Əski türk dövlətləri

Əski türk dövlətləri

Doğudan Batıya qılıncı işlşəyib hökmü keçənlərin şanlı tarixçəsi
strateq.az saytı yeni bir layihəyə başlayır: tarixdə mövcud olmuş türk dövlətləri haqqda bilgiləri silsilə yazılar vasitəsilə özət (xülasə) şəklində oxuculara təqdim edəcək, ardınca isə çağdaş türk dövlətlərinin hər biri haqqında ayrıca məqalələr veriləcək.
Birinci yazıda ən əski dönəmlərdən orta yüzilliklərə qədərki, ikinci yazıda isə XX yüzilliyin birinci yarısında bəzən bir neçə ay, bəzən də bir neçə il mövcud olmuş türk dövlətlərindən söz açacağıq.
Bu yazıda Sacoğulları (Sacilər), Saloğulları (Salarilər), Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Səfəvilər, Osmanlı dövləti, Teymur İmperatorluğu (Teymurilər), Babur İmperatorluğu, Əfşar Dövləti, Qacar Dövləti, Atabəylər, Eldəgəzlər və digər onlarla əski türk dövlətindən danışılmayacaq. Nədən ki, bunlar haqqında xeyli sayda araşdırmalar yazılmış və bir çoxu haqqında orta məktəb kitablarında, az-çox, bilgi verilir. Barəsində bilgi verdiyimiz iyirmidən artıq əski türk dövləti Azərbaycan oxucusuna bəlli olmayan və ya çox az bəlli olan dövlətlərdir.
Üçüncü yazı isə çağdaş türk dövlətləri və toplumları haqqında olacaq.

(əvvəli ötən sayımızda)

Doğu Göytürk xaqanlığı
Bu Xaqanlıq 582-ci ildə iki yerə bölünən Göytürk Xaqanlığının doğu qanadıdır. İlk başçısı İşbara Xaqan idi. Göytürk Xaqanlığının parçalanması İşbaranı çox çətin duruma salmışdı. Çin dövləti minlərlə göytürklü tacirləri ölkəsindən qovmuş, Xaqanlıq aclıq və qıtlıqla üz-üzə qalmışdı. Olduqca çətin duruma düşən İşbara Xaqan Çinə müraciət etmiş, ondan yardım istəməli olmuşdu. Çin imperatoru hər cür yardıma hazır olduğunu bildirmiş, lakin Doğu Göytürk Xaqanlığı qarşısında çox ağır bir şərt qoymuşdu: doğuda yaşayan göytürklər çin dilində danışmalı, çin geyimi geyməli və Çin adətlərini qəbul etməli idi. Xalqı çox ağır durumda olan İşbara Xaqanın Çin imperatoruna məktubu belə olur:
"Sizə bağlı qalacaq, vergi verəcək, qiymətli atlar hədiyyə edəcəm. Ancaq dilimizi dəyişdirə bilmərəm. Xalqıma Çin geyimləri geyindirə bilmərəm. Adətlərinizi, qanunlarınızı qəbul edə bilmərəm. Bu mümkün deyil. Çünki bütün millətim bu yöndə duyğusallıqla çarpan bir ürək kimidir".
İşbara Çindən asılı duruma düşməyi ilə razılaşmadığı üçün qısa müddət sonra dərin qayğılar içində ölür. Lakin 609-cu ildə Şi Pi Xaqanın hakimiyyətə gəlməsindən sonra Xaqanlıq xeyli güclənir. Doğu Göytürk Xaqanlığına Xaqanlıq edən türklər bunlar idi:
İşbara Xaqan (582-587)
Baga Xaqan (587-589)
Tulan Xaqan (589-600)
Kimin Xaqan (600-609)
Şi-Pi Xaqan (609-619)
Çula Xaqan (619-621)
İl Xaqan (621-630)
Sonuncu Doğu Göytürk Xaqanı İl Xaqan olmuşdu. 630-cu ildə bu Xaqanlıq da süquta uğramışdı.

Avropa Avar
imperatorluğu

Bu günki Macarstan, Slovakiya, Xarvatiya, Rumınya və Serbiyanı əhatə edən əski türk dövlətlərindən biridir. Dövlətin dili türkcə, dini Tanrıçılıq idi. Avar Xaqanı I Bayan tərəfindən 562-ci ildə qurulan bu dövlət 823-cü ilə qədər yaşamışdı.
I Bayan Avar imperatorluğuna 40 il - 562-ci ildən 602-ci ilə qədər xaqanlıq etmişdi. Sərkərdəlik qabiliyyəti və liderlik özəlliyi ilə dövləti qüdrətli duruma gətirmişdi.

