"Qoy

"Qoy səfir bunun yalan olduğunu sübut etsin"

Ötən gün KİV-də Azərbaycanda keçiriləcək I Avropa Oyunlara qarşı Amerika dövlət katibi Con Kerrinin də iştirak etdiyi antiazərbaycan kampaniyası ilə bağlı araşdırma yayımlanıb.

Araşdırmada qeyd olunur ki, l Avropa Oyunlarını "boykot" çağırışları edilir, möhtəşəm idman yarışlarının "əhəmiyyətsizliyi", Avropanın diqqətindən "kənarda qaldığı" rəyinin formalaşdırılmasına cəhdlər olunur. Belə demək mümkündürsə, l Avropa Oyunlarını siyasiləşdirmək, onun ətrafında birtərəfli informasiya vakuumu yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək və son nəticədə artıq bəzi dövlətlərə qarşı istifadə olunmuş və effekt vermiş təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planı həyata keçirilir.
Sözügedən yazı ilə bağlı bir neçə millət vəkili açıqlama verib. Millət vəkili Zahid Oruc bildirib ki, dünən KİV-də yayımlanan material kifayət qədər düşündürücü, narahatlıq doğurandır və təsdiqlənərsə, Amerika-Azərbaycan münasibətlərinin bundan sonrakı dövrünə təsir göstərə bilər:
"Biz Barak Obama dönəminin regional siyasət üçün uğursuz olduğunu görmüşdük. Amerika əleyhinə xeyli mövqelər ortaya çıxmışdı. Son dövrlər isə Azərbaycan əleyhinə həyata keçirilən aksiyaların həm Avropada, həm də Amerikada bu cür ardıcıl hal alması sübut edirdi ki, müəyyən dairələr bu işi təşkil edir, yönləndirir və maliyyələşdirir. Hesab edirəm ki, təkcə media üzərindən siyasətçilər, parlamentarilər deyil, həm də Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə müvafiq sorğu ilə müraciət etməlidir. Bu, nota ilə cavablandırılacaq bir hadisə deyildir. Zənn edirəm ki, Con Kerrinin timsalında Amerika administrasiyasının çevrəsində qərarlaşmış qurumların bilavasitə soyuq müharibə dövrünün qaydaları ilə istər siyasi məhbus, istərsə də ölkədə həyata keçirilən quruculuq işlərinin kontekstini dəyişərək qərb mediasına fərqli istiqamətdə çıxarmağın, veb-saytlar yaratmağın, antiazərbaycan kampaniyasını sistemli şəkildə təşkil etməyin izahatı olmalıdır. Yeni təyin olunmuş və ölkəmizlə xeyli isti münasibətlərə cəhd edən Sekuta bununla bağlı mediadakı sualları cavablandırmalıdır. Bu onsuz da Azərbaycan-Amerika diplomatları arasında onsuz da pozulmuş rabitənin bərpası üçün çox önəmli olardı".
Onun sözlərinə görə, siyasi elitalar arasındakı kommunikasiya əvvəlki illərlə müqayisədə xeyli azalıb: "Münasibətlərin soyuması birtərəfli qaydada məhz Vaşinqtonun qərarı ilə baş verib. Burada Kerrinin də yer aldığı beyin mərkəzlərindən söhbət gedirsə, demək ki, demokratlar hakimiyyətinin sonuna kimi proses belə də davam edəcək. Əsas məram Azərbaycanı cəzalandırımaqdırsa, bunun səbəbləri də soruşulmalıdır. Bizim siyasilər olaraq şərhlərimiz daxili auditoriyaya yönəlir, amma əsas məsələ Azərbaycan XİN tərəfindən Amerika səfirinə müraciət edilməsidir. Qoy səfir bunun yalan olduğunu sübut etsin".
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, xarici dairələrin Azərbaycana qarşı olan hücumları dayanmaq bilmir: "Bunlardan biri də ötən gün mediada Azərbaycanla bağlı geniş məlumatın yayımlanmasıdır. Həmin plan Azərbaycanı daxildən parçalamaq, vətəndaş qarşıdurması yaratmaq, ölkəni həm daxildə, həm də xaricdə ciddi problemlərlə üzləşdirmək cəhdidir. Azərbaycanın bu gün müstəqil daxili və xarici siyasət yeritməsi onların maraqlarına cavab vermir. Azərbaycanın özünün ordu quruculuğunu möhkəmləndirməsi də həmin dairələrin, antiazərbaycan təbliğatının tərkib hissəsi olan erməni diaspor təşkilatlarının da marağına cavab verir. Onlar qarşılarında çətin bir işin durduğunu kifayət qədər yaxşı dərk edirlər. Onların istədiklərinin həyata keçməsi üşün Azərbaycanda ciddi sosial problemlər yoxdur və onları dəstəkləyəcək sosial baza da yoxdur. Buna görə də onların planlarının əsas hissəsi çirkin oyunları dəstəkləyən qruplar yaratmaqdır. Eyni zamanda dərk edirlər ki, həmin planları Azərbaycanda həyata keçirmək mümkün olmayacaq. Planlar 2017-ci ilin yanvarında yeni prezidentin fəaliyyətinə qədər davam edəcək. Çünki yeni prezidentin hansı siyasət yeridəcəyi məlum deyil. Azərbaycan xalqı dövlət başçısının siyasi kursunu dəstəkləyir və xaricin Azərbaycanı müstəqillikdən məhrum etmək, onu özünün forpostuna çevirmək, Liviyada və Yəməndə olan cəhdlərini burada həyata keçirməyi heç bir halda dəstəkləməyəcək".
DİP sədri, millət vəkili Asim Mollazadənin sözlərinə görə, uzun illərdir erməni lobbisi ilə bağlı olan şəxslər bu prosesdə fəal iştirak edir və bu kampaniyanı təşkil edirlər: "907-ci düzəlişin mahiyyətindən biri də odur ki, Con Kerri də bu proseslərdə hansısa formada iştirak edə bilər: "Burada əsas səbəb də ermənilərin Azərbaycanın güclənməyindən çox ciddi narahat olmaları, qərblə münasibətlərini pozmaq üçün işlər görməyidir. Biz Avropada və Amerikada bununla rastlaşmışıq. Bu əslində Amerikanın özünə qarşı yönəlmiş addımdır. Çünki Azərbaycan-Amerika münasibətləri çox yüksək səviyyədədir. Biz həm təhlükəsizlik, həm də enerji sahəsinə bir sıra işlər görürük. Azərbaycana qarşı belə zərbələr Amerikanın milli təhlükəsizlik maraqlarına zidd olan prosesdir".
Fuad