Qeyri Hökumət Təşkilatlarının (QHT) vətəndaş cəmiyyətinin qurulmasında rolu əvəzsizdir. Bütün dünyada QHT-lər hökumətin cəmiyyətdəki problemləri göstərməkdə ən yaxşı köməkçisi, hətta həmin problemlərin həlli yollarını təmənnasız-filansız təklif edən bir sektor sayılır. Hazırda bizdə də QHT sektoru inkişaf etməkdədir. Amma bəzən QHT-lər cəmiyyətdə lazımi yerlərini tutmamalarının günahını Kütləvi İnformasiya Vasitələrində (KİV) görürlər. Əksər QHT rəhbərləri hesab edir ki, media onların gördükləri işi ictimaiyyətə çatdırmağa maraq göstərmir. Bunun nəticəsində də ictimaiyyət QHT-lərin varlığından, onların cəmiyyətdə tutduğu mövqeyidən xəbərsiz qalır.
Bəs görəsən əslində QHT-lərin ictimai əlaqələrinin genişləndirilməsində medianın rolu hansı səviyyədədir?
Ümumiyyətlə QHT-KİV arasında əlaqələr necə qurulmalıdır?
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında rolu danılmazdır. Bununla belə A. Aşırlı medianın QHT-lərin hər gördüyü işi işıqlandırmasının düzgün olmadığı fikrindədir. Onun sözlərinə görə, elə QHT-lər var ki, vətəndaş cəmiyyətinin inkişafında heç bir tövhəsi yoxdur. Görüntü xatirinə tədbir keçirir, mənasız işlərlə məşğuldur: "Belə QHT-lər xəbər göndərəndə, açıb görürük ki, içində bir cümlə belə düz deyil. Yaxud da, xəbər boş söz yığımından ibarətdir. QHT-nin layihə çərçivəsində nə iş gördüyü bəlli deyil. Ona görə də, belə QHT-lərin xəbərini qəzetimizdə vermirik. Çünki, o QHT-nin vətəndaş cəmiyyətinin inkişafında zərrəcə xidməti yoxdur".
A. Aşırlı QHT-lərin buna görə, medianı tənqid etməsinin, inciyib-küsməsinin doğru olmadığını deyir: "Mətbuat oxucu üçün maraqlı informasiyaları verir. Keçirdiyi layihə ilə heç bir səmərə verməyən QHT-nin xəbəri oxucu üçün də maraqlı deyil. Ona görə də, QHT-lərin xəbərlərini saf-çürük edib veririk".
Media eksperti Azər Həsrət isə deyir ki, jurnalistikanın öz maraqları var, QHT-lərin isə öz maraqları. Əgər bu maraqlar üst-üstə düşürsə əməkdaşlıq baş verə bilər: "Nəzərə almaq lazımdır ki, QHT-lər hər zaman onların fəaliyyətlərinin işıqlandırılmasında maraqlıdırlar. Amma burada çalışmaq lazımdır ki, həmin fəaliyyətin media müstəvisinə çıxmasına KİV-də maraqlı olsun. Ona görə də, QHT-lər KİV-lə işləməyi öyrənməlidirlər. Vətəndaş cəmiyyəti institutları öz fəaliyyətləri ilə bağlı məlumatı xəbərə çevirməyi bacarmalıdırlar. Bunun üçün Şura tərəfindən QHT-lərə treninqlər də keçirilir.
Amma ümumiyyətlə A. Həsrət əvvəlki illərə nisbətən QHT- KİV münasibətlərində xeyli irəliləyiş olduğunu söylədi.
"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid isə deyir ki, QHT-KİV münasibətinin normallaşmamasına vətəndaş cəmiyyəti institutlarının indiyədək öz layiq olduqları yeri tapa bilməməsi mane olur . Bunun səbəbi isə vətəndaş cəmiyyəti institutlarının qrant almaq xatrinə fəaliyyət göstərməsidir: "Buna görə də KİV-lərdə belə QHT-lərə qarşı soyuq münasibət yaranır. QHT-lərin görüntü xatirinə fəaliyyət göstərdiyi fikri yaranır ki, bu da KİV- QHT əməkdaşlığına təsir göstərir".
Amma R.Məcid tədricən cəmiyyət üçün faydalı iş görən QHT-lərin üzə çıxdığını, bunun da KİV-QHT əməkdaşlığına müsbət təsir göstərdiyini bildirdi: "Düşünürəm ki, yenə də uzun vaxt lazımdır ki, ictimai şüurda QHT-lərin fəaliyyəti ilə bağlı fikir dəyişsin. Yəqin ki, bundan sonra vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin mediada təbliği arzuolunan səviyyəyə gəlib çatacaq".
