İnsan hüquq və azadlıqlarından bəhanə olaraq istifadə etmək effekt vermədi

Ülkər Abdullayeva :"Ən başdan deyilmişdi ki, bu beynəlxalq nüfuzu proqnozlaşdırılan idman yarışmasının ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılmasına xidmət edir"

Artıq bir müddətdir ki, istər Avropada, istərsə də ABŞ-da olan müəyyən qüvvələr Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını bəhanə gətirərək təzyiqləri artırmağa çalışır, hətta buna görə bir neçə təşkilat da yaradıldı. Amma aydın oldu ki, bir sıra beynəlxalq təşkilatlar bu kampaniyaya qatılsalar da, aparıcı ölkələr, siyasi təşkilatlar buna ciddi yanaşmadılar və Azərbaycanda insan hüuq və azadlıqlarının durumundan razılıqlarını bildirdilər.
Beləliklə maraqlı bir məqam ortaya çıxdı. Aydın oldu ki, artıq Azərbaycan dünənki Azərbaycan deyil və ölkədə həyata keçirilən islahatlara, insan hüquq və azadlıqlarının qorunmasına görə Avropada ciddi dayaqları var və dünya siyasətində Azərbaycan özünə yer edib. Bununla bağlı prezident İlham Əliyev də çıxış edərək Azərbaycanın tutduğu mövqe, dünya siyasətindəki yerini göstərmişdi:" Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bu isə bizim nüfuzumuzu qaldırır, önəmimizi artırır. İki il ərzində həm Avropa, həm İslam Oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq. O da aydındır ki, bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir. Azərbaycan xalqının mütləq əksəriyyəti bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Biz xarici və daxili siyasətlə bağlı bu dəstəyi tam görürük. Ancaq bizim uğurumuzu istəməyən, inkişafımıza paxıllıqla yanaşan dairələr də var. Biz bu barədə həm o dairələrin nümayəndələri ilə açıq danışırıq, həm də öz xalqımıza bu barədə məlumat veririk.Çünki Azərbaycan xalqı bilməlidir ki, nələr baş verir. Ölkə daxilində Azərbaycanın xarici siyasəti ilə bağlı biz heç nəyi gizlətmirik. Azərbaycan xalqı hər şeyi bilməlidir. Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur.Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər.Ona görə, bu kampaniyalar əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli hadisələr ərəfəsində özünü daha da qabarıq şəkildə büruzə verir. Üç il bundan əvvəl "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır".
Prezident vurğulayıb ki, Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır: "Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır. Ona görə, bu yüksək kürsüdən mənim üçün çox əziz bir gündə bir daha demək istəyirəm ki, bütün bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq. Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər.
Biz ölkəmizi Azərbaycan xalqının iradəsi ilə idarə edirik. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bundan sonra da biz öz prinsipial mövqeyimizdən kənara çıxmayacağıq. Biz ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bundan sonra da səmərəli işləyəcəyik, Ulu Öndərin siyasi xəttinə sadiq qalacağıq. Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizdən əvvəlki nəsillər müstəqillik həsrəti ilə yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər. Bu xoşbəxtlik bizə nəsib oldu. Eyni zamanda, bu gün müstəqil dövləti inkişaf etdirmək, irəliyə aparmaq da bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir, böyük məsuliyyətdir".Ekspertlər hesab edir ki, bir sıra qüvvələr Azərbaycana qarşı kampaniya aparmaq istəsələr də sona qədər buna nail ola bilmədilər. Baş verən proseslərlə bağlı, Azərbaycana qarşı başlanan kampaniya haqqında "Unikal"a danışan "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri, Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvü Ülkər