Dövlət
Azadlıq prospekti 32 ünvanında yerləşən yaşayış binasının sakinlərinin narahatlığı ilə əlaqədar 15 avqust 2015-ci il tarixdə "Unikal" qəzetində dərc edilmiş və bir sıra internet saytlarında yayılmış məlumatlara Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aydınlıq gətirilib.

Komitədən redaksiyaya təqdim olunan açıqlamada göstərilir ki, sözügedən xəbərlərdə istinad olunan "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nda adı çəkilən Dövlət Tikinti və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli Sərəncamı ilə ləğv olunaraq onun əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Komitə) yaradılmış və ləğv olunmuş Komitənin tikinti sahəsindəki funksiyaları, o cümlədən aşağıda qeyd edilənlər Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə (Agentlik) verilmişdir:
1. Tikinti layihələrinin ekspertizası, hansı ki, ekspertizanın müsbət rəyindən sonra respublikanın yerli icra hakimiyyətləri orqanları tikintiyə icazə barədə sərəncam verirlər;
2. Tikintiyə dövlət nəzarəti;
3. Dövlət vəsaiti hesabına tikilən obyektlərin smetasına nəzarət;
4. Tikinti, mühəndis-geoloji axtarış fəaliyyətinin lisenziyalaşdırılması;
5. Beş böyük layihə institutu Agentliyin tərkibinə verilmişdir.
Beləliklə, 2006-cı ildən etibarən tikintiyə və layihə sənədlərinə nəzarət sahəsindəki səlahiyyətlər Agentliyə həvalə edilmişdir.
2006-ci ildə yaradılmış Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri isə aşağıdakılardan ibarətdir:
1. Baş planlarının, müfəssəl planların, regionların inkişaf sxemlərinin yenidən işlənməsidir ki, bu işin də böyük hissəsi bu günə qədər artıq yerinə yetirilmişdir. Beləlikə, ərazi planlaşdırma sənədlərinin hazırlanması və razılaşdırılması səlahiyyətləri Komitəyə həvalə olunmuşdur;
2. Texniki-normativ hüquqi aktların hazırlanması üzrə səlahiyyətlər, artıq 2500-dən çox texniki-normativ hüquqi aktlar Komitə tərəfindən hazırlanmışdır;
3. Şəhərsalma kadastrının aparılması, hal-hazırda Gəncə və Şirvan şəhərlərində şəhərsalma kadastrı yaradılır;
4. Layihələndirmə işlərinin lisenziyalaşdırılması;
5. Respublika üzrə Tikintilərin Dövlət reyestrinin aparılması;
6. Şəhərsalma nəzarətinin həyata keçirilməsi – bu tikinti nəzarəti (dövlət ekspertizası və tikintinin qanunvericiliyin tələblərinə uyğun aparılması, tikinti ilə bağlı vətəndaşların mürtaciətlərinə baxılması və müvafiq qərarların qəbul olunması) deyil.

Şəhərsalma nəzarəti mərhələsində rayon (şəhər) memarlıq xidmətləri tərəfindən obyektlərin ərazidə yerləşdirilməsinin şəhərsalma normalarına uyğunluğu müəyyən olunur ki, bu da layihələrin Komitə ilə razılaşdırılması yolu ilə həyata keçirilir. Məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2009-cu il tarixli 84 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri pozularaq sənədlər Komitəyə təqdim olunmadan yerli icra hakimiyyəti tərəfindən razılaşdırılmış layihələr dövlət ekspertizasına (Agentliyə) təqdim edilirdi, hansı ki Komitənin rəyindən sonra layihələr ekspertizaya təqdim olunmalı idi.
Nəhayət, Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 saylı Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4-cü bəndi ilə yerli icra hakimiyyətlərinin şəhərsalma fəaliyyətində məsuliyyəti müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.2-ci bəndinin tələblərinə əsasən yerli icra hakimiyyəti tikintiyə icazə verdiyi tarixdən 10 (on) gün müddətində müəyyən edilmiş sənəd və məlumatların, o cümlədən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və ən minimal olaraq təsdiq edilmiş şəhərsalma əsaslandırılmasının Komitənin apardığı Tikintilərin Dövlət reyestrinə təqdim etməlidir. Bu tələblər yerli icra hakimiyyəti orqanları tərəfindən əsasən yerinə yetirilmir, bir çox hallarda isə tikinti artıq bir neçə mərtəbədə həyata keçirilərkən təqdim olunur. Şəhərsalma nəzarəti tikintidən öncə aparılsa idi, onun tikinti və tikinti sıxlığı əmsalına görə, hündürlüyünə görə yerləşdirilməsini müəyyən edər və düzəlişlərə dair tövsiyyələr verə bilərdi.
Daha sonra qeyd olunur ki, Komitə tərəfindən Bakı Şəhəri İcra Hakimiyyətinin memarılıq xidmətinə bir çox yeni başlanmış tikintilərlə bağlı həm hündürlük, həm də tikinti sıxlığına görə yenidən baxılması üçün icrası məcburi olan əsaslandırılmış "göstəriş"lər verilməsinə baxmayaraq heç bir ölçü götürülməmişdir. Bu obyektlərin layihələndirilməsi zamanı ərazi planlaşdırılması işlərinin təhlükəsizlik qaydalarının tələblərini pozmasına baxmayaraq, onlar yerli icra hakimiyyəti, Agentlik, ətraf mühitin mühafizəsi, sanitar-epideomoloji, yanğından mühafizə xidmətlərilə razılaşdırılmışdır.
Rayonların (şəhərlərin) baş memarlarının xidmətləri ilə bağlı demək lazımdır ki, burada işin təşkili, peşəkarlıq kifayət qədər deyil, yerli icra hakimiyyətində baş memarın statusu olduqca aşağıdır.

Şəhərsalma nəzarəti – tikintinin ərazidə yerləşdirilməsi ilə bağlı layihəqabağı mərhələdə (təsdiq olunmuş şəhərsalma əsaslandırılması vasitəsilə) və yaxud heç olmazsa tikintiyə hazırlıq dövründə, Komitənin ölçü götürə və kömək edə biləcəyi vaxtda aparılmalıdır. Bütün icazələr və razılıqlar investorda olduğu halda isə, bu tikintini yalnız məhkəmə qaydasında ləğv etmək olar.

Azadlıq 32 ünvanındakı tikinti ilə bağlı bildirilmişdir ki, Komitəyə bununla əlaqədar vətəndaşlardan hər hansı bir müraciət daxil olmamışdır. Bundan əlavə, sözügedən tikinti ilə əlaqədar reyestrə daxil edilmək üçün də məlumatlar (Bakı şəhəri icra hakimiyyəti tərəfindən tikintiyə icazə verdiyi tarixdən 10 gün ərzində) təqdim edilməmişdir. Tikinti sahəsinə vizual baxış zamanı mövcud məhəllə tikintisində şəhərsalma normalarının pozulduğu müəyyən edilmişdir.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikinti üçün kod almaq məqsədilə Komitə tərəfindən aparılan Tikintilərin Dövlət reyestrinə sənəd və məlumatların tikintinin başlanmasından yarım ildən, bəzən isə hətta bir ildən də artıq vaxt keçdikdən sonra təqdim edilməsi nəzarət üçün az effektlidir.