QHT-lərin sayının artması, onların
fəaliyyətinin inkişafı mühüm hadisədir

Hüquqşünas deyir ki, "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanunu vətəndaşların və ictimai birliklərin dövlət idarəetməsində nəzarəti həyata keçirmək üçün çox mühüm bir addım olub

Azərbaycan müstəqillik əldə edəndən sonar dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması üçün böyük bir yol keçib. Bu yol bir o qədər hamar olmasa da, dövlətin həyata keçirdiyi tədbirlər mövcud problemlərin həlli üçün stimul verdi. Hazırda demək olar ki, bu sahədə strateji hədəflərə çatılıb.
Hüquqşünas Mehman Muradlı Azərbaycanda vətəndaş cəmiyyətinin real vəziyyəti və inkişafı yönündə atılan addımlarla bağlı fikirlərini "Unikal"la bölüşərkən deyib ki, bu istiqamətdə atılan addımlar təqdir olunmalıdır. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində qəbul olunan proqramlar, icra olunan layihələr öz nəticəsini verməkdədir: "Bu proqramlar insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi önəmli sənədlərdən biridir. Bildiyiniz kimi, proqramın preambula hissəsində göstərilir ki, Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qəbul olunub. Proqramın qəbul olunmasında 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanı proqramın əsas mənbəsi hesab etmək olar. Belə ki, Konstitusiyanın əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bu proqram qəbul edildikdən sonra bir çox qanunlarda dəyişikliklər olmuş və bir neçə yeni qanunlar qəbul edilib. QHT-lərin sayının artması, onların fəaliyyətinin inkişafı və ümumilikdə insanların maarifləndirilməsi mühüm hadisədir. Heç də təsadüfü deyil ki, millət vəkili, Azərbaycan Respublikasını Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin müəllifliyi ilə qəbul edilmiş və 2014-cü ilin 1 iyun tarixində qüvvəyə minən "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanunu vətəndaşların və ictimai birliklərin dövlət idarəetməsində nəzarəti həyata keçirmək üçün çox mühüm bir addım olub".
Mehman Muradlının fikrincə, vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması demokratiyanın daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. Onun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında doqquzuncu fəsilin məhz vətəndaş cəmiyyətinin inkişafına həsr olunması da mühüm məqamlardandır: "Bu amilin özü göstərir ki, Azərbaycanda vətədaş cəmiyyətinin inkişafı üçün lazımi addımlar atılır. Konsepsiyanın həyata keçiriləcəyi dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti davam etdiriləcəkdir. Bu məqsədlə "Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Milli Fəaliyyət Proqramı" hazırlanacaq və həyata keçiriləcəkdir. Proqramda vətəndaş cəmiyyətinin inkişafını stimullaşdıran, dövlətin və özəl sektorun vətəndaş cəmiyyətinə dəstəyini gücləndirən yeni qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi, QHT-lərin layihə və proqramlarına maliyyə yardımının artırılması, "QHT evləri"nin, tədris mərkəzlərinin yaradılması və digər məsələlər öz əksini tapacaqdır. Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaqdır. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcəkdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması yönündə QHT-lərin potensialından daha səmərəli istifadə olunacaqd.Vətəndaş cəmiyyətinin inkişafı üçün özəl sektorun donor fəaliyyətini stimullaşdırmaq və bu sahədə institusional səviyyəyə nail olmaq vacibdir. Milli donor institutunun yaradılması korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına, transmilli şirkətlərin, böyük biznes qurumlarının sosial sərmayə proqramlarının artmasına təkan verəcək. Buna nail olmaq məqsədi ilə korporativ məsuliyyət üzrə strategiya və dövlət proqramları hazırlanacaq, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək.
Hüquqşünas deyir ki, konsepsiyanın həyata keçirildiyi müddətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin nəzərə alınaraq tətbiq olunması dövlət orqanları ilə QHT-lər arasındakı qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək, regionlarda QHT-lərin sayı artacaq və maddi-texniki bazası gücləndiriləcək: "Konsepsiyanın icra olunduğu uzunmüddətli perspektivdə söz və məlumat azadlığının inkişafına yönəlmiş tədbirlər davam etdiriləcək, informasiya sektorunun və KİV-in fəaliyyətini tənzimləyən milli qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcək. İnformasiya sektorunda müasir texnologiyaların tətbiqinə, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsinə, potensialının yüksəldilməsinə və qlobal informasiya məkanında öncül mövqe əldə etməsinə hərtərəfli dəstək göstəriləcəkdir. Qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin, informasiya 35 cəmiyyətinin formalaşdığı hazırkı dövrdə informasiya sektorunda prioritetlərin müəyyənləşdirilməsi və reallaşdırılması üçün zəruri tədbirlər görüləcək, müasir metodoloji və texniki yeniliklərin öyrənilməsi və tətbiqi sürətləndiriləcəkdir. Qlobal şəbəkədə milli informasiya resurslarının kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, onların əhatə dairəsinin genişləndirilməsi, beynəlxalq ictimai rəyə təsir imkanlarının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdir. Müasir dövrdə ictimai fikrin formalaşmasını və ifadə olunmasını təmin edən təsirli vasitə kimi, KİV-in cəmiyyət həyatında rolu və əhəmiyyəti yüksəlir. Buna görə də kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin başlıca istiqamətlərindən biri olacaqdır. Azərbaycan dövləti informasiya sektorunda yeni təzahürləri stimullaşdırmaqla yanaşı, həm də ənənəvi informasiya resurslarının fəaliyyətinin səmərəli təşkilinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə dəstəyini davam etdirəcəkdir. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə KİV layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, onlara subvensiyalar, subsidiyalar, güzəştli kreditlər ayrılacaqdır. Azərbaycanın bölgələrində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədi ilə redaksiyalara ünvanlı yardımlar göstəriləcək, "Mətbuat Evləri", regional mətbəələr yaradılması dəstəklənəcəkdir. KİV-in iqtisadi müstəqilliyini təmin etmək məqsədi ilə reklam bazarının genişləndirilməsi stimullaşdırılacaq və bu sahədə mövcud problemlər aradan qaldırılacaqdır. Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həlli ilə bağlı dövlət siyasəti davam etdiriləcəkdir. Jurnalistlərin peşəkarlığının yüksəldilməsi demokratik, məsuliyyətli mətbuatın formalaşmasının əsas şərtlərindən biridir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün jurnalistika sahəsində kadrların hazırlanmasına diqqət artırılacaq, Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması üçün beynəlxalq təşkilatlarla və xarici jurnalist qurumları ilə birgə tədbirlər davam etdiriləcəkdir. 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyəti təkmilləşdiriləcək, internet informasiya
resursları inkişaf etdiriləcəkdir. Kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin olunması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi sahəsində tədbirlər sürətləndiriləcəkdir".
Sonda M.Muradlı onu da nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin inkişafında mətbuatın da rolu böyükdür. Onun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında doqquzuncu fəslin məhz vətəndaş cəmiyyətinin inkişafına aid edilməsi və mətbuatın önəminin xüsusi vurğulanması da önəmlidir. Bu səbəbdən də media ilə vətəndaş cəmiyyətini ayrı düşünmək mümkün deyil.