İsrailin qəyyumu Rusiya olacaq?

İsrailin qəyyumu Rusiya olacaq?

ABŞ-ın udmağa məcbur olduğu kifayət qədər acı həb...

"ABŞ mənəvi, tarixi və strateji səbəblərə görə uzun müddət İsraili müdafiə edib. İsrail Amerikadan yardım alan əsas xarici dövlətdir və qonşuların ancaq arzu edə biləcəyi birinci dərəcəli Amerika silahlarına çıxışı var. Lakin ən önəmlisi budur ki, dünyada yeganə fövqəldövlət olan ABŞ həm hərbi baxımdan, həm də BMT-də İsrailin başlıca müdafiəçisidir". Bunu ABŞ-ın məşhur "The Week" nəşri yazıb (məqalə müəllifi: Piter Veber).
Məqalədə daha sonra deyilir: "İsrailin təhlükəsizlik zəmanəti ABŞ xarici siyasətinin müqəddəs, sarsılmaz, çox mühüm yönüdür. Lakin bu qədər vacibdirmi ki, ABŞ İsrailin müdafiəsini təmin etsin? Hazırda ABŞ-İsrail münasibətləri çətin bir dövr yaşayır və ola bilsin, onların özəl münasibətini yenidən qiymətləndirməyin vaxtı yetişib. Bəlkə də, bu ölkələrin ayaq saxlamağı və İsrailin müdafiəçisi rolunu hansısa başqa bir dövlətə öz üzərinə götürməyə imkan verməyi lazımdır - ən azı, müəyyən müddətə. İndiki halda bəlli variant Rusiyadır.
Rusiya bu gün artıq əvvəlki həmin fövqəldövlət deyil, lakin yenə də yetərincə güclüdür. Şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinin əsas məqsədi öz ölkəsini yenidən qüdrətli etməkdir ki, başqa dövlətlər ondan qorxsun və sayğı göstərsin. O, bu məqsədi güdməklə Rusyanın hərbi gücünün, o cümlədən əzəmətli nüvə cəbbəxanasının bərpa edilməsinə nəhəng vəsait ayırıb. Rusiya razılaşsa, İsrail əmin ola bilər ki, istənilən düşmənini ölümcül qorxutmaq üçün müasir silah və kifayət qədər nüvə dəstəyi əldə edə bilər.
İkincisi, Rusiyanın yəhudilərlə münasibət tarixi kifayət qədər qaranlıq olub - qırğınları xatırlayaq. Çağdaş durum daha əlverişli görünür. Sovet İttifaqı 1948-ci ildə İsraili rəsmən tanıyan ilk dövlətlərdən biri oldu. Xeyli fikir ayrılıqlarına baxmayaraq, - 1967-ci ildən 1991-ci ilədək bu ölkələr arasındakı diplomatik münasibətlərdə ciddi soyuqluq hiss olunurdu, - Putin ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün cəhdlər göstərdi. O, 2005-ci ildə İsrailə səfər etdi ki, Rusiya, hətta sovet liderinin bu ölkəyə ilk səfəri oldu. Sonralar isə 2012-ci ildə II Dünya Savaşında Qızıl Orduda vuruşmuş yəhudi əsgərlərinin abidəsinin açılışına görə yenidən ora getdi.
İsraillə Rusiya arasında münasibətləri qaydaya salmaq üçün bir yığın səbəb var. Lakin başlıcası budur ki, İsrail son 20 il ərzində xeyli daha çox "ruslaşıb". Harada yaşasalar da, Putin rusların vəziyyətinə görə son dərəcə narahat olur və onların maraqlarının müdafisəi naminə başqa dövlətin ərazisinə müdaxiləyə əl atmağa hazırdır. Hazırda israillilərin 15%-i keçmiş Sovet İttifaqından gedən mühacirlərdir.
Keçmiş sovet diasporunun yarım milyona yaxın təmsilçisi indiyədək rus dilində danışır, rusiyalı mühacirlərlə ünsiyyətdə olur, rus qəzetlərini oxuyur və İsrailin rusdilli vətəndaşlarına xidmət edilən yerlərə baş çəkirlər. Onların, təxminən, üçdə biri - 300 min nəfər - İsrailin dini qanunlarına görə yox, qayıdış haqda İsrail Qanununa görə yəhudi sayılır, yəni əcdadlardan, heç olmasa, biri yəhudi olmalıdır. Bu isə o deməkdir ki, onlar İsrail vətəndaşı olsalar da, İsrail ərazisində evlənmək və dəfn olunmaq hüququndan məhrumdurlar.
