İkinci Qarabağ müharibəsi başlayır?

Müharibənin yenidən alovlanması ehtimalı nə dərəcədə realdır?

İkinci Qarabağ müharibəsinin başlaya biləcəyinə dair ehtimallar artıq ciddi şəkildə müzakirə olunmaqdadır.Bir çox politoloqlar düşünürlər ki,ilk olimpiya oyunlarından sonra Qarabağ cəbhəsində müharibə təhlükəsi qaçılmazdır.Üstəlik vurğulanır ki, Ermənistanda etiraz aksiyaları 10 gündür ki, davam edir.

Bu da Azərbaycanın müharibədə birbaşa üstünlük qazanmasına gətirib çıxara bilər. Müdafiə naziri Zakir Həsənovun da "Düşmən Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatları görür. Bu yaxınlarda onlar daha böyük işlərə şahidlik edəcəklər" ifadəsi bəzilərində Azərbaycanın ildırımsürətli müharibəyə hazırlaşdığını düşünməyə əsas verir.
Xatırladaq ki, bu günlərdə Ermənistan xarici işlər naziri Seyran Ohanyan da müharibə ehtimalının qüvvətlənməsinə işarə vuraraq Azərbaycanın məhz buna hazırlaşdığını söyləmişdi. Düzdür, Ohanyanın bu bəyanatının arxasında narazılıqların pik həddə çatdığı Ermənistanda əhalini "Azərbaycan müharibəyə hazırlaşır" təbliğatı ilə səfərbər etmək niyyətinin dayana biləcəyi daha inandırıcıdır. Bununla belə, müharibə ehtimalının Azərbaycan kluarlarında da ciddi müzakirə olunduğunu nəzərə alaraq "Unikal" qəzeti mövzuyla bağlı kiçik araşdırma aparıb.
Mövzuyla bağlı mətbuata açıqlama verən hərbi ekspert Azad İsazadə hesab edir ki, yaxın vaxtlarda təmas xəttində gərginliyin arta biləcəyi mümkün görünsə də müharibə gözlənilmir:"Cəbhə boyu gərginliklər arta bilər. Səbəb isə Ermənistanda əhalinin etiraz aksiyaları keçirməsidir. Hər zaman belə olur. İrəvanda vəziyyət gərginləşəndə ermənilər Qarabağ cəbhəsində provokasiya həyata keçirməyə can atırlar. Bu da erməni əhalisinin fikrini başqa səmtə yönəltməyə hesablanıb. Onlar bunu dəfələrlə ediblər. Bu cür addımlarla onlar daxildəki vəziyyəti dəyişdirə bilirlər. Rusiya son vaxtlar üstüörtülü bəyanatlar verir. Bilidirir ki, özünüzü yaxşı aparmasanız, Qərbə doğru meyillənsəniz biz kənara durarıq. Azərbaycana yardım göstərməsək də, kənara durmağımız Qarabağın taleyini həll etməyə kifayət edər. Bunu rusiyalı politoloqlar dəfələrlə bildiriblər. Ruslar bildirirlər ki, biz Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatında yalnız Ermənistan ərazisinə hücumlara cavab verə bilərik. Dağlıq Qarabağ bura aid deyil. Amma bu hələlik siyasətçilər yox, politoloqlar səviyyəsində səsləndirilir".
Politoloq Ərəstun Oruclu isə əksinə düşünür. Şərq Qərb Araşdırmaları Mərkəzinin rəhbəri hesab edir ki, müharibə təhlükəsi gözlənilən və olduqca realdır:"Çünki regionda və bölgədə böhran yaranıb. Rusiya bölgədə möhkəmlənmək istəyir. İndi Azərbaycanda çağırışlar səsləndirilir ki, Ermənistanda vəziyyət qarışıb. Biz bundan istifadə edib, müharibə edə bilərik. Fikrimcə, bu yanlış bir fikirdir. Çünki o zaman biz Rusiya ilə qarşılaşa bilərik. Bu baxımdan təhlükə var. Rəsmi Bakı düşünür ki, hərbi əməliyyatlar zamanı ölkə müxtəlif beynəlxalq qurumlardan nə qədər uzaq olarsa, ona təsir imkanları da bir o qədər az olar. İlk baxışdan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsində heç bir qəbahət yoxdur və ərazi bütövlüyünün təmin olunması və qorunması hər bir ölkənin suveren hüququdur. Amma sual olunur ki, ölkə bu işdə son dərəcə zəruri olan beynəlxalq və xarici dəstəyi kimdən alacaq? Ermənistanın hərbi müttəfiqi olan Rusiyadan, öz daxili siyasi problemlərinin burulğanında və Suriya böhranı içində çabalayan Türkiyədən, yoxsa Azərbaycanla xüsusi dostluq münasibətlərində olmayan İrandan?".

Orxan Həsənli