İnsan hüquqları oyununda kim udacaq?

Azərbaycana yalnız qalibiyyət yaraşır

Avropa oyunları nəhayət ki, başladı və uğurla davam edir. Kifayət qədər kənar basqılar oldu, müxtəlif təzyiqlər edildi və artıq az qala belə rəy yaradılmışdı ki, Azərbaycanda birinci Avropa oyunları baş tutmayacaq. Çünki Avropa və ABŞ-da kifayət qədər ciddi qüvvələr Azərbaycana qarşı bir kampaniyaya start vermişdilər və demək olar ki, erməni lobbisi bütün imkanlarını səfərbər etmişdi.
Ən qəribəsi isə bu idi ki, Azərbaycana qarşı təzyiqlərə siyasi don geyindirilmiş, insan hüquq və azadlıqlarını qorumaq adı altında bir iyrənc oyun qurmuşdular. Çox təəssüflər ki, erməni lobbisinin bu oynuna Azərbaycanda bəzi radikal qüvvələr də dəstək verirdi.Biabırçı hal idi ki, Avropa oyunlarına bir neçə gün qalmış ölkə daxilindəki bir neçə kəs bəyanat yayaraq Avropa oyunlarını baykota çağırış etmişdilər. Amma bunlar əvvəlcədən məlum idi. Azərbaycan rəhbərliyi açıq şəkildə bəyan etmişdi ki, Azərbaycana qarşı təzyiqlər var və həmin qüvvələr insan hüquq və azadlıqlarını bəhanə gətirərək ağır zərbələr vurmağa çalışacaqlar. Beləcə Azərbaycana qarşı bəzi qüvvələr təzyiqləri artırdıqca Azərbaycan da eyni şəkildə əks-addımlarını atdı və geriyə doğru bir addım da atılmadı.
Nəticədə Avropa oyunları baş tutdu və dünyanın diqqət mərkəzi bu gün Azərbaycandadır. Amma deyəsən yenə də qarşı tərəf geri çəkilmək niyyətində deyil və Avropa oyunlarının astanasında növbəti zərbə Almaniyadan gəldi. Belə ki, Almaniya parlamenti arxadan zərbə vuraraq Azərbaycan haqqında qətnamə qəbul etdi. Qətnamə təpədən dırnağa böhtan dolu bir qarayaxma oldu.Çox təssüflər ki, bu qətnamədə səslənən fikirləri hələ bir ay öncə Azərbaycan mediası ifşa etmişdi.Aydın olmuşdu ki, məlum sənəd ABŞ dövlət katibi Con Kerrinin başı altından çıxıb. Söhbət uzun illər erməni lobbisinə açıq şəkildə dəstək verin Con Kerridən gedir. İndi isə qayıdaq məlum qətnaməyə . Qətnamədə aşağıdakı şərtlər irəli sürülüb.
1. Azərbaycan hökumətilə ikitərəfli danışıqlarda əvvəlki kimi yenə də insan hüquqları sahəsindəki sistemli pozuntuların, o cümlədən söz və mətbuat, birləşmə, toplaşma, din azadlıqlarının pozulması hallarının qarşısının alınması üçün müzakirələr aparmaq;
2. Siyasi məhbusların dərhal və heç bir şərt qoyulmadan azad olunmasına, onlar həbsxanadaykən zəruri tibbi yardım alması üçün imkan yaradılmasına çalışmaq;
3. Azərbaycan hökumətinin daxili islahatlar həyata keçirməsi, QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunverici aktların ləğvinə çalışmaq;
4. Azərbaycanda vətəndaş cəmiyyətinin normal fəaliyyət göstərməsinin təmin olunmasına çalışmaq;
5. Bütün mümkün üsullarla Azərbaycandakı hüquq müdafiəçilərini müdafiə etmək;
6. Azərbaycan hakimiyyətinin mətbuat azadlığı prinsipinə uyğun olaraq, yerli və xarici jurnalistlərə normal fəaliyyət imkanının yaradılmasına çalışmaq;
7. Azərbaycanla münasibətlərdə insan haqlarının təminatı məsələsinə başlıca önəm vermək.
Çox gülünc başqa bir hal isə budur ki, bu prosesə rəhbərlik edən ATƏT bundan öncə süni gərginlik yaratmağa çalışmışdı.Azərbaycan tərəfi açıq şəkildə ATƏT-ə xəbərdarlı etdi və Bakı ofisinin fəaliyyətinə məhdudiyyət qoydu. Ekspertlər hələ onda bildirirdilər ki, bu Avropanın bir oyunudur. ATƏT-in bu süni gərginləşdirməsindən sonra başqa addımlar da atılacaqdı. Bu addımı isə Almaniyanın üzərinə atdılar. Bunu da qeyd edək ki, Almaniyadan belə bir addım atılan klimi Azərbaycan da eyni addımı atdı və əks bəyanatla çıxış etdi. Belə ki, Azərbaycanın Almaniyadakı səfirliyi Bundestaqda qətnamənin qəbulundan dərhal sonra bəyanat yayıb. Bəyanatda bildirilir ki, belə bir qətnamənin qəbulu Almaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir: "Bu hər şeydən əvvəl orada əksini tapan ittihamların düzgün olmaması və boş mülahizələrə əsaslanmasından qaynaqlanır. Qətnamənin qəbul olunması vaxtının ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının açılışı ilə bir vaxta düşməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu idman tədbirinin keçirilməsini kölgə altına almaq və bununla Azərbaycan-Almaniya, habelə Azərbaycan-Avropa Ittifaqı münasibətlərinə xələl gətirmək məqsədi daşıyır. Bu bizdə dərin təəssüf hissi doğurur".
