Ekologiya və Təbii Sərvətlər Nazirliyidən sərt addım


Bir neçə nəfər cəzalandırıldı, cinayət işi başlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təqsirkar fermerleri ətraf mühitə verdiyi ziyana görə cərimələyib.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, ölkə ərazisində taxıl biçinindən sonra fermerlər tərəfindən yandırılmış sahələrdə monitorinqlər aparılıb.
Monitorinqin nəticəsi olaraq yanğın törədən və ətraf mühitə ziyan vuran təqsirkarların şəxsiyyəti müəyyənləşdirilib və cəzalar tətbiq edilib. Belə ki, Zərdab rayonu Əlvənd kənd sakini Vəkalət Zülfüqarov tərəfindən ona məxsus pay torpağında biçənəyin yandırılması nəticəsində ərazidəki müxtəlif cinsli 70 ədəd ağacın və 679 ədəd kolun, Zərdab rayonu Körpükənd sakini Sonqulu Qurbanova məxsus pay torpağında biçilmiş sahənin yandırılması nəticəsində isə 39 ədəd kolun yanaraq məhv edildiyi aşkar edilib.
Təbiətə 679 manat ziyan dəydiyi hesablanaraq, V.Zülfüqarov barəsində qanunvericiliyə uyğun qaydada tədbir görülməsi üçün Zərdab Prokurorluğuna müraciət edilib. Bununla bağlı cinayət işinə başlanılıb.
Eyni zamanda, Goranboy rayonu Urusborisi kəndində biçənək sahəsində yanğın törədilməsi nəticəsində 10 ədəd ağacın zədələnməsi, 20 ədəd kolun məhvində təqsirli bilinən kənd kolxoz təsərrüfatının rəhbəri Mariya İvannikovaya protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə əsasən onun vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görülür. Meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin əksəriyyəti taxıl biçinindən sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir.
Elvin