İstintaq avstriyalı idmançıların düşdüyü qəzanı araşdırır - Nazir

İstintaq avstriyalı idmançıların düşdüyü qəzanı araşdırır - Nazir

Azad Rəhimov: "Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək"

"İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq. "İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq", - deyə nazir bildirib.
Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək. "Azərbaycanın Avstriyadakı səfirliyi lazımi yardımı göstərir. Biz Avstriya tərəfinə istənilən kömək göstərməyə hazırıq", - deyə o vurğulayıb.
Avstriya Milli Olimpiya Komitəsinin prezidenti Karl Ştoss Bakıda yol qəzası nəticəsində xəsarət alan avstriyalı idmançıların Vyanaya göndərilməsində göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.
Bunu K. Ştoss TASS-ın müxbirinə deyib. Onun sözlərinə görə, Avstriyaya gətirilən 15 yaşlı Vanessa Sahinoviç artıq əməliyyat olunub, Verena Breyt isə Bakıda qalsa da, yarışlara qatıla bilməyəcək.
"Bu hadisənin niyə baş verdiyi öyrənəcəyik. Eyni zamanda idmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna təşəkkür etmək istərdim. Bu, çox dəhşətli hadisə idi. Digər tərəfdən biz gələcəyə baxmalıyıq, komandamıza inanmalıyıq".