Ötən əsrin sonlarından başlayaraq, daha doğrusu Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra siyasi həyatda baş verən keyfiyyət dəyişikliyi yeni qurum və strukturların yaranmasına səbəb oldu. Elə Azərbaycan cəmiyyətinin Qeyri Hökumət Təşkilatları ilə ilk tanışlığı da məhz həmin illərə təsadüf edirdi.
Vətəndaş cəmiyyətinin yeni formalaşdığı həmin illərdə Qeyri Hökumət Təşkilatlarının vəzifələri, həyata keçirməli olduğu funksiyalar və ümumiyyətlə sosial statusu ilə bağlı tam təsəvvürlər formalaşmadığından QHT-lərə qarşı münasibət və onların fəaliyyətində aşkar nöqsanlar da nəzərə çarpırdı. Xüsusilə də QHT-lərin az qala bəzi siya qüvvələrin "kölgə strukturuna" çevrilməsi, QHT-lərin sosialyönümlü layihələr həyata keçirmək əvəzinə hətta siyasi iddialarla çıxış etməyə təşəbbüs etmələri ciddi nöqsanlardan sayılmalıdır.
Amma zaman keçdikcə QHT sektorunda da durulma prosesi getdi, onlar Azərbaycandakı vətəndaş cəmiyyətinin formalaşmasına öz töhfələrini verməyə başladılar. Bəlli olduğu kimi, QHT-lərin dünya təcrübəsindən məlum olan öz funksiyaları var, bu qurumlar bütün dünyada hakimiyyətə iddialı olmayan və vətəndaş təşəbbüslərinin ictimai, siyasi, sosial, mədəni həyatda nəzərə alınmasını formalaşdıran qeyri-siyasi institutlardır. Ölkəmizdə isə QHT sektorunun inkişafında 1998-ci ildə Azərbaycanda ilk dəfə "Qrantlar haqqında" Qanunun qəbulu müstəsna rol oynadı. Sözügedən qanunun qəbulundan sonra QHT sektorunda əvvəllər müşahidə edilən qeyri müəyyənliyə son qoyuldu, onların cəmiyyətin inkişafındakı rolu və funksiyaları aydınlaşdırıldı. Məhz bundan sonra dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında sağlam münasibətlər sahəsində yaxşı təcrübə əldə edildi və QHT-lər cəmiyyətin müxtəlif sahələrinə nüfuz etməyə, mütərəqqi layihələr icra etməyə başladılar.
Azərbaycanda QHT-lərin inkişafına öz müsbət töhfəsini verən daha bir qanun isə 2001-ci ildə qəbul edildi. Həmin il "Qeyri-hökumət təşkilatları haqqında" ayrıca qanun layihəsinin qəbulu QHT-ləri vətəndaş cəmiyyəti quruculuğu prosesində mühüm strukturlardan biri halına gətirdi. 2007-ci ildə isə Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub. Həmin ilin sonunda bu konsepsiyanın reallaşdırılması ilə bağlı zəruri təşkilati tədbirlər görülmüş, 2008-ci ildən artıq Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamış, onun tərkibi seçilmiş və bu Şura hakimiyyətin QHT-lərə dövlət dəstəyi konsepsiyasını uğurla icra edir. Bu gün isə QHT-lərin hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasındakı əvəzsiz rolu danılmazdır. Elə fəaliyyət sahələri var ki, orada təkcə dövlətin inzibati idarəçiliyi kifayət etmir, bu zaman isə QHT-lərin həyata keçirdikləri sosial, siyasi və mədəni layihələrin əhəmiyyəti olduca vacibdir. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin də ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında rolu müstəsnadır. QHT-lərin mənası, funksiyaları, əhəmiyyəti və fəaliyyətləri barədə əhali geniş məlumatlı olmasa da, intellektual insanlar və cəmiyyətin ictimai fəalları arasında bu barədə informasiya kifayət qədərdir. Respublikamızda fəaliyyət göstərən QHT-lər əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya, gənclər və digər sahələrdə fəaliyyət göstərir, öz istiqamətlərinə uyğun müxtəlif layihələr həyata keçirirlər. Onlar insan hüquqlarının təbliğində, əhalinin müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində layihələr həyata keçirirlər.
Unutmaq olmaz ki, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı üçün ilk növbədə fərdlərin birliyi zəruri şərtdir. Bu birliyin ən sınaqdan çıxmış və etibarlı forması isə QHT-lərdir. QHT-lər qarşılarına ümumi firavanlıq naminə çalışmaq məqsədini qoyan ayrı-ayrı şəxslərin birliyidir. Bütün cəmiyyətlərdə insanların sərbəst birləşməsi nəticəsində müxtəlif şəbəkələr yaranır. İnsanlar bu şəbəkələrdə könüllü öhdəliklər götürür və müqavilələr bağlayır. Sərbəst birləşmələr sosial gərginliyin zəifləməsinə yardımçı olur, cəmiyyət üzvlərinin bir-biri ilə əlaqə yaratmaq imkanlarını genişləndirir ki, bu da olduqca mühüm hadisədir.
