Müxalifət düşərgəsində

Müxalifət düşərgəsində "yarpaq tökümü"nün pik həddi

Müsavat və AXCP-ni yay böhranı "vurdu", parlament seçkiləri ərəfəsində istefalar başladı

Ənənəvi radikal müxalifətin siyasi iflasın bir addımlığında olduğunu son günlər baş verən olaylar da təsdiqləyir. Belə ki, ölkə müxalifətinin sıraları getdikcə daha çox seyrəlir və onlar parlament seçkilərinə bir neçə ay qalmış nüfuzlu simalarını itirirlər. Həm Müsavat, həm də AXCP hazırda özlərinin çox gərgin dövrlərini yaşayır və müşahidələr adıçəkilən partiyaların mövcudiyyətlərini qoruyub saxlayacağına belə şübhələr yaradır.

Müsavat Partiyası ilə bağlı durum İsa Qəmbərin başqanlıqdan geri çəkilməsindən sonra daha da dramatikləşib. Yeni başqan Arif Hacılının idarəçiliyinə etiraz əlaməti olaraq bu günə qədər onlarla partiya üzvü müsavatın sıralarını tərk edib və proses bu gün də davam edir. Belə ki, təşkilatın əsas simalarından olan Rauf Arifoğlunun da partiyadan getmək istədiyini bəyan etməsi prosesin dərinləşəcəyindən xəbər verir. Məlumat üçün bildirək ki, Rauf Arifoğlu bəyan edib ki, 49 yaşının tamam olmasını gözləyir və ad günündən dərhal sonra istefa ərizəsini yazacaq: "Partiyadan getmək barədə qərarı çoxdan vermişəm. Hələ qurultaydan öncə başqan namizədlərinin demək olar ki, hamısına elan etmişdim ki, qurultaydan sonra partiya üzvlüyündən gedəcəyəm. Bir neçə ay öncə bu qərarı icra edəcəkdim, indiki başqanın xahişi ilə təxirə saldım. Müsavat Partiyasından getməyimin zamanı gəlib. Uzun müddətdir Müsavatın opponentləri mənim qəzetçi kimi sərbəst fəaliyyətimi təşkilata qarşı şantaja çeviriblər. Bəzi partiya üzvləri də belə durumdan rahatsız olurlar və mənə qarşı əsassız ittihamlara yol verirlər. Məncə, jurnalistika özü bir dünya partiyasıdır və onun öz qızıl prinsipləri var. Bu prinsiplər partiyalılıq prinsipləri ilə ziddiyyət, özü də tam diametral ziddiyyət təşkil edir. Bunların ikisi bir yerdə mümkün deyil. Əminəm ki, Azərbaycanda da bu proses mütləq getməlidir və jurnalistlər "öz" partiyalarına - məsləklərinə aid olmalıdırlar. Onların partiya nizamnaməsinə tabe olması nonsensdir, söz azadlığı prinsiplərinə ziddir. Çünki partiya üzvü olan jurnalist bir sıra azadlıqları ilə yanaşı, söz azadlığının verdiyi imkanlardan da könüllü olaraq imtina edir, onu məhdudlaşdırır, buna məcbur qalır. Siyasi liderin yanında sirr tutan jurnalist artıq jurnalist deyil, o, peşəsinə xəyanət edir".
R.Arifoğlu hələ ki, partiyadan getmək səbəbini tam açıqlamayıb və bu haqda geniş məlumatı yazacağı istefa ərizəsində göstərəcəyini bildirib: "Seçim anıdır, bunu etmişəm, geriyə yol yoxdur. Bundan sonra da müstəqil şəxs kimi ictimai-siyasi fəaliyyət göstərəcəyəm. Məsələn, təsisçilərindən biri olduğum Milli Strateji Düşüncə Mərkəzində fəaliyyətimi davam etdirəcəyəm. Mənə də, Müsavata da bu cür daha rahat olacaq. Təşkilata informasiya dəstəyini isə davam etdirəcəyəm. Ancaq Müsavatın yeni rəhbərliyi bunu istəməsə, məcburi edəsi deyiləm".
Onu da deyək ki, R.Arifoğlu öz istefası ilə bərabər, qəzetdə çalışan əməkdaşların partiya üzvlüyü məsələsinə də toxunub. Heç kimə "gedin" deməyəcəyini, hər kəsin buna özünün qərar verəcəyini açıqlayıb. Onun bu mövqeyi isə qəzetçilərin də istefaya mədəni şəkildə dəvəti kimi qiymətləndirilir və onların da az zaman ərzində bu cür qərar verəcəyi gözlənilir.
