"27 layihəyə 300 min manat ayrılıb" – Azay Quliyev

"Bakı – 2015" I Avropa Oyunları və ictimai davranış qaydaları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin müzakirəsi keçirilib.
Tədbirdə çıxış edən şuranın sədri Azay Quliyev bildirib ki, məqsədlə şuraya təqdim olunan 27 layihəyə 300 min manat vəsait ayrılıb. A.Quliyev bildirib ki, hər bir şəxs oyunların keçirilməsində öz məsuliyyətini hiss etməli və ona uyğun davranış sərgiləməlidir: "Vətəndaş cəmiyyəti institutları da bu oyunların yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməlidir. Şura isə I Avropa Oyunları zamanı ictimai davranış qaydaları ilə bağlı layihələri dəstəkləyir. Məqsədimiz odur ki, cəmiyyət maariflənsin".
Şura sədri qeyd edib ki, hazırda bir çox məsəllərə ictimai nəzarət gücləndirilməlidir: "Bu gün sürücülər elementar qaydalara əməl etmir, lazımsız səs siqnallarından istifadə edərək, insanları narahat edirlər. Restoranlarda xidmət səviyyəsi artırılmalıdır, qiymətlər süni şəkildə qaldırılmamalıdır. Yəni, bizim məqsədimiz ondan ibarətdir ki, qeyri-etik davranışlar nəticəsində, çəkdiyimiz əziyyət hədər getməsin".
A. Quliyev vurğulayıb ki, hazırda innovativ layihələrin şuraya təqdim olunmasında qıtlıq var.
Tədbirdə iştirak edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yol hərəkəti iştirakçılarının mədəni səviyyəsinin yüksəldilməsi istiqamətində təbliğat işləri aparılır: "Sevindirici haldır ki, həyata keçirilən layihələr nəticəsində uğurlar əldə olunur. Ancaq, hələ də sürüclərimiz siqnallarından yerli-yersiz istifadə edir, xüsusən axşam saatlarında avtomobili yüksək surətlə idarə edir. Hesab edirəm ki, bu kimi neqativ hallara qarşı mübarizə gücləndirilməlidir".
Daha sonra qht sektorunun nümayəndələri fikir mübadiləsi aparıblar, təkliflərini səsləndiriblər.
Tədbirin sonunda şura sədri Azay Quliyev deyib ki, səsləndirilən təkliflər yazılı şəkildə şuraya təqdim olunsun: "Biz bütün səsləndirilən təklifləri nəzərə alaraq, mövcud problemlərin aradan qaldırlması üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edəcəyik".