Putin və İsrail hökuməti islamçı güc və terrorçulara qarşı eyni dərəcədə sərt mövqe tutur. Bir müddət əvvəl hesab olunurdu ki, Rusiya daha çox Fələstini müdafiə edir, lakin sələflərindənsə Putin İsrailin fələstinlilərə hücumunu daha çox dəstəkləyir. Bundan başqa, Putin Çeçenistanda müsəlman yaraqlılarına hücum edərkən, hətta Gürcüstan və Ukraynaya müdaxilə edəndə İsrail ABŞ və Avropanı dəstəkləməkdən imtina etdi.
Rusiyanın İsrailin növbəti müdafiəçisi olacağını ehtimal etməkdən ötrü bunlar yetərlidirmi? Ehtimal ki, yox. Lakin başqa motivlər də mövcuddur - başlıcası isə pul və nüfuzdur.
Putin çox istəyir ki, Rusiya kürəsəl hökmlərə təsir etməkdən ötrü yenidən dünya dövləti olsun. İsraili müdafiə edən ölkə dünya siyasətinin bir çox ən önəmli məsələləri üzrə danışıqlar masası arxasında zəmanətli yer əldə edir. İsrailin qanad altına alınması Qara dənizin kurort şəhərində Qış olimpiya Oyunlarının keçirilməsi və yaxud futbol üzrə dünya çempionatının sahib ölkəsi statusunu əldə etmək xatirinə FİFA məmurlarını rüşvətlə ələ almaq qədər, hətta ondan da böyük mənaya malikdir. Rusiya neftin aşağı qiyməti və Qərb sanksiyalarına qarşı mübarizə aparmağa məcburdur. Buna görə də silahını satmağa yeni bazarlar axtarır. Bu məqamda İsrail böyük müdafiə büdcəsi olan səxavətli alıcıdır.
Rusiya inandıra bilsə ki, İsrailə görə məsuliyyət altına girmək ABŞ-ın məğlubiyyəti demək ola bilər, bu, çox ehtimal ki, işbirliyini qəti şəkildə möhkəmlədər. Həm də bu, müəyyən mənada ABŞ-ın udmağa məcbur olduğu kifayət qədər acı həb olacaq.
Linkoln Mitçel "New York Observer"-də yazır: "Rusiya sübut edə bilsəydi ki, İsrailin tərəfindədir və Yaxın Şərqdə cihadçı terrora qarşı çıxış edir və Amerika xalqının hətta az bir qismi Rusiyanı yəhudi dövlətinin etibarlı dostu saysadı, Amerika prezidentinə Rusiyaya qarşı sanksiya tətbiq etmək və Moskvanın iradəsinə zidd olaraq onun qonşularını NATO-ya qəbul etmək xeyli dərəcədə çətin olardı".
Lakin İsrailin təhlükəsizliyinə görə məsuliyyətin Rusiyaya ötürülməsi həm ABŞ-a, həm də bütün dünyaya xeyir gətirərdi. Moskva indiki anda Suriya prezidenti Bəşər Əsədin və İranın, yəni İsrailə münasibətdə düşmən olan iki dövlətin əsas müdafiəçisidir. Rusiya İran və Suriyaya silah tədarükü və siyasi dəstəyini heç də dayandırmamalıdır, lakin bu yardımın həcmini bir qədər azaltmalı olacaq.
Həm də Rusiya Fələstin-İsrail danışıqlarının fəal iştirakçısı olmasa da, görünür, ABŞ artıq əsas vasitəçi rolundan yorulub. Güman ki, münaqişə tərəfləri Moskvanın fələstinlilərə keçmiş dəstəyini nəzərə almaqla onu düzgün vasitəçi sayarlar. Bu, baş tutsa, onda İsrail əsas tərəfdaşının onu insan haqlarını pozmaqda qınamasından çəkinmədən, ən azı, Fələstin ərazilərində daha sərbəst şəkildə güc tətbiq edə bilər.
İsraillə ABŞ-ı uzunmüddətli və sıx dostluq birləşdirir, lakin məşhur mahnıda deyildiyi kimi, "dincəlmək üçün hər kəsə bir az vaxt lazımdır".
Münasibətləri tam şəkildə kəsməyə heç bir səbəb yoxdur - Rusiya və İsrail artıq münasibətləri qaydaya salır, ABŞ isə heç vaxt İsrailin düşməni olmayacaq. Lakin Yaxın Şərqdə yenidən qruplaşma hər kəsə ancaq fayda gətirəcəksə, yalnız nostaljiyə görə bir-birindən yapışıb sallanmağına dəyməz.
İsrailə münasibətdə ABŞ siyasəti xeyli onilliklər ərzində təəccüblü dərəcədə ardıcıl idi. Lakin buna daş üzərində nəqş olunmuş dini ehkam kimi yanaşmağına dəyməz".

Murad İbrahimli