Yunan baş nazir seçim qarşısında: çıxmalı, ya qalmalı?

Yunan baş nazir seçim qarşısında: çıxmalı, ya qalmalı?

Afinaya təklif olunan "islahatlar" proqramı Yunanıstanın iqtisadiyyatını canlandırmasa, restrukturlaşdırma mövzusuna qayıtmalı olacaqdır

Yunanıstanda hakimiyyətə "Siriza" bloku gəldikdən sonra bir neçə aydır ki, Aleksis Tsiprasın rəhbərlik etdiyi yeni hökumət BVF, Avropa Komissiyası və digər beynəlxalq kreditorlarla ölkənin suveren borcu məsələləri ilə bağlı danışıqlar aparırdı. Bu borc ilin əvvəlində ÜDM-in 175%-ni təşkil edirdi. 2015-ci ilin yanvar ayının seçkilərindən sonra ölkə defoltun bir addımlığında idi. Danışıqlar nəticəsiz oldu. Birdən-birə vəziyyət xeyli kəskinləşdi. Buna görə də iyun ayının sonuna qədər Yunanıstan, istər-istəməz, ümumavropa miqyaslı hadisələrin episentrində olacaqdır.

Bu gün Yunanıstanın maliyyə durumu ilə bağlı qeyd etmək olar ki, suveren borcun ümumi həcmi 315 mlrd. avro təşkil edir. İyunun ayının 5-də Yunanıstan Beynəlxalq Valyuta Fondunun kreditləri üzrə 300 mln. avro (327 mln. dollar) həcmində pul ödəməlidir. Ölkənin hələ ki, buna imkanı var. Lakin iyun ayının sonuna qədər Yunanıstan daha 1,25 mlrd. avro ödəməlidir. Buna isə ölkənin vəsaitləri artıq qalmayacaqdır. Bu səbəbdən də ayın sonuna qədər Yunanıstan ya yardım almalı, ya da defolt elan etməlidir. Sonuncu isə öz növbəsində ölkənin avro zonasından çıxmasına səbəb olacaqdır.
İyun ayının 1-dən 2-nə keçən gecə Berlində Yunanıstan kreditorlarının özünəməxsus bir sammiti keçirildi. Sammitdə onlar arasında mövcud olan ziddiyyətləri aradan qaldırmaq mümkün oldu. Yunanıstan hökuməti əvvəllər həmin ziddiyyətlərdən yararlanmağa çalışırdı. Əsas ziddiyyət BVF ilə Aİ arasında idi. BVF borcun növbəti dəfə restrukturlaşdırılmasına Avropanın razılığını almağa çalışırdı. Lakin Avropa (ilk növbədə Almaniya) buna qəti etiraz edirdi. Almaniya bu etirazını onunla əsaslandırırdı ki, borcun silinməsi yükü sonda Avropa vergi ödəyicilərinin (oxu: alman vergi ödəyicilərinin) çiyninə düşəcəkdir.
Kreditorların gecə sammitinin gedişində BVF Almaniyanın təzyiqi altında Avropa tərəfdaşlarına irəli sürdüyü həmin tələblərdən geri çəkildi. Yeri gəlmişkən, Almaniyanın Yunanıstan borcu ilə bağlı sərt mövqeyi Yunanıstanda alman fobiyasının güclənməsi üçün zəmin yaratdı. Gecə sammiti həmin əhval-ruhiyyələri bir pillə də yüksəltdi. Qeyri-rəsmi mənbələrə görə, BVF-nin prezidenti Kristin Laqard, guya deyib ki, Yunanıstanın borcunu restrukturlaşdırmadan da keçinə biləcəyinə ümidi yoxdur. Afinaya təklif olunan "islahatlar" proqramı Yunanıstanın iqtisadiyyatını canlandırmasa, restrukturlaşdırma mövzusuna qayıtmalı olacaqdır. Xatırladaq ki, restrukturlaşdırmanın istənilən sxemi imtiyazlı hesab olunan (onların arasında birinci yeri BVF tutur) kreditorlara toxunmur.
Son məlumatlara görə, danışıqlar cəbhəsində sonrakı hadisələrin qrafiki aşağıdakı kimi olmuşdur: iyun ayının 3-də kreditorlar Tsiprasa özlərinin son şərtlərini (faktiki olaraq isə ultimatumlarını) təqdim edirlər. Məhz bunun üçün Yunanıstanın baş naziri Brüsselə gəlmişdir. İyun ayının 5-də axşam Tsipras qərar çıxarmalı idi. Cavab müsbət olduqda, növbəti həftə ərzində sənədlərin texniki emalı aparılmalı, ayın ortalarında isə onlar imzalanmalı və növbəti tranş köçürülməli idi.
Ultimatum kreditorların Yunanıstana zorla yeritdikləri iqtisadi "islahatlar" proqramıdır. Onun detalları hələ ki, məlum deyil. Lakin ekspertlər ultimatumun maliyyə-büdcə nizam-intizamının sərtləşdirilməsi, iri sənaye və infrastruktur obyektlərinin özəlləşdirilməsi, pensiya və əmək qanunvericiliyinə təqaüdlərin və minimal əmək haqqının həcmini və işsizliklə bağlı ödəmələri azaldacaq dəyişikliklərin edilməsi kimi aparıcı istiqamətlərini qeyd edirlər. Ortamüddətli perspektivdə Yunanıstanda büdcə kəsiri 3,5% təşkil etməlidir. Yunanıstanın kreditorlar "üçlüyündən" (BVF, AMB, Avropa Komissiyası) 7,5 mlrd. avro məbləğində növbəti maliyyə yardımını alması ona baha başa gələcəkdir.
