Sarkisyan rejiminin "Qarabağda müharibə başlayacaq" yalanı nəyə hesablanıb?
Rəsmi Yerevan bununla daxili auditoriyanın başını qatmağa, etirazları lokallaşdırmağa çalışır
Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Avropa Oyunlarından sonra cəbhə və təmas xəttində baş verə biləcək hadisələrdən danışması və sırf Ermənistanın daxili auditoriyasına hesablanmış açıqlamalar verməsi günün əsas mövzularındandır..
Düşmən ölkənin müdafiə naziri "Armenpress"ə müsahibəsində bildirib ki, Bakıda keçirilən Avropa Oyunlarının ardından hər şeyə hazır olmaq zərurəti yaranıb: "Bakıda keçirilən Avropa Oyunları başa çatdıqdan sonra Qarabağda təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşə bilər. Mənə elə gəlir ki, Oyunlardan sonra Azərbaycan vəziyyəti gərginləşdirəcək". Əslində isə Ohanyanın bu izaholunmaz açıqlaması Ermənistan paytaxtında hələ də davam edən etiraz aksiyaları ilə birbaşa bağlıdır. Rəsmi Yerevan bu kimi taktiki gedişlərlə daxili auditoriyanın başını qatmağa, etirazları lokallaşdırmağa çalışır. Başqa sözlə, narazı kütləni "Azərbaycan müharibəyə başlayacaq" tezisi ilə ətrafında birləşdirməyə çalışan Ermənistan hakimiyyəti təmas xəttində süni gərginliyin yaradılmasında özü maraqlıdır. Hətta istisna edilmir ki, Ermənistan rejimi daxili auditoriyanı səfərbər etmək məqsədilə təmas xəttində daha böyük təxribatlara əl ata bilər.
Bütün baş verən hadisələr isə Ermənistandakı sosial-iqtisadi vəziyyətin gərgin və problemli olmasından doğan bir çarəsizlikdən xəbər verir. Fakt isə bundan ibarətdir ki, Ermənistan iqtidarının elektrik enerjisinin qiymətini qaldırması barədə qərarı xalqın ayağa qalxmasına stimul verdi. Hətta, Ermənistanın quldur hakimiyyəti geri çəkilsə belə, aksiyalar dayanmadı. Son məlumatlara görə, aksiyaçılar erməni polisi tərəfindən mühasirəyə alınıb. Bu da onu göstərir ki, Sərkisyan rejimi qonşu dövlətlərə qarşı etdiyi təcavüzkarlığını öz xalqına qarşı da sərgiləməyə hazırdır. Çünki bu rejimin başında duran Sərkisyan – dünyanın vəhşi, qaniçən obrazlarının nümunələrindən biridir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ ərazisində tökülən qanların səbəbkarlarından biri də Sarkisyandır. O, həmçinin Azərbaycan torpaqlarının işğal edilməsinin ideoloqlarındandır. Bu baxımdan Ermənistanda davam edən vəziyyət xunta rejimi ilə xalq arasında ciddi problemlər yaradır. Təbii ki, bu problemlər davamlı olacaq.
Sarkisyan rejimi indi bu etirazları susdursa belə, Ermənistanın sahib olduğu problemlər xalqla rejim arasındakı münaqişəni yenidən alovlandıracaq və dərinləşdirəcək. Nəticədə Ermənistan xaosa sürüklənəcək. Təbii ki, proseslərdə geosiyasi amillər də mühüm rol oynaya bilər. Sarkisyan vəziyyətdən çıxmaq üçün daxildə pozuculuq işlərini davam etdirə, işğal olunmuş ərazilərdə atəşkəs rejiminin pozulmasını gündəmə gətirə bilər. Bununla çalışacaq ki, öz hakimiyyətinin ömrünü uzatsın. Məlumat üçün bildirək ki, keçən ilin avqust ayında Ermənistanın təxribatı nəticəsində cəbhə bölgəsində gərginlik yaranmışdı. Amma Azərbaycan ordusu və dövləti bunun layiqli cavabını verdi, prosesin qarşısı alındı. Hətta, Ermənistanın itkilərinin sayı müqayisəolunmaz dərəcədə böyük oldu. Bu da bizə əsas verir ki, əgər daxildə olan münaqişəni dayandırmaq üçün onu xaricə daşımaq istəsə, Ermənistan bunun layiqli cavabını alacaq. Bu dəfə Ermənistan ordusunun itkiləri əvvəlkindən saysız dərəcədə çox olacaq.
Göründüyü kimi, artıq proseslərin idarəolunmaz hala gəldiyi Ermənistanda situasiya nəzarətdən çıxmaq üzrədir. Bu isə düşmənin istənilən an istənilən təxribatı törədə biləcəyi ehtimalını nəzərəçarpacaq dərəcədə artırır.
Orxan