Azərbaycanda

Azərbaycanda ikinci devalvasiya təhlükəsi yaranıb
Banklarda dollar satışı dayandı; Mərkəzi Bank banklara dollar xəbərdarlıq etdi

İqtisadi ekspertlərin xeyli vaxtdır açıqladığı ikinci devalvasiya özünü göstərdi. Dünəndən etibarən Bakı şəhərində fəaliyyət göstərən bütün banklarda və valyutadəyişmə məntəqələrində dollar satışı dayandırılıb.
Satıcılar bunun səbəbini dolların olmaması ilə əlaqələndirib. Hazırda banklara və valyutadəyişmə məntəqələrinə üz tutanlar isə əliboş qayıdır.
"Unikal"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bank (AMB) valyuta bazarında ajioatjı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib. AMB kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib. "Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün", - deyə məlumatda vurğulanıb. Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.
Bu barədə açıqlama verən iqtisadçı, ekspert Vüqar Bayramov bildirib ki, apardıqları monitorinqlər göstərir ki, son 2 gündə xarici valyutalara tələb yüksəlməkdədir. Onun fikrincə, Mərkəzi Bankı dolların manata rəsmi məzənnəsini son 3 gündə aşağı salmasına baxmayaraq valyuta dəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kurs ilə təklif edilir: "Belə ki, avqustun 19-da manatın dollara məzənnəsi 1.049 olsa da sonrakı 2 gündə uyğun olaraq 1.0486 və 1.0479 olub. Bu isə o deməkdir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin real valyuta dəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir. Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlarımızın bir qismi yenidən xaricə valyutaya üz tuturlar. Əslində, Mərkəzi Bank dollara tələbi azatlmaq üçün banklardakı manat əmanətləri indeksasiyasını həyata keçirməlidir. Hələ bu ilin fevralın 9-unda Mərkəzi Banka əmanətlərin indeksasiyasını təklif etmişdim. Amma indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manat əmanətlərin mərhələli həcminin azalmasına səbəb oldu. Buna görə də, Mərkəzi Bank mövcüd resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə, Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarının xeyli azaltmış olar. Hər zaman təklif etdiyim kimi, vətəndaşlarımız öz pullarını valyuta səbəti formasında saxlamaqla bütün potensial risklərdən sığortalanmış ola bilərlər".

İnformasiya şöbəsi