Nəsib Məhəməliyev daha bir yaşıllığı satdı

Nəsib Məhəməliyev daha bir yaşıllığı satdı

İcra başçısı Nəsimi rayonunda ağaclıq ərazini bina tikintisinə qurban verdi

Nəsib Məhəməliyevin icra başçısı olduğu Nəsimi rayonundan şikayətlər səngimir. Bu dəfə də sakinlərin narazılığına səbəb olan rayon ərazisində ağacların qırılmasıdır.

"Yaşıllıqlarla əhatə olunan ərazidə indiyədək bina, obyekt inşa etmək istəyənlər çox olub. Ancaq etirazımız nəticəsində gerçəkləşməyib. Etirazımızın da ciddi səbəbi var. Bu sahə bizim, eləcə də qonşu binalarda yaşayan uşaqların, qocaların arabir nəfəs ala, dincələ bildiyi yeganə yerdir. Bu gün isə etirazımıza məhəl qoymadan həmin ərazidə çoxmərtəbəli bina inşa edirlər. Ağaclar kəsilir, yaşıllıqlar məhv edilir, uşaqların oyun meydançası əldən çıxır, bina sakinlərinin istirahət yerləri dağıdılır" - deyə Nəsimi rayonu, 4-cü mikrayon, Mir Cəlal küçəsi, 68-saylı ünvanda yaşayan Vidadi İsmayılov "Azadlıq" radiosunun "qaynar xətt"inə şikayətində bildirib.
Onun sözlərinə görə, həyətin ərazisində yeni hündürmərtəbəli, təyinatı sakinlərə bəlli olmayan bina tikilir. Tikinti-texniki təhlükəsizlik qaydalarına məhəl qoymamaları bir tərəfə, ətrafdakı istirahət yerləri də zəbt olunur.
Həyətə qaldırıcı kranlar, ağacdoğrayan aparatlar gətirildi
Vidadi İsmayılov deyib ki, ötən ilin iyun ayında həyətdə çoxmərtəbəli bina tikintisinə başlanıb: "Dedik, həyətin ərazisi elə bu binalara görədir. Burada əlavə bina tikməyə yer yoxdur. Məhəl qoymadı. Bir gecədə əraziyə çoxlu sayda ağırtonnajlı yük maşınları, qaldırıcı kranlar, ağacdoğrayan aparatlar gətirdi. Azı 30 ağacı kəsib-dograyıb getdilər. Tikdiyi binanın ərazisindəki yaşıl agacları kəsdi. İndi yeni tikili yaşadığımız binanın, orta məktəbin, uşaq bağcasının və mənə məxsus olan "777" adlı kafenin ərazisini zəbt edib. Bu tikintiyə heç bir aidiyyəti qurum nəzarət etmir".
Bina sakini Vidadi İsmayılov deyir, vaxtilə o da kafesinin ərazisini genişləndirmək fikrində olub, amma buna görə ağacların qırılmasına zərurət olduğunu görüb fikrindən daşınıb: "Biz kafemizin ərazisini genişləndirmədik ki, buna görə bir neçə ağac kəsilməlidir. Qanunlara hörmətlə yanaşdıq, ancaq qanun hamı üçün qanun olmalıdır".
Ətrafdakı binalarda yaşayan sakinlərin etirazına baxmayaraq, yeni tikilinin başa çatması üçün işlər davam etməkdədir. Sakinlər iş icraçısından binanın tikintisinə dair sənəd tələb etsələr də, onlara heç bir sənəd göstərilmir. Vidadi İsmayılov: "Eləcə deyirlər ki, tikinti yuxarılara məxsusdur. Pulunu veriblər, tikirik. Blokun qapısından çıxa bilmirik. Toz-tozanaq, daş-kəsək… Binanın hündürlüyünü qaldıra-qaldıra gedirlər.
Yapışdırıblar düz binamıza. Belə getsə, pəncərələrimizi kərpiclə hörməli olacağıq. Çünki tikiləcək binanın yuxarı mərtəbəsindən birbaşa evlərimizin içərisi görünəcək. Həyətə maşınların giriş-çıxışı məhdudlaşıb, maşın saxlamağa ümumiyyətlə, yer qalmayıb. Bu boyda bina tikirlər, ancaq sabah bir yanğın baş versə, ağır texnika həyətə haradan girəcək, düşünən yoxdur".
Sakinlərin sözlərinə görə, buradakı binalar onsuz da zəlzələdən qəzalı vəziyyətə düşüb, divarlarında çat var. Binaların arasında dərin özül qazılır, kiçik bir təkan olsa, binalar çökəcək.
4-cü mikrarayon, Mir Cəlal küçəsi, 66 saylı ünvandakı yarımçıq tikilinin qarşısındakı lövhədən görünür ki, burada 9 mərtəbəli yaşayış binası tikilir. Sifarişçi isə "Tərlan T" MMC-dir.
Binanın tikintisində çalışan fəhlələr bildiriblər ki, tikinti sahibinin kimliyini bimirlər və burada qara fəhlə kimi günəmuzd çalışırlar.
Nəsimi rayon İcra Hakimiyyətindənsə tikilinin sahibinin adı açıqlanmasa da, tikinti işlərinin qanuni aparıldığını deyiblər.
Xatırladaq ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev son illərin ən çox narazılıq yaratdan icra başçılarının siyahısına liderlik edir desək, yanılmarıq. Çünki qanunsuz torpaq satışı, dövlət məmuru ola-ola biznes fəaliyyəti ilə məşğul olmaq, vətəndaşların hüquqlarını addımbaşı pozmaq, yaşıl soyqırımı genişləndirmək kimi saysız hesabsız əməllərə sahib olan N.Məhəməliyevlə bağlı narazılıq pik həddə çatıb.
İş o yerə çatıb ki, artıq onunla bağlı yuxarılar da ciddi narazıdırlar. Belə demək mümkündürsə, N. Məhəməliyev gözdən düşmüş icra başçılarından biridir. Onunla bağlı yeni narazılıqlar və şikayətlər isə icra başçısının "vurulması" istiqamətində iddiaların reallaşmasını daha da sürətləndirə bilər.
Orxan Həsənli