"Ermənistanın hərəkətləri müharibəni qaçılmaz edir"
"Ermənistanın hərəkətləri müharibəni qaçılmaz edir"
Rauf Mirqədirov: "Azərbaycan hələlik sərt dildə danışır və günlərin birində torpaqları geri almaq üçün savaşa start verəcək"

Azərbaycana qarşı işğalçılıq siyasətini 20 ildir həyata keçirən Ermənistan heç bir vəchlə çirkin niyyətindən əl çəkmir. Beynəlxalq təşkilatların etdiyi vasitəçilik missiyasına da məhəl qoymayan rəsmi İrəvan Qarabağı işğalı altında saxlamaqda israr edir. Bəziləri bu vəziyyətin yaranmasında Rusiyanı, bəziləri də Qərbi ittiham edir. Onların rəyi belədir ki, bu siyasi dairələr öz maraqlarını həyata keçirmək üçün Qarabağ kartından yararlanmağa çalışırlar.
Amma bəzi yanaşmalar da ondan ibarətdir ki, Qarabağla bağlı qərar vermək məsələsi istər Azərbaycan, istərsə də Ermənistanda hakimiyyətlərin dəyişməsinə gətirib çıxara bilər. Ekspertlərin bununla bağlı yanaşması belədir ki, ən çox da təhlükə Ermənistan hakimiyyətini gözləyir. Onların rəyinə görə, artıq bir dəfə İrəvanda bu təcrübə yaşanıb. Belə ki, Levon Ter-Petrosyanın güzəşt etməsinin onun devrilməsi ilə nəticələndi.
Erməni ekspertlərindən Aleksandr İsgəndəryan bildirir ki, son illər Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görülməyib. Qafqaz İnstitutunun direktoru iddia edir ki, son bir ilin ən əlamətdar hadisəsi Ermənistan və Dağlıq Qarabağda keçirilmiş hərbi parad olub. "Ermənistanda keçirilən paradda "Skad" raketləri, C-300 zenit-raket kopleksləri, "Smerç" sistemi, "Toçka-U" Operativ-Taktiki raket kopleksləri nümayiş etdirildi. Bunun ardından xəbər yayıldı ki, Azərbaycan pul toplayaraq, yeni silahlanma dövrünə başlayıb. Və Ermənistana qalib gəlmək üçün müharibəyə hazırlaşır. Bu ciddi yanaşma deyil. Bu səviyyədə keçirilən hərbi parad müharibə planına son nöqtəni qoyub".
İsgəndəryan daha sonra nağıllarına davam edərək vurğulayıb ki, önəmli ikinci hadisə Dağlıq Qarabağdan Ermənistana ikinci yolun çəkilməsi olub. "Bu hadisələrdən sonra qəti inandırıcı deyil ki, Ermənistan hansısa torpaqları Azərbaycana qaytaracaq".
Maraqlı məqam odur ki, erməni ekspert Bakıda keçirilmiş hərbi parad barəsində bir kəlmə də olsun danışmayıb. Halbuki Azərbaycanın keçirdiyi parad mahiyyət etibarı ilə Ermənistanda nümayiş olunan paraddan daha yüksək olub. Eyni zamanda, nümayiş etdirilən silahlar da kifayət qədər güclü vasitələrin əlimizdə olmasını təsdiqləyir.
Təbii ki, ermənilərdən bundan artıq yanaşma gözləməyə dəyməz. Onlar heç bir halda Azərbaycanın uğurlarına qiymət vermirlər və verməzlər. Zatən, indiyə qədər güclənən Azərbaycan məsələsi ermənilər üçün həmişə qorxu mənbəyi olub. Ona görə də, Ermənistanda yaşayan əhalini daimi nəzarət altında saxlamaq üçün İsgəndəryan kimilər yanlış təbliğat aparmaqla məşğuldular.
"Zerkalo" qəzetinin əməkdaşı, siyasi icmalçı Rauf Mirqədirov isə İsgəndəryanın dediklərinə münasibət bildirərək qeyd edir ki, o, müharibənin başlama ehtimalının aşağı olması barədə deyilənləri real saymır. O deyib ki, hadisələr bu şəkildə davam edərsə, Prezident İlham Əliyev günün birində müharibənin başlaması barədə qərar qəbul edəcək. "Mümkü deyil ki, milyardlarla pulu silah almağa xərcləyəsən, vaxtaşırı müharibə bəyanatları verəsən və e lə bu şəkildə də davam edə. Günün birində bu deyilənlərin reallaşacağı şübhəsizdir. Azərbaycan bundan sonra da hərbi ritorikanı davam etdirəcək. Çünki faktiki siyasi vəziyyət bunu tələb edir".
O vurğulayıb ki, Ermənistan hal hazırkı status-kvonun qalmasını tələb etməklə gec-tez müharibəyə gətirib çıxaracaq. Siyasi icmalçı hesab edir ki, Qarabağ münaqişəsinin həllində nümayiş etdirilən bu mövqe maksimalistlik deyil. "İlham Əliyev cümləbəcümlə belə deyir: "İşğal olunmuş əraziləri tərk edir və sonra Qarabağın statusu məsələsinə baxarıq". Serj Sarkisyan isə mümkün qədər status məsələsinin tez müzakirəyə çıxarılmasını tələb edir".
Mirqədirov qeyd edir ki, münaqişə tərəflərindən heç biri "öz boyundan yuxarı tullanmaq" istəmir. O, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başına gələnlərlə izah edir. "Yəni, əgər tərəflərdən hər hansı bir Qarabağdan imtinaya dair sənədə imza atarsa, birmənalı olaraq hakimiyyətdən gedəcək. Bu addımı isə nə Ermənistan, nə də Azərbaycan atmayacaq".
Cavid Qarabağlı