Hacıbala

Hacıbala Abutalıbovun müəmmalı "balkonsökmə" əməliyyatı

Bakı meri vətəndaşların qanuni sənədlərinə məhəl qoymur, paytaxt sakinlərində narazılıqlar böyüyür

Dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tapşırıq verib ki, paytaxtın Yasamal rayunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililər sökülsün. Bu ünvanda yaşayan sakinlər isə deyir ki, tikili qanunidir və bununla bağlı elə icra hakimiyyətinin verdiyi müvafiq qərar əllərindədir.
Artıq binanın eyvanında olan sənədsiz tikililər sökülür. İcra hakimiyyəti bu işləri şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə əlaqələndirir. H.Abutalıbov söküntü işlərinin başa çatması üçün 2 saat vaxt qoyub.
Sakinlər isə Bakı merinə əlavə tikili ilə bağlı icra hakimiyyətinin sənədlərinin sürətini təqdim ediblər. Bu barədə merə məruzə olunduqdan sonra o, sənədsiz tikililərin sökülməsində israrlı olduğunu deyərək, sənədli tikililərlə bağlı məsələyə bu gün iş saatının sonuna qədər baxılacağını bildirib.
Sakinlər deyiblər ki, evlərinə bitişik olan əlavə tikililər sökülərsə, evlərini tərk etməyəcəklər. Onlar sənədli tikililərin sökülməsini qeyri-qanuni hesab edirlər.
Onu da deyək ki, Hacıbala Abutalıbovun sözügedən ərazidə belə bir "balkonsökmə" əməliyyatına start verməsinin səbəbləri məlum deyil. Eyni zamanda bilinmir ki, paytaxt rəhbəri Bakının digər ünvanlarında da analoji əməliyyata start verəcək, ya yox.
Eyni zamanda təəccüblüdür ki, Abutalıbov əksər çıxışlarında qanunvericiliyin tələblərinə əməl edilməsi zərurətindən danışdığı halda indi niyə vətəndaşların qanuni sənədlərini görməzdən gəlir. Axı həmin sənədlərin verilməsi doğru deyildisə, belədə balkonsökmə əməliyyatına başlamamışdan əvvəl həmin sənədlərin kimlər tərəfindən və hansı əsaslarla verildiyi müəyyənləşdirməli, bu istiqamətdə cəza tədbirlərinə əl atılmalı idi.
Üstəlik, qanuni sənədləri olan eyvanların məhkəmə qərarı olmadan sökülməsi də Hacıbala Abutalıbovun çıxışlarında tez-tez vurğuladığı qanunvericiliyin tələblərinə əməl edilməsi zərurətinə nə qədər sadiq qaldığının göstəricisidir.
Onu da deyək ki, srağagün Bakı meriyasının rəhbərliyinin Hacıbala Abutalıbovun başçılığı ilə Qurban Xəlilov küçəsində növbəti "təbii fəlakət" törədiyi barədə məlumat yayılmışdı. Məlumatda deyilirdi ki, küçənin abadlaşdırılması və genişləndirilməsi adı altında meriyanın tikinti texnikası bu küçədə 5 nömrəli yaşayış evinin qarşısındakı ən gözəl bağı söküb. Həm də bu, qeyri-insani şəkildə, xəbərdarlıqsız və tamamilə vəhşicəsinə edilib. Günorta evin qarşısına gələn Abutalıbov süvari kimi tabeliyindəkilərə əl sallayaraq, "sökün!" deyib.
Ev sakinlərinin çəpəri qırmamaq, sadəcə çıxarmaq xahişi merin tamamilə qeyri-adekvat reaksiyasına səbəb olub, o, sözün əsl mənasında qışqırıb: "Mən sənə işçi borcluyam? Get, özün sök!".
Daha sonra ekskavator eyni vəhşiliklə qonşu 3 nömrəli evin qarşısındakı pillələri qırmağa başlayıb.
İşçilərinin müşaiyəti ilə küçədə aşağı-yuxarı hərəkət edən Abutalıbov telefonda kiməsə qışqırırdı: "Niyə burda hələ insanlar yaşayır? Nazim,
bilmirsən ki, ayın birinə qədər buranı təhvil verməliyəm? Bu insanları köçür, kompensasiya məsələsini həll et".
Qeyd edək ki, Q.Xəlilov küçəsi Nərimanov abidəsini Milli Elmlər Akademiyasının binası qarşısındakı bağ və meydanla birləşdirir. Son bir həftə ərzində burada intensiv işlər aparılır. Lakin küçənin genişləndirilməsi, nədənsə, küçənin yarısını tutan və metal barmaqlıqlarla hasarlanan yüksək vəzifəli məmurların obyektlərinə şamil edilmir.
Bütün bu anormal davranışları izləyərkən insanlarda belə bir qanunauyğun sual yaranır - korlanmış əmlaka görə kompensasiya ödəniləcəkmi və ya niyə meriya hasarın söküləcəyi barədə əvvəlcədən xəbərdarlıq etməyib?
Ümumiyyətlə isə görünən odur ki, Abutalıbov Bakıda vətəndaşları ciddi şəkildə narazı salan yeni söküntü dalğasına start verib. Bu narazılıqların paytaxt rəhbərindən şikayət və etirazları gücləndirəcəyi aydındır. Belədə isə ilk təhlükənin məhz hazırkı Bakı merinin postuna yaranacağı qaçılmazdır.

Elvin Rüstəmov