Əbülfəs Qarayevin sahəsinə irad

Əbülfəs Qarayevin sahəsinə irad
Turizm sektorunda çalışanlarla bağlı tənqid səsləndirildi

"Bizim regionlarda müasir standartlara cavab verən infrastrukturlarımız, turizm obyektlərimiz var. Bu obyektlər hər şeylə təmin olunub. Amma bəzən orada çalışan kadrların müəyyən davranışları bizi qane etmir". Bunu dünən Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən "Etika Akademiyası" fərdi inkişaf mərkəzinin təşkil etdiyi "Etika Forumu - 2015" tədbirində deyib.
PA-nın sektor müdirinin fikrincə, bu məsələnin həllində dövlət və kommersiya qurumları sıx əməkdaşlıq etməlidir: "Arzu edərdik ki, onların davranışları maksimum dərəcədə yüksək səviyyədə, həmişə görmək istədiyimiz formada olsun. Bu təkcə "Etika Akademiyası"nın işi deyil. Burada dövlət qurumları, müxtəlif kommersiya təşkilatları gənclərə dəstək olmalı və birgə əməkdaşlıq etməlidirlər".
V.Quliyev qeyd edib ki, bu baxımdan keçirilən Forumun ciddi əhəmiyyəti var: "Bu Forumun ciddi nəticələrini həm turizm obyektlərində, həm də QHT-lərdə və KİV-lərdə kadrların etik davranış kodeksinin mənimsənilməsində və gələcəkdə bu sahədə daha təkmilləşdirilmiş davranış qaydalarının istifadə edilməsində, müzakirələrin aparılmasında görə biləcəyik".
O, həmçinin Forumun miqyasının genişləndirilməsini və regionları da əhatə etməsini arzulayıb.
Buna cavab olaraq "Etika Akademiyası"nın rəhbəri Günel İbrahim bildirib ki, bu ilin sonunda Azərbaycanda Regional Etika Forumu, gələn il isə Beynəlxalq Etika Forumu təşkil ediləcək.
Qeyd edək ki, Forumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğinə diqqət yönəltmək və Milli Etiket Ensiklopediyası kitabının ərsəyə gəlməsinə dövlət qurumları, kommersiya və ictimai qurumların dəstəyini verməsidir.
Tədbirdə PA, Milli Məclis, dövlət qurumları, diplomatik korpus, QHT nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, kommersiya təşkilatlarının təmsilçiləri iştirak edib.
Ekspertlər PA nümayəndəsinin Əbülfəs Qarayevin məsul olduğu sahəyə iradını təsadüfi saymır. Hesab olunur ki, mədəniyyət və turnizm nazirinin əvəzlənəcəyinə dair son zamanlar artan iddiaların əsassız olmadığını düşünməyə əsas verir.
Adil