Rauf Zeyni: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında doqquzuncu fəsilin məhz vətəndaş cəmiyyətinin inkişafına
həsr edilməsi 3-cü sektorun inkişafına böyük töhvələr verəcək

Deyirlər QHT-lər olmasa vətəndaş cəmiyyətini qurmaq çox çətin olar. Artıq Azərbaycanda da xeyli sayda vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Bu gün ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının hüquqi dövlət quruculuğuna tövhəsi danılmazdır. QHT-lər indiyədək qrant üçün fəaliyyət göstərən təşkilat hesab olunurdularsa, artıq son illər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində köklü dönüş hiss olunur. Artıq bir neçə ildir ki, QHT-lər aldıqları qrantlarla bağlı maliyyə hesabatları verir, fəaliyyətlərində şəffaflıq prinsipinə üstünlük verirlər. Bununla belə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti müəyyən nöqsanlardan xali deyil. Elə bu mövzuda həmsöhbətimiz Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni oldu.
-Rauf bəy, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılan imkanları qənaətbəxş saymaq olarmı?
- Ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf yolundadır. Son illər dövlətin üçüncü sektorun inkişafına dəstəyi daha artıb. Azərbaycan artıq dialoqlar, mədəniyyətlər, tolerantlıq, idman mərkəzinə çevrilib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. Həmçinin, QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır. Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında doqquzuncu fəsil məhz vətəndaş cəmiyyətinin inkişafına həsr edilib. Müstəqillikdən sonrakı illər ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasını, dövlətimiz tərəfindən bu sahəyə ayrılan diqqət və qayğıya məmnuniyyətlə yanaşır, bunu müsbət qiymətləndiririk. Fikrimcə, Azərbaycan dövləti, iqtisadiyyatı daha da gücləndikcə, eləcə də imkanlar genişləndikcə biz regionlarda da vətəndaş cəmiyyətini gücləndirəcəyik.
-QHT adı gələndə əvvəllər ilk ağıla bu təşkilatların məqsədinin ancaq qrant əldə etmək olduğu gəlirdi. Siz son illər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində dönüş hiss edirsinizmi?
-Əlbəttə, əvvəl kağız üzərində fəaliyyət göstərən vətəndaş cəmiyyətləri institutları çox idisə, indi QHT-lərin çoxu aktiv fəaliyyətlə məşğuldurlar.
-QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması vətəndaş cəmiyyəti institutlarını maddi sıxıntıdan qurtardı. Belə demək mümkündürsə, QHT-lər artıq qrant üçün xarici, beynəlxalq təşkilatların əlinə baxmırlar...
-Doğrudur, əvvəllər QHT-lərə ildə 30 milyon maliyyə yardımı ayrılırdısa, 2013-cü ildə bu rəqəm 67 milyon olub. QHT-lərə ayrılan maliyyə vəsaitinin 44 milyonunu Azərbaycan dövləti qarşılayıb. Yerdə qalan maliyyə beynəlxalq təşkilatların hesabından ödənilib. Vətəndaş cəmiyyəti institutlarına maliyyə yardımlarının ayrılması dövlətin yaratdığı bir neçə fond hesabına, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Elmin İnkişafı Fondu, Bilik Fondu vasitəsilə ayrılıb. Bütün bunlar ölkədə vətəndaş cəmiyyəti institutunun inkişafına dəstək məqsədi daşıyır.
-Ölkədə QHT-lərin sayı artsa da, hələ də kəmiyyət- keyfiyyət məsələsində balans qorunmur. Bəzi QHT-lər var ki, onların adı var, amma fəliyyətini görmürük.
-Son 15 ildə ölkədə 3 mindən çox QHT qeydiyyatdan keçib. Amma doğrudur ki, biz onların çoxunun fəaliyyətini görmürük. Bunu illik hesabatlarımızda da əks etdiririk.
-Qeydiyyatdan keçən QHT-lər niyə sonra fəaliyyət göstərmir, vətəndaş cəmiyyətinin inkişafına töhvə verə bilmirlər?
-Onların çoxu işini qura bilmir. Bunun günahkarı özləridir. Səbəb odur ki, təşkilatlarını yarada bilməyiblər, qeydiyyatdan keçiriblər, amma lazım olan səviyyədə dəstək əldə etməyiblər. Təşkilatın maddi-texniki bazasını qurmayıblar, ofis məsələsi həll olunmayıb.
-Rauf bəy, QHT var ki, adı var, əlaqə nömrəsi var, axtarırıq nə ünvanında tapa bilirik, nə dəki, əlaqə nömrəsində...
-QHT-lərin ofis problemi var. QHT-lərin daimi ofisi yoxdur. Çünki, onlar ayrılan maliyyə yardımına uyğun layihə boyu ofis kirayələyirlər. Layihə başa çatandan sonra ofisə kirayə haqqı ödəmək lazım olduğundan, növbəti layihəyə qədər başqa yerdə müvəqqəti fəaliyyət göstərirlər. Ona görə də, QHT-lərin çoxunun bircə mobil nömrələri və mail ünvanı ilə tapmaq mümkün olur.
