Prezident İlham Əliyevdən sərt xəbərdarlıq


Prezident İlham Əliyevdən sərt xəbərdarlıq

Mehriban Əliyeva zərərçəkənlərə baş çəkdi

Xəbər verdiyimiz kimi, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Mayın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerində olub.
Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verdi.
Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.
Dövlətimizin başçısı hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verdi.
Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Prezident İlham Əliyev yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışdı. Dövlətimizin başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını dedi. Prezident İlham Əliyev bildirdi ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir. Hazırda paytaxtda oxşar materiallarla üzlənmiş binaların kifayət qədər çox olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə konkret göstərişlərini verdi.
Prezident İlham Əliyev hadisə zamanı həlak olanların ailələrinə və yaralılara maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verdi.
Baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının üzvləri hadisənin səbəbləri və görülən işlərlə bağlı məlumat verdilər.
Prezident İlham Əliyev bir daha hadisənin dərindən araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlarını verdi.
Hacıbala Abutalıbov: "Prezident İlham Əliyev 2 gün vaxt verib"

Prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov deyib.
H.Abutalıbov deyib ki, bu müddətdə ekspertiza aparılacaq. Onun sözlərinə görə, Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var: "Bunların hamısından nümunə götürüləcək, laboratoriyadan keçirilərək ekspertiza olunacaq. Yekun sənəd sonda mənə təqdim olunacaq. Bundan sonra biləcəyik ki, yanğın nədən baş verib. Bundan sonra binalardan üzlüklərin sökülüb-sökülməyəciyinə qərar veriləcək. Çünki müəyyən sənədlərdə bu materiallardan üzlük kimi istifadə oluna biləcəyi yazılmışdı. Həmin material dünyanın bir çox yerində, o cümlədən Türkiyədə, Rusiyada istifadə olunub. Həmin ölkələrdə üzlüklər birbaşa divara yapışdırılaraq ara məsafə saxlanılmır. Ara məsafənin özü də yanğının sürətlənməsinə səbəbdir. Səbəblər çoxdu, sadəcə istintaq araşdırmasının nəticələrini gözləmək lazımdır".
Yanğın hadisəsinin I Avropa Oyunları öncəsi təxribat ola biləcəyi məsələsinə toxunan icra başçısı bildirib ki, bu ehtimal da araşdırılır: "Bunu da istisna etmək lazım deyil. Hadisənin baş verməsi bizim günahımızdır. Lakin əsas işimiz səbəbləri müəyyənləşdirməkdir. Konkret səbəbləri öyrənməliyik. Çünki üzlüklər çoxdan vurulub, amma son zamanlar ard-arda yanır. Prezident İlham Əliyevin göstərişi ilə üzlük vurulan bütün binaların qarşısına mühafizə qoyulub. İnsanlardan xahiş olunur ki, daha ayıq olsunlar. Çünki hazırda bütün dünyanın gözü Azərbaycandadır. Kimsə gəlib bizim ölkəni qoruyası deyil. Ona görə də əvvəlcə özümüz özümüzü qorumalıyıq".

