Arif Hacılı əvvəlki Qadınlar Birliyini qəbul etmədiyi üçün dağıtdı

"Arif Hacılı əvvəlki Qadınlar Birliyini qəbul etmədiyi üçün dağıtdı"

Ellada Məmmədli: "Müsavat Qadınlar Birliyinə yeganə alternativli seçki bizim dövrümüzdə keçirilib"

"Arif Hacılı əvvəlki Qadınlar Birliyini qəbul etmədiyi üçün dağıtdı. Vəfa Cümşüdlü sədr olmaq istəsə də, Alya Yaqublu əvvəlki başqan İsa Qəmbərin təkidi ilə Qadınlar Birliyinin ümumi yığıncağında yeganə namizəd kimi sədr seçildi".
Bunu açıqlamasında iyulun 19-da Müsavat Partiyası Qadınlar Birliyinin ümumi yığıncağında Alya Yaqublunun sədr seçilməsinə münasibət bildirən Müsavat Qadınlar Birliyinin keçmiş sədri, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin müavini Ellada Məmmədli deyib.
E. Məmmədli Qadınlar Birliyinin ümumi yığıncağında iştirak edəcək qadınların sayının 37 nəfərdən artıq olmayacağını daha əvvəldən proqnozlaşdırdığını söyləyib: "Bu proqnoz da özünü doğrultdu, çünki Arif Hacılının ətrafındakı rayon təşkilatlarının gücü yalnız 37 nəfəri bir araya gətirməyə çatır. Həqiqətən Alya Yaqublu 37 nəfərin iştirak etdiyi ümumi yığıncaqda səs çoxluğu ilə alternativsiz sədr seçildi. Mənim sədr seçkimlə müqayisə etsək, 2013-cü il dekabrın 22-də Qadınlar Birliyinin III Ümumi Yığıncağında 165 qadından 92-si real olaraq toplantıda iştirak edirdi və mən onların 51 nəfərinin səsini alaraq sədr seçildim, rəqibim Vəfa Cümşüdlü isə Arif Hacılının namizədi olaraq 37 səs almışdı. Ən azı özümlə fəxr edə bilərəm ki, o dövrdə mənə səs verən demokratik fikirli xanımlar əsl mübariz xanımlar idi. Çox təəssüf ki, o vaxt partiyanın İcra Aparatının rəhbəri olan Arif Hacılı həm sədr kimi məni, həm də Qadınlar Birliyinin Şurasını seçildiyimiz gündən qəbul etmədi, komandasının üzvü olmadığımız üçün daim bizimlə mübarizə apardı, qarşımızda əngəllər yaratdı. Ancaq bizim dövrümüzdə Qadınlar Birliyi fəaliyyəti ilə Müsavat tarixində kifayət qədər yer tutan bir qurum oldu. Qadınlar Birliyinə yeganə alternativli seçki məhz 2013-cü ildə - bizim dövrümüzdə keçirilən seçki olub".
E.Məmmədli Alya Yaqublunun birbaşa İsa Qəmbərin təzyiqi ilə Qadınlar Birliyinin sədri seçildiyini bildirib: "Vəfa Cümşüdlü bazar günü keçirilən ümumi yığıncaqda da əleyhimizə nə isə söyləmək istəyib, lakin İsa Qəmbər ağzından vurub ki, yox, əvvəlki Qadınlar Birliyinin fəaliyyətini danmaq olmaz. İsa Qəmbər Vəfa Cümşüdlünün namizədliyinə imkan verməyərək deyib ki, Ellada Məmmədlidən sonra orada elə adam lazımdır ki, ən azı balans yaransın. İsa Qəmbərin təkidi ilə Alya Yaqublunu oyuna çəkiblər, mən buna təəssüf edirəm. Bir sahədə uğur qazanmış adam digər sahədə onu itirəcək, bu, yüz faizdir. Çünki o, komanda qrup maraqlarından çıxış edir".
A.Yaqublu isə APA-ya açıqlamasında deyib ki, bu məsələləri artıq geridə qalmış hesab edir: "Keçmiş problemlərlə yox, yeni işlərlə məşğul olmaq istəyirəm".
Ramiz