-Paytaxtda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə müqayisədə region QHT-lərində passivlik müşahidə olunur...
- Doğrudur, region QHT-ləri paytaxtdakı QHT-lərlə müqayisədə bir qədər geridə qalırlar. Amma hamısına da aid etmək olmaz. QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək.
-Rauf müəllim indi çoxları QHT yaratmaq arzusunda olsa da, qeydiyyatdan keçirə bilməməkdən şikayətlənir. QHT-lərin qeydiyyatının sadələşməsi istiqamətində hansı işlər görülə bilər?
-Hansısa QHT-nin sənədi qaydasında və yerində olmaya bilər. Amma QHT-lərin qeydiyyatı ilə bağlı sənədlərin sadələşməsi ilə bağlı xeyli işlər aparılıb. Ədliyyə Nazirliyində sənədi qaydasında olan təşkilatlar qeydiyyat problemi ilə üzləşmir. Hüquqi baxımdan sənədlərdə səhvlər yoxdursa, qəbul olunur, qeydiyyatdan da keçirlər. Ədliyyə Nazirliyi ilə Milli QHT Formu bu məsələdə də əməkdaşlıq edir. Elə bizim məktubumuz əsasında 500-dən çox QHT qeydiyyatdan keçib.
-Son vaxtlar QHT-KİV əməkdaşlığında da fəallıq hiss olunur. Demək olarmı ki, vətəndaş cəmiyyəti institutlarının müsbət fəaliyyəti QHT-ləri KİV üçün informasiya mənbəyinə çevirib.
-QHT-KİV əməkdaşlığı hazırda yüksək səviyyədədir.Mətbu orqanlar, telekanallar QHT-lərin bütün tədbirlərini işıqlandırırlar. Artıq mətbuat da vətəndaş cəmiyyəti institutlarının bu cəmiyyətin inkişafı üçün xidmət göstərdiyini dərk edir, onların fəaliyyətini ictimaiyyətə çatdırırlar.
-QHT-lərə müxtəlif mənbələrdən maliyyə yardımları ayrılsa da, hələ də QHT-lər dövlət sifarişlərindən məhrumdurlar.
- Bu gün QHT-lər dövlətə bu işdə yardımçı ola, sosial xidmətləri həyata keçirə bilərlər. Çox təəssüf ki, hələki QHT-lərə sosial sifarişlər verilmir. Bu isə bəzi QHT-lərin potensialı olduğu halda işsiz, maliyyəsiz qalmasına gətirib çıxardır.
-Rauf bəy QHT sektorunda daha bir problem kadr problemidir. QHT-lər maliyyə tapanda layihəni işləməyə kadr tapmırlar.
-Doğrudur ki, QHT-lərin çoxu kadr məsələsində problemlə üzləşir. Buna səbəb vətəndaş cəmiyyəti institutlarının öz kadrlarını saxlaya bilməməsidir. Bunun üçün QHT-lərə davamlı maliyyə laızmdır. Kadr layihə olanda cəlb olunur. Layihə başa çatanda QHT-nin imkanı yoxdur ki, kadra maaş verib onu işdə saxlasın.
-Maaş demişkən, QHT-lərdə çalışanların əmək haqqı məsələsi də "yaralı" yerləri hesab olunur. 3-cü sektorda maaş artımı prosesi çox ləng gedir.
-Bu QHT-lərin aldıqları qrantlarla da bağlıdır. Bəzən QHT hansısa layihəyə çox az maliyyə yardımı alır. Bu zaman cəlb etdiyi işçiyə də az maaş verir. QHT nə qədər çox maliyyə yardımı alırsa, işçisinə də gördüyü işə uyğun maliyyə ayırır.
-Vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarında ictimai şuralarda iştirakçılığı cəmiyyət üçün hansı töhvələr verəcək?
- 2013-cü ildə Milli Məclis "İctimai iştirakçılıq haqqında" qanun qəbul edib: "16 yanvar 2014-cü ildə qanunun tətbiqi haqqında Cənab Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana görə, qanun ötən ayın 1-dən qüvvəyə minib. Bütün bunlar cəmiyyətimiz və dövlətimizin həyatında olduqca mühüm hadisədir. Təsəvvür edin ki, bu qanun imkan verir ki, 16 yaşına çatmış istənilən Azərbaycan vətəndaşı mərkəzi və yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuraların üzvü olsun, ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda sözünü desin və əhalinin qanuni marağını qoruya bilsin. Bax, budur bu qanun əsas mahiyyəti. Ona görə də hesab edirəm ki, ictimai və ya vətəndaş iştirakçılığının bu səviyyədə tətbiqi indiyə kimi Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət - vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaqdır. İnanıram ki, həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları ictimai şuraların yaradılması prosesində xüsusi fəallıq nümayiş etdirəcək və dövlətimizin yaratdığı bu imkandan səmərəli şəkildə istifadə edəcəklər.