Əslində baş redaktor açıqlamasında səsləndirdiyi fikirlərində partiya üzvü olan qəzetçinin obyektiv olmadığını, sədrin tərəfində olduğunu bildirməklə mövqeyini aydın şəkildə bildirib. Onun özünün bu səbəbdən istefa verdiyini elan etməklə digər qəzetçilərdən də analoji addımı gözlədiyi şübhə doğurmur. R.Arifoğlunun dediklərini - partiya üzvlüyü ilə jurnalist olmağın bir araya sığmadığını neçə illik fəaliyyətdən sonra, təxminən 50 yaşında dərk etdiyini nəzərə alsaq, "Yeni Müsavat"qəzetinin əməkdaşlarının Müsavat Partiyasından istefa vermək qərarına nə vaxt gələcəklərini söyləmək çətindir. Amma onların baş redaktorla narazı münasibətlər çərçivəsində işlərini davam etdirəcəkləri inandırıcı görünmür. Hansısa partiyanın heç bir yerdə çalışmayan üzvünün qarnını doydurmadığını nəzərə alsaq, bu yaxınlarda Müsavat Partiyasını tərk edənlərin sayının artacağını qaçılmaz hesab etmək olar.
Digər radikal müxalifət partiyası olan AXCP-də isə daxili gərginlik daha dözülməz həddədir. AXCP üçün ən acınacaqlısı odur ki, oradan sıravi üzvlər deyil, əsas funksionerlər uzaqlaşır. Dediyimizin sübutu kimi, bəzi məqamları xatırladaq. Belə ki, AXCP-də faktiki olaraq "müavin tökümü" yaşanır və bu işə ilk olaraq Fuad Mustafayev imza atıb. Ondan sonra silsiləni Asəf Quliyev davam etdirdi. Sonra Razi Nurullayev qovuldu. Bu günlərdə isə Əli Kərimlinin digər müavini Əbülfəz Qurbanlı istefa verdiyini açıqladı və partiyada hökm sürən acınacaqlı durumu incə eyhamla etiraf etdi. Orada müxtəlif maneələrin yaradıldığını bildirməklə əslində sədrinin hansı xislətdə adam olduğunu bir daha ortaya qoydu. Bu istefa bəyanatından öncə də Ə.Qurbanlı və AXCP sədrinin münasibətləri haqda müxtəlif məlumatlar yayılmışdı. Bildirilirdi ki, partiya rəhbərliyi Ə.Qurbanlıya qarşı qısqanclıq nümayiş etdirib və ona fəallıq göstərməyə imkan vermir. Görünən odur ki, vəziyyət o qədər kritik həddə çatıb ki, əli-qolu bağlanan bu şəxs istefadan başqa çıxış yolu görməyib və postundan da, üzvlükdən də imtina edib. Hətta onun xeyli müddətdir istefa vermək istədiyi haqda da iddialar var. Bu gecikmənin səbəbi isə partiyada ona edilən basqılardır.
Xatırladaq ki, AXCP sədrinin partiyada avtoritar rejim yaratdığı haqda açıqlama verən şəxslərin sayı kifayət qədərdir. Onların dediklərindən aydın olur ki, partiyadan istefa vermək istəyən çoxlu sayda adam var. Amma onlar qaragüruhun onları biabır edəcəyindən, Facebook-da kommentlərə tökülüşüb təhqir edəcəyindən, haqlarında müxtəlif yanlış şayiələr buraxılacağından çəkinirlər. Ona görə də hazırda partiyada rahat şəkildə mövqe bildirib və istefa ərizəsi yazıb çıxmaq müşkül məsələyə çevrilib. Oradan qaçmaq istəyən şəxsləri isə heç bir şəkildə qınamaq olmaz. Çünki normal düşüncəyə malik olan hər bir şəxs bilir ki, belə müxalifətin heç bir gələcəyi yoxdur və orada qalmaq müsbət nəsə vəd edə bilməz.
Göründüyü kimi, parlament seçkiləri ərəfəsində başı yalnız daxili qovğalara qarışan radikallar indi yalnız mövcudiyyətlərini qorumaq haqda düşünürlər, nəinki seçkidəki qələbə haqda. Amma onların bu minimal hədəfə çatacağı da inandırıcı görünmür. Hər halda partiyalardan kütləvi istefalar radikalların hansı acınacaqlı durumla üz-üzə olduğunun göstəricisidir.
Şahin Həsənli