Allahşükür Paşazadə: Azərbaycanda milli mənəvi dəyərlərimiz inkişaf edir


"Azərbaycan inkişaf etmiş bir dövlətə çevrilmişdir. Müstəqil Azərbaycan regionda lider dövlətdir. Müstəqilliyimizə heç kim xələl gətirə bilməz. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüvvətli bir dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, haqqını tələb edən bir dövlətə çevrilmişdir".
Bu fikirləri iyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxışı zamanı deyib.
Allahşükür Paşazadə bildirib ki, Azərbaycan nəinki öz iqtisadiyyatını, siyasi potensialını möhkəmləndirməklə bərabər, həm də ilklərə imza atan bir dövlətə çevrilmişdir. Onun fikrincə, buna birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi misal ola bilər.
"Azərbaycanda milli mənəvi dəyərlərimiz inkişaf edir. Məscidlər, ziyarətgahlar, sinaqoqlar, kilsələr tikilir, ya da bərpa olunur, dindarların istifadəsinə verilir. Azərbaycan dindarlarına ən böyük töhfəniz isə paytaxtımızın mərkəzində əzəmətlə ucalan Heydər məscidi oldu. Qafqazda analoqu olmayan bu məscidin, arxitektura baxımından, deyərdim, bəlkə də dünyada analoqu yoxdur. Heydər məscidinin 95 metrlik minarələri Azərbaycanda milli mənəvi dəyərlərin ucalığını göstərir"- deyə, Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.