Azərbaycanlı oliqarxların misli görünməmiş pulsuzluq dövrü

Bakıda hər birinin dəyəri milyonlarla manatla ölçülən villalar satışa çıxarılıb

Bir müddət əvvəl ölkə mətbuatı Azərbaycandakı villaların qiymətlərinin yunan adalarının qiymətindən belə baha olması ilə bağlı məlumat vermişdi. Hətta ekspertlər yunan adalarına investisiyanın gələcəkdə səmərəli olması ilə bağlı da proqnozlar səsləndirmişdilər.

Dünən isə binaz.az saytı hazırda mənzil bazarında ən bahalı villaların qiymətləri ilə bağlı araşdırma apararaq, bu cür elit tikililərin ilk beşliyini tərtib edib.
1. Bakıda "Avropa" otelinin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında villa
35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villa 3 yataq otağı, 1 qonaq otağı,1 iş otağından ibarətdir. Evin yaşayış sahəsi 1500 m?-dir. Təmirdə istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib. Satıcı gələcəkdə bu evin səfirliyə kirayə verilməsini də məqəsəduyğun hesab edir. Qiyməti nə az nə çox düz 12 milyon manat.
2. Bakıda, dəniz mənzərəli villa
Evin yaşayış sahəsi 2800 kv metr. Otaqlarının sayı-12. Bu villanın 7 yataq otağı, 6 hamamı, 3 qonaq otağı, 3 biznes otağı mövcuddur. Qiyməti - 5 milyon 450 min manat.
3. Bakının Teymur Əliyev küçəsi, "Avesta" konserninin yaxınlığında villa
Bu villa üçün də istifadə olunan materiallar Avropadan gətirilib. Sahəsi 900 kv.metr, otaqlarının sayı 10, qiyməti isə 4 milyon 200 min manatdır.
4. Bakıdan bir qədər kənarda - Şüvəlanda villa
Bu villa 4 mərtəbəli və dəniz mənzərəlidir. Villa 10 otaqdan ibarətdir. 1-ci mərtəbəsində geniş 69.48 m2 salonu, 36.00 m2 hidromasajlı hovuzu, 15.64 m2 saunası, 23.00 m2 mətbəxi,3 sanitar qovşağı olan evin döşəməsi İtalya istehsalı olan fosforlu, yerdən isitməli mərmərlə təchiz olunub. Sahəsi 1745 kv.metr, qiyməti 4 milyon manatdır.
5. Bakının H.Cavid prospekti Şüşəli bazarın arxasında villa
Bu villa Hüseyn Cavid prospektinə və əsas yola çıxır. 5 mərtəbəlidir, 8 sot torpaq və 2 həyətin birləşməsindən ibarətdir. Sahəsi 1200 kv.metr, 12 otağı var, qiyməti 3 milyon 800 min manat.
Onu da əlavə edək ki, bu tip elit mənzillərin qiymətinin baha olmasını ekspertlər maya dəyərin yüksək olması ilə izah edirlər.
O da şübhə doğurmur ki, hər birinin dəyəri milyonlarla manatla ölçülən villaların gerçək sahibi ölkənin oliqarx kateqoriyasına mənsub şəxslərdir. Yəni belə villaları ya yüksək vəzifə tutvn şəxslər, ya da hansısa iri məmurun himayəsinə sığınaraq, yaxşı biznes imkanları əldə edən iş adamları tikdirə bilərlər.
Hazırda neftin qiymətinin ucuzlaşması və iqtisadi böhranın ilkin əlamətlərinin hiss olunmağa başlanılması belə görünür, oliqarxlarımızı da çətin vəziyyətdə qoyub. Onlar əvvəlki kimi maddi qaynaqlara sahib deyillər. Görünən odur ki, elə bu faktor da onları hər birinin dəyəri fantastik məbləğlə ifadə olunan mülkləri satışa çıxarmağa məcbur edir.
Ən pisi isə odur ki, Azərbaycanda maliyyə sarıdan yaranan bərbad vəziyyət milyonluq villalara asanlıqla müştəri tapılmasına mane olur. Bir neçə il əvvəl bu cür mülklərin alqı-satqısı daha asan başa tuturdu. İndi isə hər biri milyonlarla manata satılan villalara alıcı tapılması möcüzəyə bərabərdir.
Bir sözlə, artıq Azərbaycanda yüksək vəzifə, ya da yaxşı biznesə malik olmasına baxmayaraq, oliqarxların maddi vəziyyəti ürəkaçan deyil. Onlar pul sarıdan kəskin böhranla üz-üzədirlər və iş hətta onların öz dəbdəbəlim villalarını satışa çıxarmaq dərəcəsinədək çatıb. Prosesin hansı istiqamətdə cərəyan edəcəyini isə zaman göstərəcək. Odur ki, yaşayarıq, görərik.
Orxan Həsənli