Azərbaycanda yeni aqroparklar məhsul bolluğu yaradacaq

Bölgələrdəki aqroparklar kənd camaatının məşğulluq səviyyəsinin artırılmasına təkan verəcək.

Şəmkir rayonunda 543 hektar ərazidə aqropark yaradılır. Hazırda bu istiqamətdə kompleks tədbirlər davam edir. Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələr olacaq və bu obyektlərin inşasına başlanılıb.

Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika - məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq.
Ekspertlərin fikrincə, belə aqroparkların yaradılması məhsul bolluğunun yaranmasına səbəb olacaq, həmçinin xaricə məhsul ixracını artıracaq. Adətən qış aylarında paytaxt bazarlarında xaricdən gətirilən məhsullar çox baha qiymətə satılır. Bunun da çoxu geni dəyişdirilmiş (GMO) məhsullardır. Ona görə, bu aqroparklarda yerləşən anbarlarda mövsüm vaxtı məhsullar toplanacaq və xüsusi şəraitdə saxlanılacaq. Qış aylarında yerli bazara çıxarılan məhsulların qiyməti xaricdən gətirilən məhsullara nisbətən ucuz olacaq. Digər tərəfdən, bu yeniliyin tətbiqi bölgələrdə yeni iş yerlərinin açılmasına, kənd camaatının məşğulluq səviyyəsinin artırılmasına təkan verəcək.
Elə bu məqsədlə dövlət tərəfindən yerli şərait nəzərə alınmaqla 1300 ton elit taxıl toxumu, 50 ton elit pambıq çiyidi, 6,0 ton elit yonca toxumu, 7,0 ton elit qarğıdalı toxumu, 2,5 ton elit noxud toxumu, 41 ton elit kartof toxumu, 2,5 ton elit çəltik, 61 kq elit pomidor, 41 kq elit xiyar, 70 kq elit soğan və 8,0 kq elit kələm toxumu güzəştli şərtlərlə fermerlərə verilib.
Kənd Təsərrügatı Nazirliyindən bildirilib ki, ümumiyyətlə, ölkə üzrə aqroparkların genişləndirilməsi nəzərdə tutulur. Hazırda ölkənin şimal bölgəsində aqroparkın yaradılması istiqamətində ilkin fəaliyyətlərə başlanılıb, sonra isə bütün regionlarda tətbiq ediləcək. Ancaq aqroparkların genişləndirilməsinin daha səmərli reallaşdırılması üçün geniş əkin sahələrinin olması zəruridir. Amma çox təəssüf ki, indi minlərlə hektar əkin sahəsi istifadəsiz vəziyyətdədir, bəzən də əkin sahələrində bol məhsul yetişdirilməsi üçün ən vacib olan su çatışmazlığı, eyni zamanda dəmyə və az məhsuldar əkin sahələrindən istifadə meylləri azalıb.
Məsələn, nazirlik səviyyəsində aparılan tədqiqatlar zamanı meliorasiya və irriqasiya sistemlərinin köhnəlməsi və nasaz olması, vegetasiya dövründə su çatışmazlığı, qrunt sularının səviyyəsinin qalxması, torpaqların şorlaşması, əkin sahələrindən örüş və biçənək kimi istifadə olunması, kənd təsərrüfatı məhsullarının satışındakı çətinliklər, dağlıq rayonlarda əlverişsiz relyef şəraiti, pay torpaqlarının yaşayış yerindən uzaqda olması, dəmyə və az məhsuldar əkin sahələrindən istifadə meyllərinin azalması və həmin torpaqların təqribən 30%-nin dincə saxlanılması, kənd təsərrüfatına yararlı torpaqlarda müxtəlif tikinti obyektlərinin tikilməsi, bu sahələrin bir qisminin cəbhə və işğal zonasında yerləşməsi və digər bu kimi problemlər əkin sahələrinin istifadə edilməməsinin əsas səbəbləri kimi müəyyən olunub.
Nazirliyin müvafiq struktur bölmələri və ərazi kənd təsərrüfatı idarələri tərəfindən aparılan araşdırmalar əsasında ayrı-ayrı rayonlar üzrə torpaqların əkin dövriyyəsinə daxil edilməsi problemləri ilə bağlı bir çox məsələlər üzə çıxıb.
Qazax rayonunda 493 ha sahədə qrunt sularının səviyyəsinin qalxması, bu torpaqların istifadəsini çətinləşdirmişdir. Kollektor-drenaj şəbəkəsinin təmir-bərpa olunması nəticəsində həmin torpaqların əkin dövriyyəsinə daxil edilməsinin mümkün olduğu bildirilib.
Ağstafa rayonu üzrə 906 ha sahədə meliorativ tədbirlər aparılıb, 1472,7 ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib, lakin Düz Qışlaq, Qara Həsənli, Korxəlifəli kəndlərində 3800 ha sahənin su təminatını yaxşılaşdırmaq üçün Kür çayında nasos stansiyasının quraşdırılmasına ehtiyac var.
Tovuz su anbarının istifadəyə verilməsindən sonra 950 ha, Şəmkir dəryaçasının istifadəyə verilməsindən sonra isə 7930 ha suvarılan sahənin əkin dövriyyəsinə cəlb ediləcəyi gözlənilir. Hacıqabul rayonunda 2014-cü ildə 21293 ha əkinə yararlı torpaq sahəsindən 18260 hektarında əkin aparılmış, 2611 hektarı isə su qıtlığı səbəbindən istifadəsiz qalıb.
Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəsiz istifadənin qarşısının alınması üzrə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"na və "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"na dəyişikliklərin edilməsi üzrə maddi, intizam və cinayət məsuliyyətinin artırılmasına dair müvafiq layihələr hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Məhz yeni aqroparkların yaradılması neqativ halların qarşısının alınmasına yönəldilən tədbirlərdən biridir. Bu, müasir dünyada aqrar sektorun ixrac potensialının artırılmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənd təsərrüfatı məhsullarının milli brendlərinin yaradılmasında, sahənin innovasiyalı inkişafında, habelə aqrar elmin, təhsilin və istehsalın inteqrasiyasında aqroparklar mühüm rol oynayır.
Ümumiyyətlə, kənd təsərrüfatı təyinatlı torpaqların dəqiq uçotunun aparılması, şəffaflığın artırılması, onlardan səmərəli istifadə olunmasının və mühafizə edilməsinin təşkili məqsədilə hazırda elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması çərçivəsində vahid məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülür.
Əsgər Əlioğlu