertifikatlaşdırıldığı və s. barədə konkret statistika da yoxdur. Əslində mənə də maraqldır ki, ölkədə elmin inkişafına, Milli Elmlər Akademiyası başda olmaqla ölkənin elm mərkəzlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin aqibəti necə olur.? O vəsaitlərin müqabilində elm aləmi hansısa kəşflər, ixtiralar, araşdırma materialları ortaya qoya bilirmi? Bu suala daha çox bu işlərlə məşğul olan Azərbaycan Müəllif Hüquqları Agentliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cavab verə bilər. Amma mən son illərdə Azərbaycanda dünya elminə öz töhfələrini verə biləcək əqli mülkiyyət nümunələrinin yaranması barədə informasiyalara rast gəlməmişəm.
Ümumilikdə isə həm müəlliflik hüququ, həm də əqli mülkiyyət hüququ "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməlidir. Bu qanunun işləmə mexanizmi varmı, hansı səviyyədə bu qanun işləyir, bunu da demək çox çətindir.
Mən KİV sahəsinə xüsusi diqqət yetirdiyimə görə deyə bilərəm ki, bu sahədə vəziyyət olduqca bərbaddır. Müəllif hüquqlarına hörmət, demək olar ki, qoyulmur. İnformasiyanın mənbəyi məlum olduğu halda istinad verilmir. KİV-lər çox asanlıqla başqa media qurumlarına məxsus məlumatları, məhsulları "copy-past" qaydasında istifadə edə və altından da öz imzalarını qoya bilirlər. Bu hal kütləvi olduğundan ona qarşı mübarizə aparmaq da çətin olur. Əslində müəllif hüquqları ilə məşğul olan agentliklər (beynəlxalq təcrübədə bu işlə ən çox özəl agentliklər məşğul olur) bu prosesə nəzarət edə, müəllif hüquqlarını pozan media qurumlarını qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəmə yolu ilə məsuliyyətə cəlb etdirə bilərlər. Qanunvericilik var, cəzalar sistemi var, məhkəmə var, qalır sadəcə bu işlə məşğul olmaq. Hələlik görünən odur ki, Azərbaycanda bu işlə kimsə ciddi məşğul olmaq istəmir..".