"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova isə deyir ki, ictimai əhəmiyyət kəsb edən layihə həyata keçirən QHT-nin fəaliyyəti KİV-də hər zaman işıqlandırılır: "Aktiv fəaliyyət göstərən, gördükləri iş barədə hesabat verən QHT-nin tədbirində jurnalistlər iştirak edir. Amma elə QHT var ki, onlar ildə bir dəfə media qarşısına çıxırlar. Keçirdikləri tədbirin isə ictimai baxımdan heç bir əhəmiyyəti olmur. Təbii ki, jurnalistlər belə QHT-nin işini işıqlandırmağa maraq göstərmirlər. Çünki QHT rəhbərlərinin tədbirdə səsləndirdiyi fikirlər qəzetə oxucu kütləsi gətirmir".
Baş redaktorun fikrincə, KİV QHT-nin fəaliyyətini işıqlandırmaqda borclu sayıla bilməz: "QHT-lər bunun üçün hər hansı bir qəzetlə müqavilə bağladıqları halda, bunu qəzetdən tələb edə bilərlər. Yaxud da onların həyata keçirdikləri layihənin ictimai yükü o qədər böyük olmalıdır ki, qəzetlər özləri həmin QHT-nin fəaliyyətindən yazmağa maraq göstərsinlər".
S.Seyidovanın sözlərinə görə, əks halda QHT fəaliyyətlərini cəmiyyətə çatdırmaq üçün müəyyən məbləğdə pul xərcləməlidirlər: "QHT-nin əksəriyyəti layihənin dəyərini hazırlayarkən, orada piar xərclərini göstərirlər. Amma tədbir keçirib, hesabat təqdim etdikdə mediadan vətəndaş cəmiyyətinin inkişafı xətrinə, fəaliyyətlərini pulsuz işıqlandırmağı istəyirlər. Düzdür elə layihələr var ki, media QHT-nin işindən yazarkən təmənna güdmür. Amma QHT-lər reklam edilmək istəyirlərsə, bunun üçün pul xərcləməlidirlər".
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud da hesab edir ki, layihələr aktual olmalı, ictimai əhəmiyyət kəsb etməlidir ki, KİV onu işıqlandırmağa maraq göstərsin: "QHT-nin fəaliyyəti ilə bağlı önəmli və diqqətəlayiq hadisələri işıqlandırır. Amma bəzən layihə həyata keçirən şəxslərin media ilə ünsiyyətə səviyyəsi yol vermir. Media kommersiya əsasında fəaliyyət göstərən qurumdur. Ona görə də, tədbir həyata keçirən QHT-nin borcudur ki, layihəni maraqlı etsin. Maraqlı informasiya varsa, oraya KİV maraq göstərəcək".
QHT-KİV əməkdaşlığının inkişaf etdirilməsi yönündə layihələr həyata keçirən Media İnkişaf Mərkəzinin koordinatoru Səbinə Əvəzqızı isə artıq bu sahədə xeyli irəliləyişin olduğunu söyləyir: "Düzdür hələ elə QHT-lər var ki, media ilə hansı formada işləmək barədə təsəvvürləri belə yoxdur. Amma bizim layihə çərçivəsində dəfələrlə QHT piar qrupu yaradılıb. Həmin jurnalistlər arasında işləyəcəkləri QHT-lərlə bağlı sahə bölgüsü də aparılıb. Artıq müəyyən media orqanları hansı QHT-lərlə işləyəcəklərini müəyyənləşdiriblər. Biz onlar arasında əlaqə yaratmışıq ki, QHT-lər öz işlərini mediaya çatdıra bilsinlər".
S.Əvəzqızı deyir ki, QHT-KİV əməkdaşlığının yaranması üçün vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür: QHT-lər KİV-in diqqətini çəkmək üçün maraqlı layihələr işləməyə, media üçün diqqətçəkən işlər görməyə çalışmalıdırlar. Başqa sözlə, QHT-lər media üçün informasiya mənbəyi olaraq əhəmiyyətini artırmalıdır".
Milli QHT Formunun prezidenti Rauf Zeyni isə son illər QHT-lərin KİV-lə əməkdaşlığının artdığını deyir: "İndi bütün mətbu orqanlar QHT-lərin tədbirlərində iştirak edir. QHT-lərin gördüyü işlər mediada geniş şəkildə işıqlandırılır. Cəmiyyət də vətəndaş cəmiyyəti institutlarından, onların varlığından, gördüyü işlərdən, cəmiyyətə töhvəsindən xəbərdar olurlar".
R.Zeyni deyir ki, QHT-lər artıq media üçün informasiya mənbəyinə də çevriliblər: "Əvvəllər QHT-lərin press-relizləri mediada tənqid hədəfinə çevirilirdi. Amma son illər QHT-lər gördükləri işi qəzet dilinə çevirib mediaya çatdıra bilirlər. Bu minvalla da bu əməkdaşlıq inkişaf edir". R.Zeyni deyir ki, bu QHT-lərin həyata keçirdikləri layihələrin səmərəliliyindən də xəbər verir: "QHT-nin gördüyü iş effektivdirsə, cəmiyyətə xeyri varsa, KİV ona informasiya dəstəyi verir. Ona görə də, QHT-lər layihələrini səmərəli etməlidirlər. Həmçinin gördükləri işi xəbərə çevirib mətbuata çatdırmağı bacarmalıdırlar. Bu zaman bu əməkdaşlıq inkişaf edəcək".