20 Oktyabr 2019
19 Oktyabr 2019
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafına dair çoxsaylı tədbirlər
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafına dair çoxsaylı tədbirlər KRİMİNAL 09:47 2015-08-18

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafına dair çoxsaylı tədbirlər

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması demokratiyanın
daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin
daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin yaranması, fəaliyyəti dövlət tərəfindən də dəstəklənir. Bunun əyani sübutu olaraq ölkədə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını misal çəkmək olar. Amma dövlətin vətəndaş cəmiyyətinin inkişafına dəstəyi, qayğısı təkcə bununla bitmir.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında ölkə Prezidentinin fərmanının 9-cu bəndi vətəndaş cəmiyyətinin inkişafı istiqamətdə gələcəkdə görüləcək işlərə həsr olunub. Bəs görəsən, bu konsepsiyada vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı hansı məsələlər öz əksini tapıb?

QHT-lərin fəaliyyətinin stimullaşdırılması
Konsepsiyada qeyd olunur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması demokratiyanın daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. Konsepsiyanın həyata keçiriləcəyi dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti davam etdiriləcəkdir. Bu məqsədlə "Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Milli Fəaliyyət Proqramı" hazırlanacaq və həyata keçiriləcəkdir. Proqramda vətəndaş cəmiyyətinin inkişafını stimullaşdıran, dövlətin və özəl sektorun vətəndaş cəmiyyətinə dəstəyini gücləndirən yeni qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi, QHT-lərin layihə və proqramlarına maliyyə yardımının artırılması, "QHT evləri"nin, tədris mərkəzlərinin yaradılması və digər məsələlər öz əksini tapacaqdır. Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaqdır. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcəkdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması yönündə QHT-lərin potensialından daha səmərəli istifadə olunacaqdır. Vətəndaş cəmiyyətinin inkişafı üçün özəl sektorun donor fəaliyyətini stimullaşdırmaq və bu sahədə institusional səviyyəyə nail olmaq vacibdir. Milli donor institutunun yaradılması korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına, transmilli şirkətlərin, böyük biznes qurumlarının sosial sərmayə proqramlarının artmasına təkan verəcəkdir. Buna nail olmaq məqsədi ilə korporativ məsuliyyət üzrə strategiya və dövlət proqramları hazırlanacaq, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcəkdir.

Maddi-texniki baza gücləndiriləcək
Konsepsiyanın həyata keçirildiyi müddətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin nəzərə alınaraq tətbiq olunması dövlət orqanları ilə QHT-lər arasındakı qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək, regionlarda QHT-lərin sayı artacaq və maddi-texniki bazası gücləndiriləcəkdir. Konsepsiyanın icra olunduğu uzunmüddətli perspektivdə söz və məlumat azadlığının inkişafına yönəlmiş tədbirlər davam etdiriləcək, informasiya sektorunun və KlV-in fəaliyyətini tənzimləyən milli qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcəkdir. İnformasiya sektorunda müasir texnologiyaların tətbiqinə, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsinə, potensialının yüksəldilməsinə və qlobal informasiya məkanında öncül mövqe əldə etməsinə hərtərəfli dəstək göstəriləcəkdir.
Qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin, informasiya cəmiyyətinin formalaşdığı hazırkı dövrdə informasiya sektorunda prioritetlərin müəyyənləşdirilməsi və reallaşdırılması üçün zəruri tədbirlər görüləcək, müasir metodoloji və texniki yeniliklərin öyrənilməsi və tətbiqi sürətləndiriləcəkdir. Qlobal şəbəkədə milli informasiya resurslarının kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, onların əhatə dairəsinin genişləndirilməsi, beynəlxalq ictimai rəyə təsir imkanlarının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdir. Müasir dövrdə ictimai fikrin formalaşmasını və ifadə olunmasını təmin edən təsirli vasitə kimi, KİV-in cəmiyyət həyatında rolu və əhəmiyyəti yüksəlir. Buna görə də kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin həyata keçirilməsi dövlətin informasiya siyasətinin başlıca istiqamətlərindən biri olacaqdır.

KİV layihələrinin
maliyyələşdirilməsi

Azərbaycan dövləti informasiya sektorunda yeni təzahürləri stimullaşdırmaqla yanaşı, həm də ənənəvi informasiya resurslarının fəaliyyətinin səmərəli təşkilinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə dəstəyini davam etdirəcəkdir. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə KİV layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, onlara subvensiyalar, subsidiyalar, güzəştli kreditlər ayrılacaq. Azərbaycanın bölgələrində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədi ilə redaksiyalara ünvanlı yardımlar göstəriləcək, "Mətbuat Evləri", regional mətbəələr yaradılması dəstəklənəcəkdir. KİV-in iqtisadi müstəqilliyini təmin etmək məqsədi ilə reklam bazarının genişləndirilməsi stimullaşdırılacaq və bu sahədə mövcud problemlər aradan qaldırılacaqdır. Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həlli ilə bağlı dövlət siyasəti davam etdiriləcəkdir. Jurnalistlərin peşəkarlığının yüksəldilməsi demokratik, məsuliyyətli mətbuatın formalaşmasının əsas şərtlərindən biridir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün jurnalistika sahəsində kadrların hazırlanmasına diqqət artırılacaq, Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması üçün beynəlxalq təşkilatlarla və xarici jurnalist qurumları ilə birgə tədbirlər davam etdiriləcək. 2005-ci ildə qəbul edilmiş "informasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyəti təkmilləşdiriləcək, internet informasiya resursları inkişaf etdiriləcəkdir. Kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin olunması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi sahəsində tədbirlər sürətləndiriləcək.
Ekspertlər də, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələləri yüksək dəyərləndirdiklərini söyləyirlər. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb. R. Zeyninin sözlərinə görə, üçüncü sektorun inkişafı ilə bağlı başqa hansısa sənəd, konsepsiya aparmağa ehtiyac yoxdur: ""QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin, QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır".