Milli donor 387 milli QHT-nin layihəsini dəstəkləyib

İctimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsinə və inkişafına yönələn ən mühüm addımlardan biri vətəndaş cəmiyyətinin aparıcı elementlərindən olan Qeyri-Hökumət Təşkilatlarının xarici donorlardan asılılığının azaldılması və dövlətin bu təşkilatlar üçün əsas donora çevrilməsi üçün mexanizmin formalaşdırılmasıdır.
Belə ki, son bir neçə ilə qədər Azərbaycanda fəaliyyət göstərən QHT-lər öz təşəbbüslərini həyata keçirmək üçün ancaq xarici donorlardan, beynəlxalq təşkilatlardan və fondlardan maliyyə dəstəyi ala bilirdilər. Dövlətlə QHT-lər arasında tərəfdaşlıq o qədər də inkişaf etməmişdi. QHT-lərin xarici donorlardan asılı olması həm də milli təhlükəsizlik nöqteyi-nəzərindən müəyyən narahatlıqlar meydana çıxarırdı. Nəhayət geniş ictimai müzakirələrdən, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən sonra Azərbaycanda da bir çox inkişaf etmiş Avropa ölkələrində olduğu kimi dövlət-QHT tərəfdaşlığı üçün mexanizmin yaradılması məsələsi həllini tapıb. Azərbaycanın iqtisadi qüdrətinin artması QHT-lərin təklif etdikləri layihələrin, sosial-ictimai həyatın ən müxtəlif aspektlərinə dair faydalı təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsinə də imkan yaradıb. Azərbaycan prezidentinin sərəncamı ilə "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" təsdiqlənib, bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirib. Məhz bu məqsədlə 8 il əvvəl ölkədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Artıq illərdir ki, milli donor vasitəsilə QHT-lərə qrantlar ayrılır. Vətəndaş cəmiyyəti institutlarına layihələrin həyata keçirilməsi məqsədilə ayrılan qrantların məbləği, həyata keçirilən layihələrin səmərəliliyi həmişə müzakirə mövzusu olub. Bəs görəsən Şura əsasən hansı layihələri maliyyələşdirir? Həmin layihələri kimlər qiymətləndirir? Bu məsələlərdə şəffaflıq necə qorunur?
QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Şuranın əsas məqsədi vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olmaqdan, ictimai əhəmiyyətli problemlərin həllində Qeyri-Hökumət Təşkilatlarının rolunu artırmaqdan ibarətdir: "Ölkədə 2007-ci ilə qədər davam edən QHT-hökumət dialoqu, nəhayət, öz bəhrəsini verdi. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə QHT-lərin inkişafına dövlət dəstəyini nəzərdə tutan çox mühüm bir addım atıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası" qəbul edildi, daha sonra isə bu dövlət sənədi müddəalarının reallaşdırılması üçün Prezidentin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Dövlət QHT-lərlə tərəfdaşlıq və əməkdaşlıq münasibətləri qurmaq və ictimai fəaliyyəti canlandırmaq üçün Şuraya xüsusi mandat verdi. Bu, QHT sektorunun inkişafında yeni dövrün uğurlu başlanğıcı idi".
Mətbuat xidmətindən bildirdilər ki, Şuranın əsas vəzifələri vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək,Qeyri-Hökumət Təşkilatlarını dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb etmək,
Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətini, dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatlarının münasibətlərini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər vermək, dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatları arasında müasir münasibətlər modelinin formalaşdırılması məqsədilə sabit və effektiv tərəfdaşlıq sisteminin yaradılmasını dəstəkləmək, Qeyri-Hökumət Təşkilatlarının inkişafı proseslərini müşahidə, təhlil və təşviq etmək, Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın prioritet istiqamətlərini rəhbər tutaraq Qeyri-Hökumət Təşkilatlarına dövlət yardımı proqramlarını və layihələrini hazırlayıb həyata keçirmək, xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının sülh və təhlükəsizliyin qorunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə, demokratiya və siyasi plüralizmin inkişafına, korrupsiya, insan alveri və terrorizmlə mübarizəyə yönəlmiş proqram və layihələrini dəstəkləməkdən ibarətdir.
