Hərbi

Hərbi blokun yaranması ərəfəsində

Azərbaycan regionda hərbi manevr imkanlarını genişləndirir

Son zamanlar regionda silahlanma və hərbi bloklaşma açıq müstəvidə inkişaf etməkdədir. Belə ki, Rusiya Ermənistana hərbi yardımlarını daha çox artırıb, müasir texnika ilə təminatına əl qoyub, digər tərəfdən isə Rusiya-Ermənistan birgə hərbi təlimlər həyata keçirirlər. Bu günlərdə isə mətbuata açıqlama verən Dağlıq Qarabağın "qondarma" lideri Baho Ohakyan açıqlama verərək dedi ki, Rusiyanın köməkliyi ilə hərbi güclərini qaydaya sala bilirlər. Hərbi blok məsələsinə gəldikdə isə Ermənistan artıq 20 ildən çoxdur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu faktordan da regionda istifadə etməyə çalışır.

Belə ki, zaman-zaman istər Rusiya, istərsə də Ermənistan bəyan edib ki, regionda münaqişə olarsa, Dağlıq Qarabağ problemi münaqişə xəttini keçərsə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı müdafiə edəcək. Digər tərəfdən Ermənistan ümid edir ki, Avrasiya İttifaqı güclənərsə, regiona təsir imkanları artarsa bu təşkilatın hərbi blokunun da yaranmasına nail olmaq mümkünləşər və bununla Azərbaycan ordusu qarşısındakı zəifliyini ört-basdır edə bilər. Amma məsələnin əsas maraqlı tərəfi bölgədə hərbi bloklaşmanın yaranmasıdır. Bu gün Rusiya Ermənistan vasitəsi ilə regionda hərbi gücə sahibdir və bu gücü artırmaq üçün başqa yollarda aranır. İndilikdə isə Rusiyanın Ermənistanda və Cənubi Osetiyada hərbi bazaları mövcuddur. Bu isə o deməkdir ki, faktiki olaraq regionda Rusiya hərbi blok yarada bilib. Bu blokun üzvləri separatçı kəsimlər olsada. Digər tərəfdən isə bildirdik ki, ortada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı var və bu təşkilat da regionda aparıcı hərbi blok sayıla bilər. Çünki 20 il ərzində bu təşkilatın xətti ilə Ermənbistanda onlarla hərbi təlimlər həyata keçirilib. Regionun digər dövləti Gürcüstan isə son on il ərzində bütün gücünü səfərbər edərək NATO-ya üzv olmağa çalışdı. Amma bir tərəfdən Rusiyanın təzyiqlərinə görə, digər tərəfdən isə Avropanın özündə Gürcüstana birmənalı yanaşmanın olmadığına görə Gürcüstan istədiyinə nail ola bilmədi. Amma bunun qarşılığında sadəcə olaraq Gürcüstana NATO , Türkiyə vasitəsi ilə hərbi yardımlar etdi və bu ölkənin ordusu NATO standartlarına uyğun olaraq formalaşdırılmağa başladı. Azərbaycana gəldikdə isə Ermənistan və Gürcüstandan fərqli olaraq öz ordusunu formalaşdırmağa başladı və bu gün ordumuz hər iki ölkənin ordusundan qat-qat güclüdür. Bununla yanaşı Azərbaycan tərəfi bəyan etdi ki, bitərəfliliyini qoruyacaq və buna görə nə NATO-ya , nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv olmağı məqbul saymadı. Bunun əvəzində isə Azərbaycan Türkiyə və Gürcüstanla hərbi əməkdaşlığı dərinləşdirməyə başladı. Öncəliklə Türkiyə ilə hərbi təlimlərə üstünlük verildi, bunun davamı olaraq Gürcüstan da prosesə daxil edildi.3 ay öncə isə rəsmi olaraq Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyünün hərbi təlimlərinə start verildi və bu ekspertlər tərəfindən yüksək dəyərləndirildi. Çünki bu təlim özlüyündə həm də regionda yeni blokun yaranması demək idi. Bu günlərdə isə yeni blokun formalaşması üçün növbəti addım atıldı. Belə ki, Türkiyə paytaxtında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ankara şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.Görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcək. Qeyd edək ki, üç ölkənin hərbi rəhbərliyi bundan öncə də dəfələrlə belə görüşlər keçirmişdi və görüşlərdə əsas məqsəd hazırda formalaşmaqda olan hərbi blokun vəzifələrinin aydınlaşmasına həsr olunub. Ümumilikdə götürəndə isə demək olar ki, formalaşmaqda olan və Gürcüstanın, Azərbaycanın, Türkiyənin, gələcəkdə isə Qırğızıstanın da daxil olacağı bu blok strateji obyektlərin,
enerji xətlərinin müdafiəsi missiyasını üzərinə götürəcək. Amma bu bir başlanığıcdır.Ekspertlər hesab edir ki, yaxın illərdə nəzərdə tutulan blokun fəaliyyət sferası daha da böyüyəcək.
Mehdi Əli