Məmurların

Məmurların işbazlarla şərikli "çimərlik soyğunu"

Vətəndaşları indi də isti yayda sərin dənizlə talan edirlər

Azərbaycanda çimərliklər rayon icra hakimiyyətlərinin tabeliyində olsa da, nədənsə onların bu sahədə fəaliyyəti hiss olunmur. İcra hakimiyyətləri tərəfindən tədbir görülmədiyindən çimərlik əraziləri müxtəlif işbazlar tərəfindən heç bir əsas olmadan hasarlanır, içərisinə iki-üç stol, çətir qoymaqla da ərazi özəlləşdirilir. İçəri pulsuz girmək istəyənə də "bura bizimdir" sözləri ilə dərs keçirlər.
İkinci tip çimərliklər isə müəyyən səbəbdən işbazların diqqətindən kənarda qalan ərazilərdir ki, bura ancaq kasıblar gəlir. Türkan çimərliyində hər iki variant üzərində araşdırma aparıb, fərqləri müəyyən etməyə çalışdıq.
Bu ərazidə dəniz kənarı bütünlüklə hasara alınıb deyə bilərik. "Türkan Sahil", "Günəşli sahil", "Bizim sahil" (bu adlar həm də ingiliscə qeyd olunmuşdu) kimi adları oxuyuruq. Adlarından başqa, aralarında heç bir xidmət fərqi olmayan bu çimərliklərdə sıxlıq müşahidə edilir. Yol boyunca düzülən maşınlardan yarıçılpaq çıxanların hərəsinin əlində yemək-içməklə dolu zənbillər var. Əvvəlcədən işlərini ehtiyatlı tutublar, evdən hazırlıqlı çıxıblar. Səbəbi də bəllidir - çimərlikdəki xidmətlərin od qiymətinə olması.
Türkan çimərliyi yalnız pulsuz xidmətdən ibarət deyil. "Günəşli Beach"ə giriş bir nəfərə görə 5 manatdır. Bura geyinmək üçün yer, çətir, oturacaqlar, duş, yelləncəklər daxildir. Bu xidmətlərin heç birindən istifadə etmək istəməsəniz belə, içəri daxil olmaq üçün ödəniş şərtdir. Üstəlik, ödənişə görə heç bir çek də verilmir. Burada çayın qiyməti 3-4 manat arası dəyişir. Yanında qənd, limon verirlər. Kababın da şişi 4-5 manatdır.
Digər pullu çimərliklərdə də vəziyyət fərqli deyil. Bəzilərində ödənilən pul sadəcə giriş üçündür. "Besetka" 2, üstü çətirli stollar 5, kabinələr 10, duş 1 manatdır. Kababın şişi 5-10, sadə çay 5, çay dəstgahı 10 manatdan başlanır. Bir nəfərin bütün xidmətlərdən istifadə edərək istirahəti 30-40 manatdan az olmur. Çimərliyə maşınla gələnlər isə əlavə bir manat ödəməlidirlər.
Bu qiymətlərdən sonra, deyəsən, ən ağıllı qərar dənizə bulvardan baxmaqdır.
Və sonda: görəsən, yerli icra hakimiyyətlərindəki məmurlar hansı marağa görə, tabeliklərində olan çimərliklərdə işbazların at oynatmasına göz yumurlar? Bizdə əksər məmurların yumurtadanm yun qırxmaq məharətlərinin olduğunu hər kəs bilir. Elə isə inandırıcı deyil ki, onlar çimərlikləri sadəcə yaddaşsızlıqdan nəzarətsiz qoyublar. Heç şübhə yoxdur ki, burada da "əl əl yuyar, əl də üzü" Prinsipi əsas rol oynayır. Yəni işbazların vətəndaşları soymasına elə bəzi məmurlar yaşıl işıq yandırırlar. Əvəzində isə onlardan hər halda konfet kağızı almırlar...
Elvin