Səfirlik iddia edir ki, Azərbaycanda heç kim jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmayıb: "Almaniya Federativ Respublikasının ali siyasi orqanlarından olan Bundestaqın qeyri-dəqiq və səhv məlumatlara əsaslanaraq ölkəmizi ittiham etməsi qəbuledilməzdir".
Amma məsələ bununla sona çatmadı. Bunun davamı olaraq Almaniya Bundestaqında Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Almaniya Bundestaqının qəbul etdiyi bu ədalətsiz qərarla bağlı qəti etiraz bildirilib.XİN-in mətbuat xidmətindən bildiriblər ki, nazir müavini Xələf Xələfov bildirib ki, belə bir qətnamənin qəbul olunması Azərbaycana münasibətdə aparılan ikili standartlar siyasətindən irəli gələn qara piar aksiyasıdır. Qətnamədə göstərilən əsassız qarayaxma xarakterli ittihamlar Almaniya və Avropa siyasi dairələrinin məqsədyönlü kampaniyasıdır və bu Avropa ilə əlaqələrə xüsusi əhəmiyyət verən və töhfə verən Azərbaycan Respublikası üçün təəssüf doğuran haldır və qəbul edilməz hesab edilir.
XİN müavini deyib ki, bu siyasətin davam etdirilməsi Azərbaycanla Almaniya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə və dialoqa ağır zərbə vurur. Bunun nəticələri ilə bağlı məsuliyyət, bu qətnamənin qəbul olunmasının təşəbbüsçüsü olan və dəstək verən siyasi dairələrin və Almaniya tərəfinin üzərinə düşür.
Xələf Xələfov Azərbaycanın Avropa ilə münasibətlərin inkişafına danılmaz töhfə verdiyini qeyd edərək, bu istiqamətdə səylərin qarşılıqlı olmasının vacibliyini bildirmişdir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin vacib rol oynadığını, Avropa xalqları arasında dostluq və tolerantlıq mühitinin möhkəmlənməsində mühüm rol oynayacaq Avropa oyunlarının birincisinə ev sahibliyi etdiyini vurğulamışdır. Azərbaycanın həmçinin beynəlxalq və regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə sahələrində Avropa ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Azərbaycanın tərəfdaşlıq münasibətlərinin təşviq edilməsinə yönəlmiş siyasi xəttinə qarşı, bir sıra Avropa dövlətləri, o cümlədən Almaniya tərəfindən nümayiş etdirilən qərəzli davranışın ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdiyini bildirib.Bəs bundan sonra Azərbaycanı hansı təhlükələr gözləyir? Ekspertlər hesab edir ki, Avropadakı bəzi institutlar Azərbaycana təzyiq etmək üçün bütün imkanlardan yararlanacaqlar və əsas məqsəd Azərbaycana istədiklərini qəbul etdirmək olacaq. Bunun üçün isə Azərbaycandakı beşinci kalonlarından yararlanacaqlar. Bunu da unutmayaq ki, qarşıdan parlament seçkiləri gəlir və bundan yararlanmaq üçün də cəhdlər olacaq. Hətta istənilən təxribat belə mümkündür. Buna görə hesab edilir ki, Azərbaycan özünə müttəfiq qüvvələrlə bir araya gəlməli və gücünü daha da artırmalıdır. Həmçinin Azərbaycan daha riskli addımlarda ata bilər. Məsələn, bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycandır.Yəni Azərbaycan istəsə bu məsələyə bir daha baxa bilər. Çünki hazırda həssas bir nöqtəyə gəlmişik və bu məqamda geriyə addım Azərbaycanın nüfuzuna zərbə vura bilər. Müşahidəçilərin qənaətincə Azərbaycan həm də ölkədəki insan hüquq və azadlıqlarının kifayət qədər normal olduğunu dünyaya nümayiş etdirməli və buna kifayət qədər əsaslarımız var. Məsələn, bu gün possovet ölkələri arasında Azərbaycan yeganə dövlətdir ki, ayda bir dəfə iqtidar və müxalifət dialoq keçirir və ölkədəki problemlər hər tərəfli öyrənilir. Digər tərəfdən ekspertlər hesab edir ki, ölkədəki vətəndaş cəmiyyəti də səfərbər olmalı və üzərimizə gələn bu buludları aradan qaldırmaq lazımdır. Çünki parlament seçkiləri zamanı hətta radikal dini qruplaşmaların da Qərb dairələri tərəfindən aktivləşdirilməsi prosesi baş verə bilər. Çünki bu gün Avropa və ABŞ kimi güclər insan hüquq və azadlıqları yox, münaqişə ocaqları yaratmaqla dünyaya yenidən sahiblənmək istəyirlər. Azərbaycan isə yerləşdiyi regiona və əldə etdiyi gücə görə bu gücləri narahat edir və nəticə göz qabağındadır.
Artıq bir neçə gündür ki, Avropa oyunları gedir və Azərbaycan idmançıları rəqibləri diz çökdürərək dünyaya meydan oxuyr və medalların sayını artırır. Bu gün idman zalında Azərbaycanın diz çökdürdüyü ölkələri siyasi meydanda da yıxmaqdan və qələbə qazanmaqdan başqa bizlərə yol qoymadılar. Buna isə prezident İlham Əliyevin rəhbərliyi ilə nail olmaq mümkündür. Çünki Azərbaycana qalibiyyət yaraşır.