Səlim Müslümov:
"Dövlət başçısı
yanğından
zərərçəkənlərin sosial müdafiəsinin təmin
olunmasını tapşırıb"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında yanan binanın sakinləri üçün ayrılmış otaqlar və kotteclərdəki şəraitlə tanış olub.
Zərərçəkənlərin bir hissəsinin müvəqqəti yaşayış yeri ilə təmin olunması məqsədilə yerləşdirildiyi pansionatda bütün müvafiq tədbirlər görülüb.
S.Müslümov jurnalistlərə "Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" sərəncama əsasən, yaradılmış Komissiyanın prezident İlham Əliyevin sədrliyi ilə bu gün iclasının keçirildiyini diqqətə çatdırıb: "İclasda dövlət başçısı tərəfindən müvafiq orqanlara baş vermiş yanğın hadisəsinin araşdırılaraq günahkarların müəyyən olunması və sərt cəzalandırılması barədə qəti tapşırıqlar verildi. Amma bundan öncə müvafiq dövlət qurumlarına, o cümlədən ƏƏSMN-ə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi tapşırıldı".
Nazir bu tədbirlər sırasına zərərçəkmişlərin sosial müdafiəsinin təmin olunması işlərinin də aid olduğunu vurğulayıb: "Həmin hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə yardımların verilməsi, Komissiya tərəfindən bu yardımların məbləğlərinin müəyyən olunması, o cümlədən xəsarət almış şəxslərə yardımların verilməsi, onların müalicəsinin təmin olunması, həlak olmuş şəxslərin dəfn mərasiminin dövlət hesabına həyata keçirilməsi və s. müvafiq tapşırıqlar verildi".
S.Müslümov bildirib ki, dünən dövlət başçısı tərəfindən ilk növbədə yanğın baş vermiş binanın xilas olunan sakinlərinin, orda yaşayan ailələrin təcili növbədə yerləşdirilməsi tapşırılıb. Bununla əlaqədar, bir sıra yerlər müəyyən olunub. Həmçinin ƏƏSMN-nin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnada yerləşən sanatoriyasında 36 otaq hazırlanıb: "Eyni zamanda həmin ailələrə təklif olunub ki, onlara istədikləri halda müvafiq maliyyə vəsaiti ödənilsin ki, kirayə mənzillər tutsunlar. Onların çoxu yaxın ərazilərdə mənzil kirayə etməyə üstünlük verib və onlara bunun üçün müvafiq maliyyə vəsaitləri ödənilib".
Nazir bildirib ki, yanan binanın dayanıqlığı yoxlanılacaq, əgər bina yanğından sonra dayanıqlı vəziyyətdədirsə, onda o binanın dövlət hesabına hökumət tərəfindən təcili təmir olunması, eləcə də bütün mənzillərin müvafiq avadanlıqlarla, yəni mebellərlə, digər əşyalarla təmin olunaraq həmin ailələrə təqdim olunması həyata keçiriləcək. Bu barədə dövlət başçısı tərəfindən tapşırıq verilib.
S.Müslümov Komissiya tərəfindən yanğın zamanı zərərçəkənlərin sayının dəqiqləşdirilməsi işlərinin də aparıldığını bildirib.

Mehriban Əliyeva
Bakıda yanan
binada xəsarət
alanlara baş çəkib
Mayın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gedərək Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb.
Heydər Əliyev Fondundan bildirilib ki, səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımına burada müalicə alanların səhhəti barədə məlumat verib. Bildirilib ki, mayın 19-da paytaxtın Binəqədi rayonunda baş verən yanğın zamanı ümumilikdə 56 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 15-ə yerindəcə tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanalara yerləşdirilənlərdən 26-sı mayın 19-da buraxılıb. Bir nəfər isə həkimlərin səyinə baxmayaraq, dünən gecə dünyasını dəyişib. Beləliklə, yanğın zamanı ölənlərin sayı 15-ə çatıb. Hazırda 14 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir. 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsində isə 12 xəstə müalicə alır. Xəsarət alanlardan üçü uşaqdır. Onlar üç, dörd və altı yaşlarındadırlar.
Məlumat verilib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır və həyatları üçün təhlükə yoxdur.
Mehriban Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət edib. Bildirib ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi prezident İlham Əliyevin birbaşa nəzarətindədir.
Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Azərbaycanın birinci xanımı deyib ki, hadisənin səbəbkarları cəzalarını alacaqlar.
Mehriban Əliyeva xəstələrə şəfa diləyib, onların sağlamlıqlarının bərpa olunması işinin daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verib.

Leyla Əliyeva
başsağlığı verdi
Ötən gün Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli binanın yanması nəticəsində dünyasını dəyişənlərlə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva başsağlığı verib. Leyla Əliyeva özünün "İnstagram" səhifəsində başsağlığı verib.
O, bununla bağlı foto paylaşıb və bildirib: "Allah dünyasını dəyişənlərə rəhmət eləsin".
Əli Əhmədov yanğında yaralanan xəstələrə baş çəkib
Baş nazirin müavini Əli Əhmədov Bakıda baş verən yanğında yaralanan xəstələrin vəziyyəti ilə tanış olmaq üçün Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində olub.
Baş nazirin müavini yaralılarla görüşüb, tibb heyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Hüseyn İsgəndərov