Ölkədə fəaliyyət göstərən QHT-lərin fəaliyyət istiqamətlərinə gəlincə, Şuradan verilən məlumata görə, Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, hazırda müxtəlif istiqamətlər üzrə vətəndaş cəmiyyəti institutlarının kifayət qədər sabit qrupları formalaşıb: "Ölkədə qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həlli sahəsində 73, hüquq müdafiəsi ilə bağlı 121, uşaq və gənclərlə bağlı 191, gender məsələləri üzrə 79, səhiyyə yönümlü 68, ekologiya sahəsində 77, iqtisadi yönümlü 218, sahibkarlıqla bağlı 63, təhsil, elm və texnika sahəsində 176, jurnalistlərin problemləri ilə bağlı 43, mədəniyyət və incəsənətlə bağlı 113 və digər təşkilatlar dövlət qeydiyyatından keçiblər. Dövlət ilk növbədə aşağıdakı sahələr üzrə qeyri-hökumət təşkilatlarının təqdim etdikləri proqram və layihələrə üstünlük verir:
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi;
- qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi;
- qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həll edilməsi;
- azərbaycançılıq ideyasının təşviq olunması;
- Azərbaycanın dünya birliyinə inteqrasiya olunması;
- beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi;
- siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması;
- vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi:
- insan, hüquq və azadlıqlarının təmin edilməsi;
- söz, fikir və ifadə azadlığının genişlənməsi;
- regionların sosial-iqtisadi inkişafının təmin edilməsi;
- təhsil, elm, texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsi;
- ətraf mühitin mühafizəsi;
- uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı;
- əhalinin sağlamlığının qorunması.
Şuradan verilən məlumata görə, verilən layihələrin qiymətləndirilməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Ekspert Qrupları tərəfindən həyata keçirilir: " Bu Ekspert Qruplarının müəyyən hüquq və vəzifələri var. Həmin qrupların hüquqlarına Şuranın müsabiqə qaydaları və hazırlanmış təlimatlarla tanış olmaq, Şuranın müvafiq sahə üzrə qəbul etdiyi qərarla tanış olmaq, fəaliyyət göstərməsi üçün müvafiq iş şəraiti ilə təmin olunmaq, təhkim olunduğu sahədə işin təşkili ilə əlaqədar təkliflər vermək, hazırlanmış sənədlərin, metodik vəsaitlərin və layihələrin ekspertiza rəylərinin müzakirəsi ilə bağlı iclaslar keçirmək, göstərdiyi xidmətə görə müəyyən edilmiş qaydada qonorar almaq hüquqları var. Bu Ekspert qruplarının vəzifələrinə isə, Şuranın tapşırığı ilə qeyri-hökumət təşkilatları üçün əhəmiyyət kəsb edən sahələrdə proqram və layihələr, müxtəlif elmi, tədris və metodik vəsaitlər hazırlamaq aiddir. Şuraya daxil olan layihələri Şuranın katibliyindən ekspertiza üçün qəbul edir. Şuraya daxil olan layihə təkliflərinin ekspertizasını aparır və hər bir layihəyə dair müvafiq rəy hazırlayır, hazırlanmış sənədlərin, metodik vəsaitlərin və layihələrin ekspertiza rəylərinin müzakirəsi ilə bağlı iclaslarda iştirak edir, maliyyələşdirilməsi üçün Şuraya təqdim edilmiş layihələri müəyyən edilmiş müddətdə ekspertiza edib Şura Katibliyinə təqdim edir. Ekspert öz funksiyalarının icrası ilə bağlı göstərdiyi fəaliyyətlərə görə müvafiq müqavilədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır,öz fəaliyyət sahəsində Şuranın qəbul etdiyi qərar və qaydaları əsas tutur".
Şuradan bildirdilər ki, şəffaflıq naminə ekspertlərin kimliyi və rəyləri ictimaiyyətə açıqlanmır: "Ekspertlər təqdim edilmiş hər hansı bir layihə təklifini kənar şəxslərlə, digər ekspertlərlə və Katibliyin qiymətləndirmə prosesinə cəlb olunmamış işçiləri ilə müzakirə etmir. Katibliyin təşəbbüsü ilə təşkil edilmiş layihə təkliflərinin ümumi müzakirələri istisna olunur. Ekspert Qrupları layihə təkliflərinə dair Şura üzvlərinə təqdim etdiyi tövsiyyələrini digər şəxslərlə müzakirə etmir. Ekspert Qrupları cavablandırdığı qiymətləndirmə cədvəlinin elektron və ya digər surətini özündə saxlayır və onu digər şəxslərə göstərmir".
Şuradan verilən məlumata görə, 2014-cü ilin iki maliyyə müsabiqəsi nəticəsində 386 milli QHT-nin layihəsinə 3 mln.manata yaxın maliyyə ayrılıb. 2015-ci ilin I maliyyə müsabiqəsi nəticəsində isə 387 milli QHT-nin layihəsi dəstəklənib.