Abdullayeva maraqlı fikirlər səsləndirdi:"I Avropa oyunları barədə ölkədə və dünyada birmənalı fikir yoxdur. Yerli müxalifət əsas diqqəti xərclənən vəsaitlərə yönəldir. İddia edilir ki, ümumilikdə bu kampaniyadan Azərbaycanın əldə edəcəyi xərclədiklərinin müqabilində az olacaq. Amma nəzərə almaq lazımdır ki, siyasi hakimiyyət də I Avropa oyunlarının Azərbaycanda keçirilməsindən hər hansı iqtisadi səmərə gözlədiyini qeyd etməmişdi. Ən başdan deyilmişdi ki, bu beynəlxalq nüfuzu proqnozlaşdırılan idman yarışmasının ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılmasına xidmət edir. Beynəlxalq aləmdə ölkəmizin mədəni, inkişaf etmiş, rahatlıqla beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi edə biləcək, yüksək səviyyəli təşkilati qabiliyyətləri olan, sabit, başqa mədəniyyətdən olan insanlara qarşı tolerant, qonaqpərvər ölkə kimi təqdimatına ehtiyac var. Çünki Azərbaycanın beynəlxalq aləmdə imici bizim düşündüyümüz qədər də müsbət deyil. Bu bir sıra daxili və xarici amillərlə bağlıdır. Ən əsası da ölkəmizə qarşı olan xarici qüvvələrin yaratdığı mənfi bir Azərbaycan obrazı var: vəhşi, yarıdemokratik, ermənilərə qarşı etnik diskriminasiya siyasəti yeritmiş, adamların siyasi baxışlarına, fikir və düşüncələrinə görə həbsə atıldığı, jurnalistlərin öldürüldüyü, vicdan məhbuslarının olduğu barbar bir ölkə. Belə təqdimatda da əsas məqsəd məhz Azərbaycanın vətəndaşları üçün yaşanması mümkün olmayan bir ölkə olduğunu diqqətə çatdırmaq, ermənilərin belə bir ölkədə yaşamasının mümkünsüzlüyünü beyinlərə yeritməkdir.Təbii olaraq, bu prosesdə ölkə daxilindəki bəzi müxalif qrupların da rolu az deyil. Elə məsələlər var ki, orada anlayışlı davranmaq, hakimiyyətlə dövlətin, xalqın maraqlarının sərhəddini gözləmək lazımdır. Hakimiyyətə qarşı olan kini, nifrəti bu şəkildə biruzə vermək istəyirlərsə, bunu ölkə daxilində etmələri daha məqbul variantdır, nəinki ölkə xaricində. Uzun illərin təcrübəsi göstərdi ki, amerikalıların, avropalıların yanında ağlayıb-sızlamaqla heç nə əldə edə bilmədik. Onlara heç də bizim düşündüyümüz kimi demokratik, inkişaf etmiş, sivil Azərbaycan lazım deyil. Onlara sadəcə Azərbaycanın sərvətlərini özləri üçün əlverişli şərtlərlə əldə etmək lazımdır. Eyni zamanda onlar göstərdilər ki, Azərbaycana təzyiq etməklə seçkilərdə erməni lobbilərindən dəstək, pul ala bilirlər. Azərbaycana qarşı qara təbliğat ABŞ və Avropadakı ayrı-ayrı qrupların maraqlarına xidmət edir. Və onlar hardasa arxayındırlar ki, onsuz da Azərbaycan Avroatlantik inteqrasiya yolu tutduğunu bəyan edib və bu məsələdə ölkə əhalisi içində həmrəylik mövcuddur. Odur ki, azərbaycanlılar bu inteqrasiya yolundan sapmayacaqlar.
I Avropa oyunları əslində bizə daha çox əks-təbliğatın nəticələrini alt-üst etmək üçün lazımdır. Həm də öz musiqimizi, mədəniyyətimizi, tarixi incilərimizi, milli mətbəximizi, turistik yerlərimizi də müxtəlif vasitələrlə qonaqlara təlqin etməliyik ki, onlar bizimlə dost kimi ayrılsınlar və bir daha ölkəmizə turist kimi gəlmək istəsinlər,getdikləri yerlərdə bizim barəmizdə müsbət fikirlər desinlər. Bundan başqa, əlbəttə bu böyük idman yarışı belə tədbirləri keçirmək sahəsində ölkəmizin təcrübəsini də artırmış olur.Tikilmiş idman kompleksləri, onunla əlaqədar formalaşdırılmış infrastruktur bu ölkədə qalacaq, idmanın və mədəniyyətin inkişafına öz töhfələrini verəcək. Artıq xərclənən pullara oturub ağlamağın, kimisə söyməyin, tənqid etməyin elə də bir mənası qalmayıb.İndi düşünmək lazımdır ki, bu kampaniyanı necə maksimum yüksək səviyyədə keçirmək olar və gözlənilən hədəfə çatmaq üçün daha hansı imkanları işə salmaq lazımdır".