Sosial şəbəkələrdə, KİV-də insan hüquqlarını necə qoruyaq?

Ələsgər Məmmədli: "KİV-də, sosial şəbəkələrdə, eləcə də, digər internet resurslarda hər hansı şəxsin təhqir edilməsi insan hüquqlarının pozulması deməkdir"

İnformasiya texnologiyaları inkişaf etdikcə, sosial şəbəkələrdə, internet resurslarında, onlayn mediada, eləcə də telekanallarda insan hüquqlarının pozulması mövzusu aktuallaşır. Hətta sosial şəbəkələr vasitəsilə məlumatların yayılmasından şantaj üsulu kimi istifadə edənlər də az deyil. KİV-də insan haqlarının pozulması məsələsi dəfələrlə hüquqşunaslar, MTRŞ rəhbərliyi tərəfindən pislənsə də, hələ də belə hallar qalmaqdadır.
Telekanallarda efirə gedən verilişlərdə şəxsi həyatın toxunulmazlığı prinsipinə əməl edilmir, insanların şərəf və ləyaqətini alçaldan ifadələr işlədilir, zorakılığa məruz qalan qadının, onun yaxınlarının görüntüləri efirə verilir, onlayn mediada fotoları yerləşdirilir. Yaxın keçmişdə telekanalların birində ailə münaqişəsi zamanı evini tərk etmiş gəlinin başqa kişi ilə qaçması kimi tamaşaçılara təqdim olunması həmin qadının intihar etməsi ilə nəticələndi. Yaxud sosial şəbəkələrdə regionların birində zorlanmaya məruz qalan gənc qızın fotolarının yerləşdirilməsi, onlayn medianın həmin fotoları tirajlaması kəskin qınağa səbəb oldu. Reytinq xatirinə telekanallar, onlayn media gündəmə çevirdiyi bu məsələlərlə geniş tamaşaçı, oxucu auditoriyası qazansalar da, həmin şəxslərin hüquqlarının kobud şəkildə pozulması arxa planda qalır. Elə mütəxəssislər də, son vaxtlar, telekanallarda, onlayn mediada, sosial şəbəkələrdə tez-tez rast gəlinən bu mənfi tendensiyanın qarşısının alınmasının insan hüquqlarının qorunması baxımından vacib olduğunu deyirlər.
Hüquqşunas Ələsgər Məmmədli deyir ki, əslində platforma dəyişsə də, peşəkarlıq dəyişməməlidir: "Məkandan asılı olmayaraq informasiya qorunmalıdırsa, qorunmalıdır. Onun tirajlanması bir insanın özəl həyatına müdaxilədirsə, dövlətin təhlükəsizliyi baxımdan vacibdirsə o informasiyanın yayılması yolverilməzdir. Eləcə də, sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə həmin məlumatın yayılması hüququ məsuliyyət yaradır".
Ə. Məmmmədlinin sözlərinə görə, Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir: "156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məlumatların KİV-də yayılması məsuliyyət yaradır".
Ə. Məmmədlinin sözlərinə görə, bəzən KİV reytinq xatirinə insnaların telefon danışıqlarını, yazışmalarını da yayır. Ekspert həmin şəxsin razılığı olmadan bu məlumatların da yayılmasının hüquqi məsuliyyət yaratdığını deyir: Bu barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin155-ci maddəsində göstərilir ki, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır".
Ə. Məmmədli son vaxtlar KİV-də sosial şəbəkələrdə, telekanallarda böhtan xarakterli yazılara, məlumatlara da rast gəlindiyini söyləyir: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtanla bağlı iki bənd nəzərdə tutulub. 147-ci maddənin 1-ci bəndində göstərilib ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147-ci maddənin 2-ci bəndində isə qeyd olunub ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Son dəyişiklikdə bu maddəyə internet də əlavə olunub".