Son illərin ən mütərəqqi və sevindirici tendensiyası isə ondan ibarətdir ki, bu gün QHT-lər əvvəlki illərdə olduğu kimi nə müxalifətin, nə də hansısa beynəlxalq donor təşkilatların diqtəsi altında fəaliyyət göstərmirlər. Etiraf olunmalıdır ki, bir neçə il qabağa qədər əsasən müxalifətçilərin cəm olduğu və məqsədi hakimiyyət əleyhinə siyasi propaqandaya dəstək vermək olan bəlli QHT-lərin fəaliyyət arealı nəzərə çarpacaq dərəcədə daralıb. QHT-çiliyin fəlsəfəsinə zidd olan siyasi proseslərdə iştirakçılıq meylləri kifayət qədər azalıb. Əvəzində isə Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti institutlarının arzuolunan əməkdaşlığının şahidlərinə çevrilməkdəyik ki, bu da problemlərin daha qısa zaman kəsiyində həll olunmasını şərtləndirən faktorlardandır.
QHT-lər çoxşaxəli münasibətlər sisteminə malik olduqları üçün vətəndaş cəmiyyətinin inkişafına böyük töhfələr vermək imkanına malikdirlər. Bu təşkilatlar bütövlükdə cəmiyyəti, fərdi planda isə ayrı-ayrı şəxsləri, həmçinin dövləti və dövlətçiliyi narahat edən və maraqlandıran bütün məsələlərin həllində aktiv şəkildə iştirak edirlər. Bu iştirakın səviyyəsi, əlbəttə ki, qeyri-hökumət təşkilatlarının öz fəaliyyətlərini qurmalarından birbaşa asılıdır. Bu baxımdan sözügedən təşkilatlar hansısa problemin həll olunması üçün dövlətin ən böyük dəstəkçiləridir. Dövlətə əlavə yük olmadan hansısa problemin aradan qaldırılması QHT-lərin əsas prinsiplərindəndir.
QHT- lər ölkədə demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırıblar. Sözsüz ki, burada QHT-lərin əsas vəzifələri ölkə Konstitusiyası ilə təsbit olunmuş əsas hüquq və azadlıqların təminatı sahəsində ictimai nəzarəti həyata keçirməkdən ibarətdir.
Demokratiyanın təməl prinsiplərindən hesab olunan bərabərlik, azadlıq, yaşamaq, şəxsi toxunulmazlıq, vicdan, tətil, şərəf və ləyaqətin müdafiəsi, fikir və söz azadlığı, sərbəst toplaşmaq və sair kimi hüquqların həyata keçirilməsində ictimai birliklərin rolu danılmazdır. Bunu nəzərə alan QHT-lər hər bir vətəndaşın dövlətin idarə olunmasında iştirakı, bu hüququn həyata keçirilməsinin əsas elementləri olan seçki hüququ, birləşmək və müraciət etmək kimi siyasi hüquqlarının təminatında ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməyə cəhd göstərir.
Azərbaycan dövləti "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını qəbul edib. Orada QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. Bu konsepsiyada hər şey göstərilib. QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır. Bu imkanların yaradılması, mövcud problemlərin həll edilməsi isə daha çox insanın, geniş kütlələrin bura cəlb edilməsi deməkdir. İnsanların öz asudə vaxtlarını təşkil etməsi, gənclərin təşkilatlanması, təcrübələnməsi, müxtəlif bilik və bacarığa yiyələnməsi, ofis, kompüter, dil biliklərinə yiyələnməsi məhz QHT-lərin daha güclü olması nəticəsində baş verə bilər. Bütün bunlarla yanaşı, nəticədə insanların vətəndaş cəmiyyəti institutlarının mahiyyətini anlaması, onu öyrənməsi gələcək fəaliyyəti üçün böyük bir əsas təşkil edir. Eyni zamanda veteranların, şəhid ailələrinin, əlillərin və onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının müdafiə edilməsi vətəndaş cəmiyyəti olaraq bizim başlıca vəzifələrimizdən biridir.
Göründüyü kimi, Azərbaycanda QHT-lərin geniş fəaliyyət istiqamətləri var, üstəlik dövlət onların səmərəli fəaliyyətinin təşkil olunması üçün istər qanunvericilik bazası baxımından, istərsə də praktik addımların atılması baxımından özünün dəstəyini göstərir. Bu isə onu düşünməyə əsas verir ki, QHT-lər ölkəmizdə hüquqi dövlət quruculuğuna töhfələrini verəcək və ayrı-ayrı sahələrdəki problemin həlli üçün özünün yardımçı funksiyasını daha da genişləndirəcək.