Elmar Məmmədyarov: "Azərbaycanla Rusiya arasında münasibətlər intensiv şəkildə inkişaf edir"

Elmar Məmmədyarov: "Azərbaycanla Rusiya arasında münasibətlər intensiv şəkildə inkişaf edir"

XIN rəhbəri deyir ki, Rusiya və Azərbaycan arasında münasibətlərin dinamik inkişafı bizi çox sevindirir

"Biz beynəlxalq arenada müstəqil, aktiv xarici siyasət kursu həyata keçirməyə çalışırıq və Azərbaycanın son 10 ildə siyasi, iqtisadi, sosial sahələrdə əldə etdiyi uğurlar bu işdə bizə kömək edir.
Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri zamanı yerli "Nezavisimaya qazeta"ya müsahibəsində deyib. Nazir bildirib ki, Azərbaycan öz siyasətini beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə əsasən həyata keçirir: "Dövlətlərarası münasibətlərdə Azərbaycan qanunun aliliyi və dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi prinsiplərinə sadiqdir. Azərbaycan dünyada daha çox dövlətin sıx əməkdaşlıq etmək istədiyi etibarlı tərəfdaş hesab edilir. Azərbaycanın 2011-ci ildə BMT TŞ-yə üzv seçilməsi zamanı göstərilən dəstək sözlərimin sübutudur. Bu gün Azərbaycanın xarici siyasəti qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqların Ermənistan tərəfindən işğalına son qoyulması və ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərqərar olmasıdır. Bizim xarici siyasətimizin prioritetləri həmçinin dost ölkələrlə əməkdaşlığın genişlənməsi və dərinləşməsi, iqtisadi maraqlarımızın, enerji və nəqliyyat strategiyamızın təşviqi, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni və humanitar diplomatiyanın inkişafı, Azərbaycan vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsidir".
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan ikitərəfli münasibətlərini mehriban qonşuluq, bir-birinin daxili işinə qarışmamaq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq çərçivəsində qurmağa çalışır: "Rusiya və Azərbaycan arasında münasibətlərin dinamik inkişafı bizi çox sevindirir. Bu gün münasibətlərin möhkəmliyinin sınaqdan keçdiyi bir vaxtda Azərbaycanla Rusiya arasında münasibətlər intensiv şəkildə inkişaf edir və bütün sahələri əhatə edir. Bizim münasibətlər qarşılıqlı fayda və hörmət prinsiplərinə əsaslanır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiya və Azərbaycanın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsindəki əməkdaşlığı regionda stabillik və təhlükəsizliyin təmin olunmasına vacib töhfə verir. Turizm sahəsində də inkişaf üçün yaxşı perspektiv var. İlbəil Rusiyadan gələn turistlərin sayı artır. Bizdə rusiyalıların istirahəti üçün yaxşı şərait var. Yaxın məsafədədir və dil baryeri yoxdur".