Quba

Quba yolunda ağır qəza: ölən var

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Taxtakörpü qəsəbəsi, Bakı-Quba yolunun 118-ci kilometrliyində 1992-ci il təvəllüdlü İlkin Elçin oğlu Muradova məxsus "Toyota" markalı minik avtomobilinin yolun kənarındakı dəmir səttlərə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü İ.E. Muradov vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər
Ucar rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Qəzyan kəndində qeydə alınan qəza zamanı avtomobilin sürücüsü yerindəcə dünyasını dəyişib.
Ucar rayon Polis İdarəsindən verilən məlumata görə, Ucarın Qazyan kənd sakini Səbuhi Əhədov idarə etdiyi "BMW" markalı avtomobillə Ucar-Zərdab yolunun 3-cü kilometrliyində idarəetməni itirərək avtomobili yolun kənarındakı dərəyə aşırıb.
Qəza nəticəsində sürücü S. Əhədov hadisə yerində dünyasını dəyişib.
"Hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub"- deyə Ucar Polis İdarəsindən bildirdilər.
Faktla bağlı Ucar rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işi açılıb, araşdırma davam etdirilir.