Baş nazir Tsiprası çətinliklər gözləyir. O, "pis olanla lap pis olanın" arasında seçim etməli olacaqdır. Kreditorlar tərəfindən irəli sürülən ultimatumla razılaşması onun üçün ölkə daxilində ciddi siyasi problemlərin yaranmasına səbəb ola bilər. Tsiprasın parlamentdə arxalandığı hökumət çoxluğu böyük əksəriyyət təşkil etmir: müxalif deputatlar üzərində üstünlük cəmi 12 səsdən ibarətdir. Ultimatum hökumət blokunu dağıda bilməsə də, ən azı, onu sarsıda bilər. Bundan sonra yaranacaq vəziyyət isə ya yeni seçkilərin, ya da borc probleminin həlli ilə bağlı ümummilli referendumun keçirilməsini tələb edə bilər. Bəzi ekspertlərin fikirlərinə görə, Tsipras üçün ən optimal variant referendumdur.
"Siriza" parlament blokunun sözçüsü Nikos Filis yerli televiziyada çıxışında bəyan etdi ki, Yunanıstan kreditorlardan ultimatumu qəbul etməyəcək: hökumət partiyanın proqram xəttinə zidd olan sazişi imzalaya bilməz.
Əslində, ultimatum Tsirpas tərəfindən qəbul edilsə belə, deputatlar və ya xalq tərəfindən (referendumda) dəstəklənsə belə, Yunanıstanın kreditorlardan iyun ayında ala biləcəyi pul yalnız payıza qədər yetəcəkdir. Bundan sonra isə yeni və daha ağır danışıqlar aparmaq və yeni, daha sərt iqtisadi "islahatlar" proqramını işləyib hazırlamaq lazım gələcəkdir.
Afina hər hansı kontr-arqument gətirsə də, kreditorların sazişi üç aydan çox davam edən nəticəsiz danışıqlardan sonra Yunanıstan böhranında ciddi bir dönüşdür. Danışıqlar mürəkkəb şəraitdə keçirdi ki, bu da təkcə solçu Tsipras hökumətinin inadkarlığı ilə deyil, həm də kreditorlar arasındakı fikir ayrılıqları ilə izah olunur. BVF və Avropa Komissiyası indiyə qədər yunanların iqtisadiyyatda islahatları necə aparmalı olduqları ilə bağlı mübahisə edirlər. Onların profisitlə bağlı qoyulmuş vəzifələrin öhdəsindən gələ biləcəklərinə Vaşinqton şübhə ilə yanaşır və avrozona hökumətlərindən Yunanıstanın borcunun restrukturlaşdırmalarına razılıq vermələrini tələb edir.
Dünya KİV-i Yunanıstanda hadisələrin mümkün inkişaf ssenarilərinə diqqəti çəkir. Bu hadisələrin Avropaya təsirindən isə az danışılır. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Yunanıstanın avrozonadan çıxmasını və Afinanın borc defoltunu istisna etdiyini deyib. Buna görə də Yunanıstan iqtisadi cəhətdən canlana bilməsə, bu, "insanların təsəvvür etmədikləri nəticələrə gətirib çıxaracaqdır".
Bununla belə, gələcəkdə siyasətçi, iqtisadçı və bankirlərin avral iş rejimini minimuma endirmək üçün Avropa Yunanıstandakı böhranlı vəziyyətdən ibrət dərsi alır. Belə ki, Almaniya mətbuatına Avropa İttifaqının iqtisadi sferada köklü islahatların aparılmasını nəzərdə tutan Almaniya-Fransa sənədi barədə informasiya sızib. Söhbət ilk növbədə Avropa Komissiyasına avrozonanın iqtisadi inkişaf istiqamətlərini işləmək hüququnun verilməsindən gedir. Məlumata görə, həmin istiqamətlər hər il Aİ dövlətləri başçılarının sammitində razılaşdırılacaqdır. Bundan başqa, söhbət həm də avrozona qrupu nümayəndələrinin ali səviyyədə mütəmadi görüşlərinin keçirilməsindən, həmin qrupun maliyyə nazirlərinin səlahiyyətlərinin genişləndirilməsindən, Avropa Parlamentində avrozona üzrə xüsusi deputat strukturunun yaradılmasından gedir. Sözügedən struktur icraçı orqanların fəaliyyəti üzərində nəzarəti həyata keçirməlidir. İyun ayının sonunda Aİ rəhbərlərinin növbəti görüşündə Merkelin həmin sənədi müzakirəyə çıxaracağı da bildirilir.

Ruslan Əfəndiyev,
newtimes.az