Xəzər xaqanlığı
Xəzər Xaqanlığı 630-cu ildə qurulmuş, 1030-cu ilə qədər - 400 il öz varlığını qoruyub saxlamış, Araz çayından indiki Ukraynanın batı sərhədlərinə, Qara dənizdən Aral gölünə qədər ərazini əhatə etmiş qüdrətli, əski türk dövlətlərindən biridir.

İkinci Doğu Göytürk
xaqanlığı
Bu Xaqanlıq 681-ci ildən 744-cü ilə qədər mövcud olmuşdur. Çin əsarəti altında olan Doğu Göytürk Xaqanlığı Qutluq Xaqanın zamanında yenidən baxımsızlıq əldə etdi. Bu üzdən bu dövlətə "Qutluq Dövləti" də deyilməkdədir.
680-ci ildə Qutluq Bilgə Tonyukuk ilə birlikdə Çinə qarşı üsyan qaldırdı. Qaynaqların yazdığına görə, "17 arxadaşı ilə" birlikdə savaşan Qutluq 681-ci ildə Doğu Göytürk Xaqanlığını bərpa etməyi bacardı. 682-ci ilə qədər bütün göytürkləri bir bayraq altında birləşdirdiyi üçün ona İltəriş titulu verildi. İltəriş el, dövlət quran anlamındadır.
Hakimiyyətə gəlincə Bilgə Tonyukuku vəzir edən İltəriş Qutluq Xaqan dövlətin başında olduğu 12 il ərzində Çin üzərinə 17 dəfə yürüş etmişdi. Qaynaqların yazdığına görə, bütün səfərlərində qələbə ilə geri dönmüşdü.
693-cü ildə İltəriş Qutluq Xaqan ölür. Bundan sonra Kapağan Xaqan onu əvəz edir.

Uyğur xaqanlığı
742-ci ildə ayrı-ayrı uyğur boyları birləşərək Uyğur Xaqanlığını yaradır. Federasiya şəklində qurulan bu Xaqanlıq 840-cı ilə qədər mövcud olmuşdur.
Orxon çayı hövzəsində qurulan Uyğur Xaqanlığının paytaxtı Ordubalık (Xanbalıq) şəhəri idi. Uyğur Xaqanlığı əsasən Tanrıçılıq və şamanizm inancında idi. Eyni zamanda burada maniheizmin, xristianlığın və buddizmin də ardıcılları var idi.
Uyğur Xaqanlığı əski türk xaqanlıqları arasında öz mədəniyyətinin yüksək olması ilə seçilir. Bu Xaqanlıqda yeni şəhərlər salınır, əkinçilik və heyvandarlığın inkişafına böyük önəm verilirdi. Çinlə mədəni və iqtisadi əlaqələr qurulur, dövlət bəlli hüquq qaydaları ilə idarə olunur, ayrı-ayrı dinlərin qarşılıqlı anlaşma və barış şəraitində fəaliyyət göstərməsi kimi sivil ortam meydana gətirilir.

Tabğaç dövləti
Türk Tabğaç Dövləti 385-ci ildə Çinin quzeyində qurulmuş, 550-ci ilə qədər mövcud olmuşdur.
Əski türk yazılı abidələrində Tabğaç boyunun adı bir neçə dəfə çəkilir, Mahmud Kaşğarlı "Divani-lüğət-it-türk" əsərində bu boydan bəhs edir. Bilgə Tonyukuk abidəsində belə bir qeyd var:
"Bilge Tonyukuk ben özüm tabgaç iline kılındım türk bodun tabgaçka körür erdi." (Mən Bilgə Tonyukuk Tabğaç elində doğuldum. Türk budunu Tabğaça bağlı idi).

Türkeş dövləti
Göytürklərin tərkibində olan On Ok boylarının 699-cu ildə qurduğu dövlətin adıdır. Həm də Türgiş Dövləti kimi tanınan bu dövlət 766-cı ilə qədər yaşamışdı.
Göytürk Xaqanı Bumın Xaqan 552-ci ildə İstemini On Ok boyuna "Bəy" təyin etdi. Göytürk Xaqanlığı süquta uğrayınca Baka Tarkan bütün On Ok boylarını ətrafına toplayaraq 140 minlik ordu meydana gətirdi və Türkeş Dövlətini yaratdı. Bu günki Qırğızstan ərazisinin böyük hissəsi Türkeş Dövlətinin tərkibinə daxil idi. Paytaxtı Balasaqun şəhəri idi.
VIII yüzilliyin ortalarında Türkeş dövləti içərisində baş qaldıran qarşıdurmalar və sürəkli Çin müdaxiləsi sonucda Türkeş toplumunu Sarı və Qara adıyla iki yerə parçalanmışdı. Bir qədər sonra tərəflər dövləti ikiyə bölərək Sarı Türkeş Dövlətini və Qara Türkeş dövlətini yaratmışdılar.

