"Əl Qaidə" də Azərbaycanı hədələdi
"Əl Qaidə" də Azərbaycanı hədələdi

Terror təşkilatının qolu olan "Ərəb Mücahidləri Təşkilatı" Bakını qana boyayacağını bəyan etdi

Azərbaycan "Eurovizion"a ev sahibliyi etdiyi və xarici qonaqları qarşıladığı bir vaxtda təhdid ardınca təhdid almaqdadır. Bir tərəfdən İran bəyan edir ki, bu yarışma dayandırılmalı və keçirilməməlidir. Əks təqdirdə, Azərbaycanda bir sıra addımlar ata bilərlər. Xüsusən də ölkənin içindəki İrana bağlı dindarların danışıq üslubları birmənalı olaraq təhdid üzərində qurulub.

Qeyd edək ki, İranın "Eurovizion"da keçirilməsi məsələsinə bu qədər aqressiv yanaşmasının səbəbləri heç də onun dəyərləri ilə bağlı deyil. Yəni, Bakıda "Gey Parad"ın keçirilməsinə etiraz xarakteri daşımır. Bu bir həqiqətdir ki, Tehran hakimiyyəti birmənalı olaraq "Eurovizion" yarışması üzərindən başqa maraqlarını həyata keçirmək istəyir. Son günlər yaşanan gərginlik isə Azərbaycanın İsraillə daha yaxın müttəfiqlik mərhələsinə qədəm qoyması ilə bağlıdır. Vəziyyət belədir ki, rəsmi Bakı Təl Əvivlə anlaşaraq, onlardan silah alıb və bu səbəbdən də İranla münasibətlər kəskinləşib. Həmçinin Tehranın iddiası var ki, Azərbaycan guya İrana qarşı iş aparan İsrail kəşfiyyatçılarına öz ərazisində yer verib. Əslində, dava elə bunun davasıdır.
Hadisələrin bu şəkildə davam etdiyi bir vaxtda İranın öz səfirini geri çağırması isə durumun kifayət qədər ağır olmasından xəbər verir. Çünki səfirin geri çağırılması mahiyyət etibarı ilə iki ölkə arasında diplomatik əlaqələrin risqə girməsi məzmununu daşıyır. Yəni, İran öz elçisini geri çağırmaqla, Azərbaycanla bütün sahələrdə əlaqələrinə yenidən baxmaq fikrindədir. Bu isə gediş-gəlişli qonşu ilə ciddi sıxıntıların yarana biləcəyindən xəbər verir.
Eyni zamanda, İran əlinə düşən fürsətdən yararlanmaq istəyir. "Eurovizion" yarışmasında müxtəlif təxribatlara imza atmaq istəyən Tehran bununla həmçinin Bakının beynəlxalq aləmdəki nüfuzuna da ciddi zərbə vurmaq niyyətindədir. Hələlik bu təzahürlər o qədər də diqqəti çəkməsə də, mövcud sakitliyi "tufandan öncəki səssizlik" kimi qiymətləndirmək olar.
Lakin Azərbaycanı təhdid edən bir başqa tərəf də meydana çıxıb. Dünən məlum olub ki, "Əl Qaidə" terror təşkilatının aparıcı qollarından biri olan "Ərəb Mücahidləri Təşkilatı" "Eurovizion"la bağlı bəyanat yayıb. İsrail mətbuatına istinadən verilən məlumatda deyilir ki, terror təşkilatının bəyanatı birmənalı olaraq rəsmi Bakıya qarşı təhdid xarakteri daşıyır. Həmin bəyanatda deyilir ki, onlar Bakıda gey-paradla eyni zamanda, bu şəhərin küçələrini homoseksualların qanına boyayacaqlar. Onlar həmçinin vurğulayıblar ki, "Eurovision" müsabiqəsini Bakı hökuməti üçün qorxulu yuxuya çevirəcəklər. "Mücahidlər Qafqazda həmişə öz sözünü deyib və ona əməl ediblər".
Ərəb Mücahidləri Təşkilatı "Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz" ayəsinə istinad edərək bildirib: "Homoseksuallar və şeytanın tərəfdarları elə fikirləşməsinlər ki, Azərbaycanda istədikləri hərəkəti edə biləcəklər. Xeyir! Onlara hücum olacaq və Mossad, I6, CİA və digər təşkilatlarını heç birinin onları qorumağa gücləri çatmayacaq".
Qeyd edək ki, "Ərəb Mücahidləri Təşkilatı" "Əl Qaidə"nin şəbəkələrindən biridir və Orta Asiya və Qafqaz dairəsində fəaliyyət göstərir. "Ərəb Mücahidləri Təşkilatı" Azərbaycanda "Xəvaric" və "Sələfilər" kimi iki qrupla əməkdaşlıq edir.
Bu təşkilatın Azərbaycanda əməkdaşlıq etdiyi qüvvələrin tərkibinə diqqət yetirsək belə anlamaq mümkündür ki, onlar bu işləri həyata keçirmək üçün bir sıra addımlar atmaq gücündədirlər. Beynəlxalq yarış ərəfəsində onların ölkəyə sıza bilməsi isə mümkün versiyalardan biridir. Belə olan təqdirdə, Azərbaycanı bu günlərdə ciddi təhdidlərin gözlədiyi şübhəsizdir. Ona görə də, rəsmi dairələr kifayət qədər ayıq-sayıq olmalıdırlar ki, bu cür təhlükələrdən qorunmaq mümkün olsun.
Cavid Qarabağlı