Aliment Fondunun yaradılması reallaşır: sərt cəzalar nəzərdə tutulub

Boşanmadan sonra yaranan ən böyük problemlərdən biri də alimentlərin verilməsi ilə bağlı olur. Çünki qanuna əsasən, boşandıqdan sonra uşaq valideynlərdən birində qalarsa, digər valideyn aliment ödəməlidir.
Amma bir qayda olaraq boşanmadan sonra uşaqlar analarında qalır və tənha qadınlar üçün uşaqlara baxmaq o qədər də asan başa gəlmir. Qarşı tərəf alimenti verməkdən boyun qaçırırsa problem daha da dərinləşir. Bəs çıxış yolu nədir?
Problemin həllini tapmaq məqsədilə Aliment Fondunun yaradılması nəzərdə tutlur. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərib. Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bununla bağlı bildirib ki, bu işdə başqa ölkələrin təcrübəsi öyrənilir. Onun sözlərinə görə, Aliment Fondu yeni bir struktur olacaq: "Bizim komitə Aliment Fondunun yaradılmasına dair təşəbbüskarlardan biridir. Başqa dövlətlərdə - Macarıstanda, Almaniyada, Fransada belə fond var. Aliment Fondu ya müstəqil bir təşkilat olmalı, ya da Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməlidir".
Şöbə müdiri Azərbaycanda Aliment Fondunun yaradılması mexanizminin bir qədər fərqli olacağını vurğulayıb: "Mexanizmin özündə yeni bir təşkilatın yaradılması əks olunub. Yeni təşkilatın yaradılması üçün isə yeni büdcə olmalıdır. Büdcədə də tutaq ki, 2000 vətəndaşa alimentin ödənilməsi ilə bağlı vəsait müəyyənləşdirilməlidir. Yəni, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə tutaraq dövlət büdcəsinə qaytarmalıdırlar. Bu mexanizmin yaradılması çox vacibdir".
Onun sözlərinə görə, Aliment Fondunun yaradılması ilə Azərbaycanda sosial risk qrupunda olan şəxslərə yardım etmək imkanı yaranacaq: "Alimenti ödəməkdən boyun qaçıran valideynlər məcburi şəkildə psixoloqlara göndəriləcək ki, niyə aliment ödənilmir, nəyə görə valideyn uşağına qarşı laqeyiddir. Valideyn psixoloqa getməyəndə azadlıqdan məhrum edilir. Qanunvericilik təkmilləşdiriləndən sonra bunu tətbiq etmək olacaq. İnkişaf etmiş ölkələr bu praktikadan istifadə edir".
E.Səfərov qeyd edib ki, bu gün alimentlə bağlı qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilməlidir: "Təsəvvür edin insanın adına əmlak yoxdur, rəsmi əmək haqqı heç bir yerdə göstərilmir. Ancaq yaşayış səviyyəsi yaxşıdır. Bununla belə, alimenti ödəmir. Elektron baza yaradılmalıdır. Cinayət məsuliyyətinə cəlb etmə prosesi daha da gücləndirilməlidir. Aliment beş ay müddətində ödənmirsə, bunu edən şəxs avtomatik olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Xatırladaq ki, bu təklifi edərkən aliment ala bilməyən valideynlərə dəstəyi əsas tutub. Əgər belə bir fond yaradılarsa, aliment ala bilməyən valideynlər üçün böyük yardım olacaq. Aliment ala bilməyənlərə dövlətin dəstəyi olacaq. Dövlət qurumu vətəndaşların hüquqlarını müdafiə edəcək. Eyni zamanda Fond aliment verməyən şəxsi məsuliyyətə cəlb edə biləcək ki, bu da ciddi dəyişiklik sayılmalıdır.
Məlumat üçün bildirək ki, aliment verməyənlərin adları artıq "qara siyahı"ya salınıb. Hətta millət vəkili Elmira Axundova mövzuyla bağlı açıqlamasında bildirib ki, aliment verməyənlərin adlarının sərhəddən çıxışına qadağa qoyulan "qara siyahı"ya əlavə edilməsi müsbət addımdır: "Bir neçə dəfə Milli Məclisdə bu təkliflə çıxış etmişdim. O təklif yüksək dəyərləndirildi və bununla bağlı Cinayət Məcəlləsinə 306-cı maddə əlavə edildi. Bu qanunun tətbiqindən sonra bir az müsbətə doğru dəyişikliklər əldə etməyə nail olundu. Artıq dövlət sərhəd məntəqələrimizdəki "qara siyahı"da aliment verməyənlərin də adı var. Əgər alimenti ödəməyən şəxs sərhədi keçmək istəsə, siyahıda adı varsa, o sərhəddə saxlanılır. Pulu tam ödəməyincə, nə xaricə gedə bilir, nə də ölkəyə geri qayıdır. Bəzən ata uşağa aliment vermir və özü də xaricdə yaşayır. Dəfələrlə belə hal olub ki, belə şəxslər ölkəyə qayıdanda sərhəddə saxlanılıb və borcu olan qədər məbləğ onlardan alınıb anasına verilib."
Şahin