Aİ-nin

Aİ-nin erməni oyunu: "Sərkisyanın bu ideyasına susmaq daha böyük qüsurdur"

"Aİ-nin Riqa sammiti başa çatdı. Bu sammit beynəlxalq mətbuat tərəfindən iflas sammiti kimi dəyərləndirildi. Əslində, iflas prosesləri 2 il bundan öncə Vilnüs sammiti ərəfəsində başlamışdı. Həmin iflasın nəticələri Ukraynanın parçalanmasında özünü göstərdi. Şərq Tərəfdaşlığı Proqramı ilə əlaqəli vahid sənədin imzalana bilməməsi dəiflasın nəticələrindəndir".

Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu qeyd edib ki, Aİ-nin Riqa sammiti Azərbaycan prizmasından 2 məsələ ilə diqqətdə qaldı:
"Birincisi, Aİ Azərbaycanla strateji tərəfdaşlıq haqqında müqaviləni müzakirəyə qəbul etdi və bununla da Azərbaycana fərdi münasibətin olacağını təsdiqlədi. Azərbaycanın müstəqil siyasi kursunu ardıcıl dəstəkləməsi real nəticəsini göstərdi. Aİ-nin Şərq Tərəfdaşlığı üzvlərinə fərdi yanaşması həm də Aİ-nin zəifliyindən irəli gələn məsələdir. Bu variant, demək olar ki, alternativsiz idi. Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının 3 üzvü siyasi strukturları, hakimiyyət və xalqı ilə birlikdə Aİ-ə inteqrasiya olunmağa çoxdan hazırdır. Aİ isə Ukrayna və Gürcüstanla hətta viza rejimini liberallaşdıra bilmədi. O baxımdan Aİ-nin həm də Azərbaycanla əlaqəli fərdi münasibət yolu seçməsini indiki halda biz zərurətdən doğan addım hesab edirik. Eyni zamanda da bu Azərbaycanın maraqlarına cavab verir. İkincisi, ərazi bütövlüyü prinsipinin dəstəklənməsinin vacibliyidir. Aİ Riqa sammiti ərəfəsində Dağlıq Qarabağ tənzimlənməsi məsələsində müəyyən aktivlik yarada bildi. Aİ-nin əvvəlki sammitlərində Dağlıq Qarabağ tənzimlənməsinə o qədər də ciddi münasibət göstərilmirdi. Çünki Ermənistanın Aİ-dəki aktivliyinin əsas mahiyyətlərindən biri də Dağlıq Qarabağ tənzimlənməsində Qərbin, xüsusilə Avropa İttifaqının mövqeyini çaşdırmaq idi".
Politoloqun sözlərinə görə, amma Riqa sammiti ərəfəsində Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda 3 istiqamətdə aktivlik müşahidə olundu:
"Birincisi, "Vışeqrad dördlüyü" qrupunun Şərq Tərəfdaşlığı Proqramının üzvləri ilə keçirdiyi görüşdə Şərq Tərəfdaşlığı üzv ölkələrin ərazi bütövlüyü və dövlət suverenliyinə dəstək ifadə etdilər. İkincisi, avrokomissar Y.Xan Ermənistanın Avropa İttifaqındakı səfiri T.Marqaryana bildirdi ki, Aİ ilə Ermənistan arasındakı bundan sonrakı əməkdaşlıq regional təhlükəsizlik məsələləri üzərində qurulacaq; Aİ regional sabitliyə xidmət edən Ermənistana yardım edəcək. Ücüncüsü, avrokomissar Y.Xanın transsərhəd əməkdaşlıq təklifini səsləndirməsidir".
Politoloqun sözlərinə görə, avrokomissar Y.Xan Balkanlarda transsərhəd əməkdaşlığın regional münaqişələrin həllinə müsbət təsir etdiyi nümunə kimi göstərdi:
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində sərhədyanı əməkdaşlığın faydalı olacağını heç kim istisna etmir. Amma məsələ burasındadır ki, Cənubi Qafqazda Ermənistan-Azərbaycan arasında transsərhəd əməkdaşlığın Balkan dövlətləri arasındakı transsərhəd əməkdaşlıqdan köklü fərqi var: a) Balkanlarda dövlətlərin sərhədlərinin hər iki tərəfində yaşayan etnik qrupların sayı hədsiz çoxdur. Sərhəd bəzən etniki icmaları iki hissəyə bölüb. Bu fikirlər qətiyyən Ermənistan-Azərbaycan sərhədinə aid edilə bilməz. Ermənistan-Azərbaycan sərhədi etnik sərhədboyu yaşayan əhalinin etnik tərkibinə görə yekcinsdir. Sərhədin hər iki tərəfində ermənilər və azərbaycanlılardan başqa heç kim yaşamır və demək olar ki, Transsərhəd ərazilərdə yaşayan ermənilər və azərbaycanlılar demək olar ki, kompakt şəkildə yaşayırlar. Iki millətin birlikdə yaşadığı ərazilər, demək olar ki, yoxdur. b)Balkanlarda olan sərhəd Avropanın mərkəzində olduğu üçün kifayət qədər diqqət mərkəzində olub, məlumatlar çoxdur. Ermənistan-Azərbaycan sərhədi isə Qərbin o qədər də böyük diqqət mərkəzini cəlb etməyib, məlumatlar minimal həddədir".
M.Əhmədoğlu əlavə edib ki, avrokomissar Y.Xanın təklifinin reallaşması üçün əlavə bir neçə məqam hökmən nəzərə alınmalıdır:
"I.Dağliq Qarabağ münaqişəsi fonunda Ermənistanın Azərbaycanla iqtisadi əməkdaşlıq etməsinin konkret siyasi məzmunu var:
A) Ermənistan Azərbaycanla iqtisadi əməkdaşlıqda əsas məqsədi Azərbaycan torpaqlarını işğalda saxlamağı legitimləşdirməkdir. Ermənistana verdiyi bütün təkliflər məhz buna xidmət edir.
B) Ermənistanın Azərbaycanla iqtisadi əməkdaşlıqdadaha bir məqsədi özünü gücləndirmək və bununla da işğalın daha uzunmüddətli davamına nail olmaqdır. C) Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəli sürülən təkliflərə münasibəti seçicidir. Ermənistan üçün yalnız Dağlıq Qarabağı Azərbaycandan ayıran təkliflər maraqlıdır. Demokratiyadan dəm vuran S.Sərkisyan özünü demokratik adlandıran auditoriyaya Azərbaycanın irəli sürdüyü təklifləri müzakirə etməməyi təklif etdi. Auditoriyadakı Avropa elitasının Azərbaycanın hansı təklifin irəli sürməsindən heç bir məlumatı yox idi. Belə təqdirdə o auditoriya qarşısında S.Sərkisyanın Azərbaycanın təkliflərini müzakirəyə qəbul etməmək təklifi irəli sürməsi qəbahətdirsə, auditoriyanın S.Sərkisyanın bu ideyasına susması daha böyük qüsur sayıla bilər.
Toğrul Əliyev