Hakimiyyət islahatlara start verməyə hazırlaşır

Hakimiyyət islahatlara start verməyə hazırlaşır

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Ölkə başçısı dünənki müşavirədə bir sıra bəyanatlar verdi. O, xırda sahibkarlığa yaradılan problemlərdən, hava nəqliyyatının həddindən artıq bahalılığından, Almaniyanın Azərbaycana qarşı anti–təşviqat kampaniyasından danışdı. Ölkə başçısı vətəndaşlara belə hallarla rastlaşdıqda ona siqnal göndərməyin yollarını da çatdırdı. Bəs İlham Əliyevin dünənki müşavirədə məmurlara ünvanladığı sərt ismarışların arxasında nə dayanır? Bunu islahat mesajı kimi qəbul etmək olarmı?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış siyasi şərhçi İlqar Altay "Unikal"a açıqlamasında deyib ki, Azərbaycan prezidenti müstəqil dövlət rəhbəri olaraq Almaniya Bundestaqına yönəltdiyi iradlarında haqlıdır, bunu etmək onun borcu idi. Onun sözlərinə görə, Bundestaq bir ölkənin qanunvericilik orqanıdır, dövlət hakimiyyətinin bir qoludur: "Bundestaq bir ölkənin qanunvericilik orqanıdır, dövlət hakimiyyətinin bir qoludur. Bir ölkənin dövlət hakimiyyəti orqanının hətta, ən humanist mövqedən belə, başqa bir ölkədəki daxili proseslər barədə onun hakimiyyətinə tələb və təzyiq formasında rəsmi qərar cıxarması artıq, dövlətçiliyi aşagılamaqdır və istər istəməz narahatlıq və qıcıq yaratmalıdır".
Müsahibimiz hesab edir ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Almaniya Bundestaqının çixartdığı belə bir, ultimatum xarakterli qərar yersiz və zamansızdır, Azərbaycanda insan hüquqları və azadlıqları durumu və fəalların azadlığı məsələsində effektsizdir: "Yaxın tarix göstərir ki, təzyiq yox, daha diplomatik və anlaşmalı əməkdaşlıq təsiri yolu ilə bu istiqamətdə daha uğurlu nəticələr əldə olunub. Belə bir qərar üstəlik, iki ölkə arasında xoş münasibətlər qurulması üzərində çalışan ictimai xadimlər və təşkilatların, həm həbsdəki vətəndaşların azadlığı uğrunda çalışan hüquq müdafiəçilərinin işinə, həm də, dövlətlərarası münasibətlərə xələl gətirə bilən amil ola bilir".
Bu barədə fikirlərini "Unikal"la bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bunları deyib: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası daim ölkədə islahatların aparılması təşəbbüsü ilə çıxış edib və bunu ölkəmizin inkişafında mühüm addım hesab edib. Partiyamız Azərbaycan iqtisadiyyatının inkişafının stimullaşdırılması, qeyri-neft sektorunda sahibkarlıq fəaliyyətinə maliyyə dəstəyinin artırılmasını, yerli bankların daha ucuz maliyyə resursları ilə təmin olunması məqsədilə xaricdə saxlanılan valyuta ehtiyatlarından 4 milyard dollar ölkəyə gətirilməli, eyni zamanda, həmin vəsaitdən sahibkarlara aşağı faizlə kreditlərin verilməsinin təmin olunması tərəfdarıdır. Cənab prezidentin müşavirədəki tənqidi çıxışını təqdir edirəm və real vəziyyəti əks etdirir. Həqiqətən də ölkədə məmur məsuliyyətsizliyi mövcuddur və bu ölkənin inkişafına maneə törədir. Ümid edirəm ki, prezident islahatların aparılması yönündə ciddi addımlar atacaq".
