Metropoliten rəhbərliyi  məsuliyyətə cəlb olunmalıdır

"Metropoliten rəhbərliyi
məsuliyyətə cəlb olunmalıdır"

Son dövrlər "Bakı Metropoliteni"ndən narazılıqların sayı artıb. Artıq ictiayyət nümayəndələri, eləcə də tanınmış şəxslər Metropoliten rəhbərbəliyinin fəaliyyətinə etirazlarını açıq şəkildə ifadə etməyə başlayıblar.
Bu barədə fikirlərini "Unikal"la bölüşən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, ictimai nəqliyyat vasitələri arasında metronun xüsusi çəkisi var və demək olar ki, onların içərisində daha yaxşı işləyənlərdəndir. Onun sözlərinə görə, Metropolitenin bir gün işləməməsi kifayətdir ki, Bakıda həyat iflic olsun: "Həm əhalinin gəlirləri və iqtisadi durumuna, həm də mənzil başına daha sürətlə çatmasına görə metropoliten vacib nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsində sərnişinlərin sıxlığı da göstərir ki, onun fəaliyyəti nə qədər zəruridir. Təbii ki, hər bir işdə nöqsanlar var, o cümlədən metropolitendə də. Qatarların arasında intervalın çox olması heç də arzu olunan deyil. Düzdür, bunu yayda sərnişinlərin az olması ilə izah edirlər. Amma nəzərə almaq lazımdır ki, mövcud qatarlar köhnədir və kondisioner sistemi yoxdur və yay fəslində sərnişinlərin çoxluğu hava çatışmazlığı yaradır. Yeri gəlmişkən bir məqama da toxunmaq istəyirəm. İndi metropolitendə köhnə qatarların təmir olunaraq xətlərə buraxılmasını müşahidə edirik. Çox yaxşı. Amma bu təmir zamanı elə qüsurlara yol verirlər ki, belə mühəndislərə metropoliten kimi bir nəqliyyat vasitəsində hər gün yarım milyondan çox sərnişinin taleyini etibar etməsindən narahat olmamaq mümkün deyil. Məsələ bundadır ki, köhnə qatarların havalandırma sistemi yalnız qatar hərəkət edərkən sürət hesabına içəri təmiz hava vura bilir. Yeni təmir olunmuş qatarlarda isə həmin havalandırma sistemlərinin qarşısı dəmir lövhələrlə kəsilib. Metropolitendən istifadə edənlər bilir, belə qatarlarda hava olmadığından dayanmaq çox çətindir. Sərnişinlər büsbütün tərə batırlar, nəfəs almaq mümkün olmur. Axı bu hansı "mühəndis"in başdansovdu fantaziyasıdır. Ona kim ixtiyar verib ki, dövlət standartı olan bir vaqonun konstruksiyasında insanlara əzab verən və havasızlıq şəraiti yaradan dəyişiklik etsin. Yaxşı, bəs metropoliten rəhbərliyi hara baxır. Zənnimcə, bu cinayətdir və səbəbkarlar mütləq məsuliyyətə cəlb edilməlidir. Ümumiyyətlə, bir sahədə çalışan insanlar onun inkişafı ilə yaşamalı, uğurunu və uğursuzluğunu ora bağlamalıdır, iş yerinə təkcə qazanc mənbəyi kimi baxmamalıdırlar. Metropoliten rəhbərliyi də həmçinin. Bu bağlılığı artırmaq üçün yaxşı olar ki, metropoliten rəhbərliyinin xidməti avtomobilləri geri alınsın və onlar işə metropolitenlə gəlib getsinlər. Bu zaman metropolitenin ab-havasını daha yaxşı hiss edərlər".
Müsahibimiz onu da nəzərə çatdırıb ki, metropolitenin yeni tətbiq etdiyi "BakıKART"ların üzərindəki yazılarda kobud səhvlərə yol verilib. Onun fikrincə, bu, dilimizə, cəmiyyətə və dövlətə hörmətsizlikdir. "Bu cür ictimai xarakter daşıyan vasitələrdə bir hərf səhvinin getməsi belə yolverilməzdir və müvafiq şəxslər buna görə cəza almalıdır. İndi kartın üzərindəki bütün cümlələr düzgün yazılmayıb, metropoliten isə məsələyə ehtinasız yanaşır. Bu həmin şəxslərin vəzifə səlahiyyətlərini düzgün dərk etməməsi, cəzasızlıq şəraitində yaşamağa ümid etmələri ilə bağlıdır. Belə məsuliyyətsizlik cəmiyyətdə anarxiya yarada bilər. Axı nəzərə almaq lazımdır ki, ictimai əhəmiyyətli vasitələrin üzərindəki yazılar cəmiyyətin, xüsusilə də gənc nəslin formalaşmasına böyük təsir göstərir. Görünür, hətta bunu da başa düşmürlər",- fikrini tamamlayıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin deputatı Nizami Cəfərov metropolitenin yeni tətbiq etdiyi "BakıKART"ların üzərindəki yazılarda kobud səhvlərə yol verilməsinə münasibət bildirib. Onun sözlərinə görə, bu cür prseslərlərdə mütəxəssis rəyləri alınsa, daha yaxşı olar: "İstənilən təşkilat hər hvnsı bir yazı, reklam çap edib kütləviləşdirirsə, burada diqqətli olmalıdır. Özləri bilirlərsə, daha diqqətli olmalıdırlar, bilmirlərsə, bui şin mütəxəssislərinə müraciət etməlidirlər və onu düz yazmalıdırlar. Amma mən məsələnin bu şəkildə böydülməsinin də tərəfdarı deyiləm. Heç bir məmur istəməz ki, onun rəhbərlik etdiyi müəssisə onun ana dilini təhrif, yaxud təhqir eləsin. Lakin burada laqeydlik, müəyyən mənada məsuliyyətsizlik var ki, onun qarşısını zamanında alınmalıdır. İstənilən idarənin, müəssisənin rəhbəri ortaya qoyulan işə görə məsuliyyət daşıyır. Sözsüz ki, burada dilə laqeydlik, hörmətsizlik məqamı var. Bəlkə də onu edənlər yanlış olduğunu bilməyiblər. Amma nəzərə alınmalıdır ki, bu cür məsələlərdə diqqətli olmaz lazımdır, çünki sonra belə etirazlar ola bilər".

Qərib Gərayzadə