Prokuror ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il həbs cəzası istədi

Prokuror ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il həbs cəzası istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxslərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, vergidən yayındıqlarını deyib.
Onun sözlərinə görə, Leyla Yunus fəaliyyət göstərdiyi müddətdə Sülh və Demokratiya İnstitutu adından Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq qurumlarına heç bir hesabat verməyib. Sadəcə, Maliyyə Nazirliyinə müəyyən hesabatlar təqdim edilib.
Prokuror deyib ki, Leyla Yunusun Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətin sədr müavini olmasına dair heç bir sənəd yoxdur. Bu, şahid ifadələrində də təsdiqlənib. Ancaq Leyla Yunus Cəmiyyətə faktiki rəhbərlik edib. O, qurumun təsisçisi də deyil. Cəmiyyətin heç bir hüquqi sənədində Leyla Yunusun adı yoxdur.
Dövlət ittihamçısının sözlərinə görə, şahid ifadəsi verən bank nümayəndələri külli miqdarda vəsaitin xarici banklara transfer edildiyini təsdiqləyiblər. Leyla Yunusun Cəmiyyətin hesabından öz şəxsi bank hesabına pullar köçürdüyü təsdiqlənib.
Təqsirləndirilən şəxslərin hava limanında saxlanıldıqlarını deyən prokuror bildirib ki, onların çantalarında bank hesabları və xaricdəki daşınmaz əmlaklarının sənədləri olub. Bu da onların ölkəni birdəfəlik tərk etmək istədiklərini göstərir.
Dövlət ittihamçısı bildirib ki, "Accessbank"da Leyla Yunusun adına 17, Arif Yunusun adına 14, "Unibank"da Leyla Yunusun adına 19, Arif Yunusun adına 4 hesab olub. Leyla Yunus bağlanan 27 qrant müqaviləsindən yalnız 4-ü qeydiyyatdan keçirib.
Prokuror həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.
Dövlət ittihamçısı cinayətləri sübuta yetirildiyi üçün Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses avqustun 10-da müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.
Fuad