Politoloq Qabil Hüseynli isə bizimlə söhbətində bildirib ki, ölkə başçısı bununla yeni islahatlara başlayacağı mesajını verib. Politoloq hesab edir ki, bəzi məmurlar qazanc əldə etmək üçün ölkə iqtisadiyyatının qan damarları hesab olunan xırda və orta sahibkarlığın inkişaf etməsinə qəsdən maneə yaradırlar: "Belə görünür ki, İlham Əliyev cənabları ciddi islahatlara başlamaq niyyətindədir. Sahibkarlığa yaradılan əngəlləri, inhisarçılığı dövlət başçısı dünənki müşavirədə bir–bir sadaladı. Çox güman ki, İlham Əliyev ölkədə kiçik və orta sahibkarlığa yaradılan əngəlləri aradan qaldıracaq. Doğrudan da ölkəmizdə bu cür hallar var. Hətta balaca bir "butka"sı olan adam üçün yüzlərlə problem yaradılır. Həmin problemləri yaradan insanların isə milyonları var. Buna baxmayaraq, onlar qazanc əldə etmək üçün ölkə iqtisadiyyatının qan damarları hesab olunan xırda və orta sahibkarlığın inkişaf etməsinə qəsdən maneə yaradırlar. Ölkə başçısı isə bu problemlərə çox həssaslıqla yanaşdı. O, həmçinin iqtisadiyyatın bu təbəqələrinin inkişafı üçün əlindən gələni edəcəyini bəyan etdi".
Qabil Hüseynli həmçinin bildirdi ki, dünənki müzakirədə ölkədə iqtisadi mühitin dəyişdirilməsinə yönəlik fikirlər öz əksini tapıb: "Hər halda ölkə başçısının çıxışı proqram xarakterli çıxış idi. Dünənki müzakirədə ölkədə iqtisadi mühitin dəyişdirilməsinə yönəlik fikirlər öz əksini tapıb. İqtisadiyyatımızda müəyyən problemlər yaranıb. Neftin qiymətinin düşməsi də buna təsir edən amillərdəndir. Neftin qiymətinin düşməsi həm də inflyasiyaya səbəb olub. Bu nöqteyi-nəzərdən baxanda iqtisadiyyatı yenidən canlandırmağa böyük ehtiyac var. Xırda və orta sahibkarlıq inkişaf etməlidir. Ölkədə pul dövriyyəsinin kütləsi artmalıdır. Bununla da yeni iş yerləri açmaq şəraiti üçün imkanlar yaranacaq".
Politoloq ölkə başçısının toxunduğu Almaniya məsələsinə də aydınlıq gətirib. Qabil Hüseynli deyib ki, Almaniya Azərbaycana qarşı Qərb siyasətinə yaraşmayan anti-mövqe sərgiləyir: "Ölkə başçısı da bütün bunlarla bağlı Almaniyaya xəbərdarlıq etdi. Almaniya oturub–durub Azərbaycan əleyhinə bəyanatlar verir. Azərbaycanda müəyyən hüquqların pozulmasından danışırlar. Ölkəmizin 1 milyondan artıq qaçqınlarının hüquqları, ərazi bütövlüyümüzün pozulması məsələsi bir dəfə də olsun dilə gətirilmir. İşğalçı Ermənistanın dövlətimizə qarşı çirkin niyyətləri işğalçı ölkəni narahat etməyəcək dərəcədə qaldırılır. Onlara qarşı sanksiyalar qaldırılmır. Azərbaycan müstəqil və suveren dövlətdir. Onun daxili işlərinə qarışmaq beynəlxalq hüquqa ziddir. Bundan başqa, Azərbaycan Qərb üçün ciddi enerji mənbəyidir. Onlar yenicə başa çatmış Avropa Oyunlarının təşkili üçün Azərbaycana minnətdarlıq əvəzinə böhtan xarakterli bəyanatlar verməklə elə bil ki, ürəklərini soyutmaq istəyirdilər. Bütün bunlar Qərb siyasi mədəniyyətinə yaraşmayan bir hal idi. Ölkə başçısı da bütün bunlarla bağlı Almaniyaya xəbərdarlıq etdi".
Qərib Gərayzadə