Hüquqi dövlət quruculuğunun Azərbaycan modeli
Azərbaycan dövləti özünün gələcək inkişaf strategiyası ilə bağlı konkret hədəflər müəyyənləşdirib ki, bu gün də məhz həmin hədəflərin reallaşdırılması yönündə ardıcıl tədbirlər planı həyata keçirilir. Həmin hədəf isə vətəndaş cəmiyyətinin bərqərar olması, hüquqi dövlət prinsiplərinin dönməz xarakter alması, söz və ifadə azadlığının tam təminatıdır. Bu gün ölkəmizdə demokratik təsisatların güclənməsi, Qeyri Hökumət Təşkilatlarının (QHT) cəmiyyətin idarə olunmasında rolunun artması, ifadə azadlığının təminatı dövlətin önəm verdiyi strateji hədəflərdən başlıcalarıdır.
Ölkəmizdə hüquqi dövlət quruculuğunun inkişafını səciyyələndirən başlıca əlamətlərdən biri dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi hüquqi mexanizmlərin formalaşdırılmasından keçməsidir. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Eyni zamanda, istər dünya təcrübəsində tətbiq edilən hüquqi novasiyalar, istərsə də, cəmiyyətimizin dinamik inkişafı və ölkə həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələrin həyata keçirilməsini tələb edir.
Eyni zamanda vətəndaş cəmiyyətinin özəyi hesab edilən QHT-lərin formalaşması və inkişafına göstərilən diqqət xüsusi olaraq qeyd edilməlidir. Unudulmamalıdır ki, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət quruculuğu prinsiplərinə sadiqlik hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artımla deyil, həm də insanların ölkədə azad şəkildə yaşamasından, demokratiyanın inkişafından asılıdır. Elə bu baxımdan da Azərbaycan bir çox postsovet ölkəsi üçün örnək sayıla bilər. Vətəndaş cəmiyyətinin əhəmiyyətli mövqelərə sahib olduğu, demokratik təsisatların inkişaf etdiyi Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və aparılmalıdır.
Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilib. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət edir. Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya prosedurunun üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi məhz bu baxımdan aktuallıq kəsb edir. Azərbaycanda müasir dünyanın hüquqi praktikasında mövcud olan başlıca meyllərin tətbiqinə, vətəndaş cəmiyyəti qurumlarının daha da inkişaf etdirilməsinə, müstəqil məhkəmə sisteminə dayanan hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş siyasət uğurla həyata keçirilir.
Sovet despotizminin və ideoloji maşınının cəngindən xilas olaraq müstəqillik əldə etmiş bir ölkədə əsaslı demokratik və hüquqi dövlət quruculuğuna yönəlik islahatların aparılması qaçılmaz idi. Bu, hansısa ayrı-ayrı şəxslərin və ya kənar qüvvələrin diqtəsi yox, məhz dünyəvi dövlət qurmaq zərurətindən irəli gələn bir tələb idi. Azərbaycan da müstəqilliyinin elə ilk illərindəcə demokratikləşmə yolunda addımlar atmağa başladı. Beləliklə, Azərbaycan artıq istədiyi yolda idi – hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda.
1995-ci ilin noyabrında ölkəmizin ilk Konstitutisyasının qəbulundan və hökumətin bu istiqamətdə adddımlarını çevikləşdirməsindən sonra müstəqil Azərbaycan köhnə Sovet Azərbaycanından bir qədər də uzaqlaşmış oldu. Mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinə xüsusi diqqət göstərildi. Ölkədə siyasi partiyaların, QHT-lərin maneəsiz fəaliyyətinə "yaşıl işıq" yandırıldı. Məhz həmin illərdə Azərbaycanda mətbuat üzərindən senzura götürüldü ki, bu da demokratikləşmə yolunda irəliyə doğru atılmış böyük addım idi.
Təsadüfi deyil ki, 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".
Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997-ci ildə bunları deyirdi: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".
Hazırda da prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasi xətt uğurla davam etdirilir. Aparılan məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizin vətəndaş hüquqları və azadlıqları təmin edilmişdir. Məhkəmə-hüquq sistemində aparılmış uğurlu islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan bu seçim xüsusi şəffaflığına, obyektivliyinə və saflığına görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmiş və digər dövlətlərə tövsiyə edilmişdir.
Ölkənin demokratikləşmə yolunda hərəkətliliyinin göstəricisidir ki, bu gün respublika ərazisində 50-dən artıq siyasi partiya, 3500 qeyri-hökumət təşkilatı, 3 mindən çox qəzet və jurnal, çoxsaylı elektron KİV və informasiya agentliyi, 16 mərkəzi və regional televiziya fəaliyyət göstərir...
Dünya təcrübəsi də sübut edir ki, istənilən ölkədə vətəndaş cəmiyyətinin qurulmasında qeyri-hökumət təşkilatlarının mövcudluğu olduqca mühüm amildir. Elə bu baxımdan da Azərbaycanda kifayət qədər böyük işlərin görüldüyü danılmaz reallıqdır. Azərbaycanda keçirilən parlament, prezident və bələdiyyə seçkilərinin tam şəffaf və demokratik prinsiplərə uyğun olaraq həyata keçirilməsi ölkəmizin beynəlxalq imicinə öz töhfəsini vermişdir.
Hüquqi dövlət quruculuğu və demokratiyanın əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığı sahəsində isə Azərbaycanın əldə etdiyi nəticələr qonşu dövlətlər üçün də nümunə sayıla bilər. Müstəqil telekanalların, qəzet-jurnalların, habelə elektron KİV-in fəaliyyəti üçün münbit şərait yaradılıb. Azərbaycanda dövlətin müstəqil medianın fəaliyyətinə müdaxiləsindən söhbət belə gedə bilməz. Əksinə Azərbaycan dövləti mətbuatın inkişafına nail olmaq üçün mütəmadi olaraq media strukturlarına maddi yardımlar göstərir, onların ayaqda dayanması üçün müxtəlif tədbirlər həyata keçirir. Bu isə hətta bir neçə onillik öncə demokratiya yoluna qədəm qoymuş digər dövlətlərdə belə müşahidə olunmayan müsbət tendensiyadır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun dönməz xarakter almasından xəbər verir.