Nazirlikdən Ağstafanın icra başçısına ağır zərbə

Nazirlikdən Ağstafanın icra başçısına ağır zərbə

Yerli rəhbərlik dövlət müəssisələrinin ərazisini 5 nəfərə icarə veribmiş

Kənd Təsərrüfatı Nazirliyinin hesabatına əsasən, ayrı-ayrı şəxslər dövlət müəssisələrinə bitkiçilik və heyvandarlıq üçün daimi istifadəyə verilən torpaqlardan qanunsuz olaraq istifadə edir.

Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müəssisələrə daimi istifadə üçün təhkim olunan dövlət mülkiyyətindəki torpaqların 2606,73 hektarı zəbt olunub, 18438,41 ha isə qanunsuz icarəyə verilib. Ağstafa rayonu ərazisində fəaliyyət göstərən Ağstafa "Dilbaz" Atçılıq DKTİM MMC-yə məxsus 947 ha torpaq sahəsinin 15 ha 2000-ci ildə zəbt olunub, 932 ha isə 2011-ci ildə RİH tərəfindən qanunsuz olaraq 5 nəfərin icarəsinə verilib. Bu rayondakı digər təsərrüfatdan da heç nə qalmayıb: Ağstafa rayon atçılıq zavoduna məxsus 600 hektar torpaq sahəsinin 570 hektarı "Ağstafa süd" kompleksinə verilib, 30 ha isə zəbt olunub. Ağstafa rayon İcra Hakimiyyətinin (RİH) sərəncamı ilə M.Mikayılov adına DKTİM MMC-yə məxsus 3465 ha torpağın 260 hektarı icarəyə verilib. Hesabatda deyilir ki, dövlət kənd təsərrüfatı müəssisələrinin torpaqlarından qanunsuz istifadəyə Dövlət Sərhəd Xidməti də qoşulub. Onun sərəncamı ilə Beyləqan rayonunun ərazisindəki "Dostluq" dövlət damazlıq təsərrüfatının 201 ha torpağında aerodrom tikilir. Bu qanunsuzluqların qarşısının alınması üçün Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinə və məhkəmə orqanlarına müraciət edib.
Xatırladaq ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir. 47 yaşlı Quliyev, 2003-cü ildən Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləmişdir.
Məhərrəm Quliyev ölkə başçısının 1 iyul 2011-ci il tarixli sərəncamı ilə Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Maraqlıdır ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatında barəsində bəhs edilən 932 ha. ərazinin yerli icra hakimiyyəti tərəfindən tərəfindən qanunsuz olaraq 5 nəfərin icarəsinə verilməsi faktı da məhz 2011-ci ilə təsadüf edir.
Nazirliyin məlumatında daha bir maraqlı məqam odur ki, bu qurum baş verənlərlə bağlı Nazirlər Kabinetinə və məhkəmə orqanlarına müraciət edib. İndi həm hökumətin, həm də məhkəmə orqanlarının Ağstafa RİH-in qanunsuz davranışı ilə bağlı hansı ölçü götürəcəyi maraq doğurur.
Qeyd edək ki, son vaxtlar Ağstafa sakinlərinin rayondakı məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq halları, eləcə də digər nöqsanlar barədə mətbuata şikayətləri artıb. Xatırladaq ki, Ağstafada ciddi idarəçilik böhranının yaşandığını təxminən iki ay öncə Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan" qəzetindəki məqaləsi də təsdiqləyir. Həmin məqalədə göstərilirdi ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin ümumi sayı azalıb, lakin bəzi şəhər və rayonlar üzrə bu göstərici digərlərinə nisbətən yüksək olub. Buna misal olaraq şöbə müdiri Bakı şəhərinin rayonları ilə bərabər Ağstafa rayonunu da nümunə göstərib.
Məqalədə daha bir ilginc məqam diqqəti çəkib: belə ki, respublikanın elə şəhər və rayonları var ki, onların kənd və qəsəbələrinin bir neçəsindən, elələri də var, demək olar, hamısından vətəndaşlar Prezident Administrasiyasına və digər mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər göndəriblər. Yaşayış məntəqələrinin əksəriyyətindən müraciət daxil olan rayonlar sırasında da Lənkəran, Yevlax, Ağcabədi, Beyləqan, Bərdə, Göyçay, Göygöl, Lerik, Saatlı, Salyan, Şəmkir, Tərtər kimi şəhər və rayonlarla bərabər Ağstafanın da adı yer alıb.
Açıq görünür ki, Ağstafada yerli idarəçilik ciddi böhran yaşayır. Bu isə Məhərrəm Quliyevin adının yaxın vaxtlarda "vurulma" ehtimalı yüksək olan rayon rəhbərləri sırasında göstərməyə imkan verir.
Orxan Həsənli