Müsavatla KXCP rəhbərləri üz-üzə gəldi

Müsavatla KXCP rəhbərləri üz-üzə gəldi

Mirmahmud Mirəlioğlunun qurultayda tətbiq elədiyi prinsip Arif Hacılını narazı salıb

Məlum olduğu kimi, avqustun 1-də KXCP-nin III qurultayı keçirilib. Qurultayda sədrliyə və digər orqanlara seçkilər açıq səsvermə yolu ilə keçirilib.
"Unikal"ın məlumatına görə, bu cür səsvermə keçmiş AXC yetkililəri arasında narazılığa səbəb olub. İlk təpki Müsavat Partiyasının başqanı Arif Hacılıdan gəlib: "Mən hesab edirəm ki, gizli səsvermə, namizədlərin əvvəlcədən irəli sürülməsi, alternativlik, təbliğat və əks-təbliğat imkanlarının təmin edilməsi, paritet əsaslarla seçki komissiyalarının yaradılması azad seçkilərin və demokratik idarəçiliyin əsas prinsipləridir. Bu baxımdan istər dövlət səviyyəsində, istərsə də siyasi partiyalar səviyyəsində bu prinsiplərə əməl olunmasını istərdik".
O, Azərbaycan Xalq Cəbhəsi (AXC) parçalandıqdan sonra yaranan partiyalarda seçkilərin açıq keçirilməsinə etiraz edib: "Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə yarandı. Azərbaycanın yeni tarixinin, siyasətinin də yaranması əsasən 1988-89-cu illərə aiddir. O dövrdə biz Xalq Cəbhəsini idarə edərkən bu prinsiplərə əməl edirdik və bütün seçkilər gizli keçirilirdi. Sonradan Müsavat Partiyasında bu ənənəni davam etdirdik. Müsavat Partiyasında bütün qurumlara seçkilər gizli səsvermə yolu ilə keçirilir. Hətta özək sədrləri də gizli səsvermə yolu ilə seçilir. Demokratik azadlıqlar uğrunda mübarizə apardığını birmənalı bəyan edən partiyalarda seçkilərin gizli səsvermə yolu keçirilməsi daha məntiqlidir. Bu həm Azərbaycan cəmiyyətinə bir nümunə, həm də demokratik seçki ənənələrinin yayılması və təbliği baxımından əhəmiyyətli olardı. Eyni zamanda şübhəsiz ki, bu cür seçkiləri keçirən siyasi partiyanın hakimiyyətdən də belə seçki tələb etməsi daha səmimi, daha arqumentli görünər. Ancaq təəssüf ki, hazırda AXC-nin törəmələri olan əksər təşkilatlarda seçkilərin açıq keçirilməsi ilə uzun illər bundan əvvəl müəyyən etdiyimiz qaydalardan imtina edilib".
A.Hacılı Klassik Xalq Cəbhəsi Partiyasının qurultayına dəvət olunmasına baxmayaraq, iştirak etməməsini də şərh edib: "Qurultayda iştirak etməməyim indi mətbuatda müzakirə olunacaq qeyri-adi bir hadisə deyil".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Müsavat Partiyasının başqanı Arif Hacılının ittihamlarını əsassız adlandırıb.
Qeyd edək ki, A. Hacılı hazırda Azərbaycan Xalq Cəbhəsinin (AXC) törəmələri olan təşkilatlarda seçkilərin açıq səsvermə yolu ilə keçirilməsinə təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, AXC yarananda müəyyən olunan qaydalara görə, təşkilata bütün seçkilər gizli səsvermə yolu ilə keçirilsə də, hazırda bundan imtina edilib.
M. Mirəlioğlu isə açıqlamasında bu fikirlə razılaşmayıb: "İstənilən təşkilatın ən ali orqanı qurultaydır. Qurultay seçkilərin Nizamnaməyə əsasən açıq və ya gizli keçirilməsi barədə qərar verir".
O qeyd edib ki, AXC-nin tarixində yalnız bir dəfə Əbülfəz Elçibəyin də qatıldığı sədr seçkisində gizli səsvermə olub, o da alternativ namizəd olduğuna görə baş verib: "Bu baxımdan məsələyə bilərəkdən və ya bilməyərəkdən bu cür münasibət göstərmək lazım deyil. KXCP-nin qurultayına bu qədər diqqət ayırdıqlarına, dəvətimizə baxmayaraq, gəlmədiklərinə görə də təşəkkür edirəm".
Qərib Gərazyzadə