Hüquqşunasın sözlərinə görə, KİV-də, sosial şəbəkələrdə, eləcə də, digər internet resurslarda hər hansı şəxsin təhqir edilməsi yolverilməzdir: "Bu da təhqir edən şəxs üçün hüquqi məsuliyyət yaradır. 148-ci maddədə göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Ə. Məmmədli deyir ki, son vaxtlar telekanallarda bəzi verilişlərdə bu cür hallara müxtəlif şəxslərin təhqir edilməsi, böhtan atılması kimi hallara yol verilir: "Düzdür bəzi məlumatlar var ki, KİV o məlumatları jurnalistikanın tələblərinə görə yaya tirajlaya bilər. Amma elə məlumatlar, xəbərlər, görüntülər var ki, televiziyada, sosial şəbəkədə, onlayn mediada onun identifikasiya edilib yayılması da yol verilməzdir. Tutaq ki, hansısa rayonun kəndində gənc qız zorlanır. Bir də görürsən onlayn media həmin qızın adını şərti yazsa da, hadisənin baş verdiyi ünvanı dəqiq göstərir. Beləcə tutaq ki, Tovuzun hansı kəndində zorlanma hadisəsinin olduğunu hər kəs bilir. O kənddə də hamı biri-birini tanıdığından kimin zorlandığı açıq-aşkar məlum olur. Yaxud telekanallarda zorlanan qızı yox, onun atasını, anasını göstərirlər. Beləcə hər kəs zorlanan qızın kimliyini bilmiş olur. Belə identifikasiya etməklə şəxsi həyatın sirlərini açıqlayan məlumatların tirajlanması KİV-də həmin şəxslərin hüquqlarının pozulması ilə nəticələnir".
Ə. Məmmədli çox təəssüf ki, bəzən bu cür məlumatların azyaşlılarla, yetkinlik yaşına şatmayan şəxslərlə bağlı da yayıldığını, görüntüləndiyini deyir.
Uşaq Hüquqları Klinikası idarə heyətinin sədri Nazir Quliyev də uşaqlardan istifadə edib reytinq qazanmağı doğru saymır: "Hətta həmin verilişlərdə iştirak edərkən də demişəm. Televiziyanın rolundan biri də uşaq hüquqlarının müdafiəsidir. Ancaq bu sahədə, hansısa uşaqların problemlərindən istifadə edib, verilişin reytinqini artırmaq, cəmiyyətə informasiya sırımaq nə beynəlxalq uşaq hüquqları ilə, nə də KİV haqqında qanunlarla bir araya sığımır. Sosial yönümlü verilişlərdə uşaqların qabardılmasının yanlış olduğunu düşünürəm".
Nazir Quliyev belə məsələlərdə Milli Televiziya və Radio Şurasını diqqətli olmağa çağırır: "Teleradio Şurasının mühüm vəzifələrindən biri də bu cür məsələlərə nəzarət edib, müəyyən qərarlar qəbul etməkdir. Çünki bu uşaqların psixologiyasına böyük təsir edir. Ailə dəyərlərinin pozulmasına, cəmiyyətə çox pis formada təqdim edilməsinə gətirib çıxarır".
Milli Televiziya və Radio Şurasının ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə deyib ki, yayımçı bir şəxsin problemini işıqlandırarkən digər şəxsin hüquqlarını pozmamalıdır: "Məlum olduğu kimi, təqsirsizlik prezumpsiyası deyilən anlayış var. Məhkəmə qərarı olmadan kiməsə cinayətkar demək olmaz. Eyni zamanda, qarşı tərəfi dinləmədən, onun mövqeyini bilmədən nəinki təhqir etmək, onu tənqid belə etmək doğru deyil. Amma çox təəssüf ki, telekanallarda bəzən hətta aparıcılar qanunun tələbini pozur, bir şəxsin hüququnun qorunmasını müzakirə edərkən digərinin hüququnu pozurlar. Yayımçıların fəaliyyətlərində əsas tutmalı olduqları "Televiziya və radio yayımı haqqında" Qanunun 32.0.3-cü maddəsində qeyd olunur ki, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır. Bu qanunun 32.0.2-ci maddəsinə görə, hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə etmək hüququ vardır. Qanunun 32.0.4-cü maddəsində isə göstərilir ki, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir. Bu hal, digər tərəfdən, qeyri-peşəkarlıqla bağlı məsələni bir daha gündəmə gətirir. Çünki aparıcı televiziya və radio yayımı haqqında qanunvericiliyi yaxşı bilməlidir. Əslində belə hallara yayımçı diqqətlə yanaşmalıdır. Çünki veriliş aparıcılarının yol verdiyi nöqsan yayımçıya qarşı yönələ bilir".