Qaraxanlılar dövləti
Tarixdə mövcud olan uzunmüddətli türk dövlətlərindən biridir. Qaraxanlı dövləti 840-cı ildə Orta Asiya və Doğu Türküstan ərazisində qurulmuşdu. Ərazisi 3 milyon kvadrat km. idi. Qaraxanlıların hakimiyyəti 400 ilə yaxın sürüb. Qaraxanlı dövlətinin qurulduğu ilk yüzildə dini Tanrıçılıq idi. Dövlətin qurucusu Bilgə Kül Qadir Xan idi. 934-cü ilə qədər Tanrıçılıq dininə sitayiş edən bu dövlətin paytaxtı Balasaqun idi. 934-cü ildən - İslam dininin qəbul edilməsindən sonra paytaxt Kaşğar şəhəri oldu. Qaraxanlı dövləti İslam dinini qəbul edən ilk türk dövlətidir. İslam dininin qəbulundan sonra uyğur əlifbasından istifadə etməyə başlamışdılar.
Yusif Xas Hacibin "Qutadqu bilik" və Kaşğarlı Mahmudun "Divani-lüğət-it-türk" əsəri Qaraxanlılar dönəmində meydana gəldi.
Qaraxanlı dövləti 1042-ci ildə Doğu Qaraxanlı Dövləti və Batı Qaraxanlı Dövləti olmaqla iki yerə ayrılır. Doğu Qaraxanlı Dövlətinin paytaxtı Balasaqun, Batı Qaraxanlı Dövlətinin paytaxtı isə indiki Özbəkistanın Fərqanə ərazisində yerləşən Özkənd şəhəri idi. Hər iki Qaraxanlı dövləti 13-cü yüzilliyin əvvəllərində süquta uğramışdı.

Qaraxoca Uyğur krallığı
9-13-cü yüzilliklərdə mövcud olmuş, Doğu Türküstan ərazisində uyğurlar tərəfindən qurulan dövlətdir. Uyğurlar 856-cı ildə Mengli Xaqanın başqanlığı ilə Uyğur Krallığını elan etdilər. Paytaxtları Beşbalıq və Turfan şəhərləri olmuşdu. 1209-cu ildə süquta uğramışdı.

Qəznəlilər dövləti
961-ci ildən 1187-ci ilə qədər mövcud olmuşdur. Dövlət öz adını hazırda Əfqanstanın 34 vilayətindən biri olan Qəznə şəhərinin adından götürmüşdü. Bu ərazilərdə uzun müddət fars kökənli Samanilərin hakimiyyətdə olması nədəni ilə burada yaşayan türklərin dili xeyli dərəcədə farslaşmışdı. Buna görə də Qəznəlilər Dövlətində 3 dildən istifadə olunurdu. Rəsmi dil əsasən farsca, hərbi dil isə türkcə idi. Dini törənlərdə daha çox ərəb dilindən istifadə olunurdu. Dövlətin paytaxtı əvvəllər Qəznə, sonralar isə hazırda Pakistan ərazisində yerləşən Lahor şəhəri idi.
Qəznəlilər Dövlətinin qurucusu olan Alp Təkin Samanilər dönəmində ordu sərkərdəsi idi. Dövlətin tam şəkildə qurulması onun kürəkəni Səbük Təkinin, yüksəlişi isə Səbük Təkinin oğlu Sultan Mahmudun adıyla bağlıdır.
1187-cı ildə (bəzi qaynaqlara görə 1186-cı ildə) Qəznəlilər dövlətinin son hökmdarı Hüsrəv Məliyin əsir alınmasına görə bu dövlət süquta uğradı.

Böyük Səlcuqlu dövləti
985-ci ildə Səlcuk bəy tərəfindən əsası qoyulan bu dövlətin digər adı Böyük Səlcuqlu İmperatorluğudur. Səlcuqlu dövləti Alp Arslanın hakimiyyəti dönəmində (1063-1072) xeyli genişlənmişdi. 1071-ci ildə baş verən məşhur Malazgird savaşı onun adıyla bağlıdır. Həmin savaşda Bizans imperatoru Romen Diogen Alp Arslan tərəfindən əsir alınmışdı. 1072-ci ildə Alp Arslan öləndən sonra onun yerinə oğlu Məlikşah keçdi. Məlikşahın hakimyyətdə olduğu 1072-1092-ci illər arası Səlcuqlu dövlətinin ən parlaq dönəmi oldu. Səlcuqlu dövləti 1157-ci ildə süquta uğradı.
Bundan başqa Kirman Səlcuqlu dövləti, Xorasan Səlcuqlu dövləti, İraq Səlcuqlu dövləti, Suriya Səlcuqlu dövləti və Anadolu Səlcuqlu dövlətinin hər biri Səlcuq bəyin soyundan gələn türklər tərəfindən qurulmuşdu.
Namiq Hacıheydərli