Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cari ilin birinci yarısında ölkəmizin ictimai-siyasi həyatı əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda davam edən quruculuq işlərinin başlıca təminatlarından olan sabitlik etibarlı qorunaraq daha da möhkəmləndirilib. Şəxsi heyətin dövlətə, anda sədaqəti və fədakar xidməti möhtərəm dövlət başçımız tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib. Azərbaycan Polisinin peşə bayramı ərəfəsində onun imzaladığı növbəti sərəncamlarla 41 əməkdaş dövlət mükafatları ilə təltif edilib, 3 rəhbər vəzifəli şəxs isə ali xüsusi rütbələrə layiq görülüb. Bütün bunlar polis orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürüdür.
Hesabat dövründə cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllərin davam etdiyi, kriminogen durumun nəzarətdə saxlanıldığı da qeyd olunub.
Geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində əldə olunan nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilib. Beynəlxalq İqtsadi Forumun 2014-2015-ci illər üzrə hesabatına əsasən, Azərbaycan, dünyanın 144 ölkəsi arasında "Polis orqanlarının etibarlılığı" indikatoru üzrə 15-ci, "Mütəşəkkil cinayətkarlıq" indikatoru üzrə 40-cı yeri tutub. Bu göstəricilərlə respublikamız Avropa və MDB ölkələrini xeyli qabaqlayır.
Məruzə ətrafı çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər. İclasa yekun vuran nazir R.Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi shəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.