Mikayıl Cabbarov

Mikayıl Cabbarov "Bakı 2015" I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb

Təhsil naziri Mikayıl Cabbarov nazirliyin nəzdində fəaliyyət göstərən idman məktəblərindən "Bakı 2015" I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.
APA-nın xəbərinə görə, nazir Azərbaycanda ilk dəfə keçirilən I Avropa Oyunlarının əlamətdar hadisə kimi tarixə düşdüyünü bildirib: "Bu il bir idman ölkəsi kimi Azərbaycan istər Avropa qitəsində, istər dünyada yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənə bildi. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı və I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı nəticəsində qısa müddət ərzində müasir tələblərə cavab verən müxtəlif idman obyektlərinin tikilib istifadəyə verilməsi, tələb olunan infrastrukturun yaradılması I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə zəmin yaradıb".
M. Cabbarov qeyd edib ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir: "Onlar 7 idman növü üzrə - atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş və stolüstü tennis növlərində mübarizə aparıblar. Həmin məktəblərin yetirmələrindən olan Amil Qasımovun sambo üzrə 2-ci, Hacı Əliyevin sərbəst güləş üzrə 3-cü və Eldar Səfərov idman gimnastikası üzrə 3-cü yeri tutublar".
Təhsil naziri onu da əlavə edib ki, I Avropa Oyunlarının təşkilində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib: "Könüllülər arasında SABAH qruplarının tələbələrinin də uğurlu fəaliyyəti qeyd olunmalıdır".
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, müəllimlər I Avropa Oyunlarında özlərini nümunəvi aparıblar.
Daha sonra I Avropa Oyunlarında sambo üzrə gümüş medal qazanan Amil Qasımov, sərbəst güləş üzrə bürünc medal qazanan Hacı Əliyev və idman gimnastikası üzrə bürünc medal qazanan 3-cü və Eldar Səfərova Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
M. Cabbarov Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa Oyunlarında fəal iştirak etmiş bir qrup əməkdaşını Fəxri fərmanla təltif edib. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri və kolleclərə ünvanlanmış təşəkkür məktubları həmin tədris ocaqlarının nümayəndələrinə təqdim olunub.
Toğrul