Dünya İranla nə vaxt dil tapacaq?
Tehranın nüvə proqramı ilə bağlı müzakirələrin növbəti raundu Moskvada keçiriləcək

Bağdadda İranın nüvə proqramına dair danışıqlar keçirən tərəflər müzakirələrin növbəti raundunun gələn ay Moskvada keçirilməsi barədə razılıq əldə edib. Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Ketrin Aşton deyib ki, fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, bəzi nailiyyətlər əldə edilib. O, Moskva danışıqlarının iyun ayının 18-i və 19-u baş tutacağını bildirib.
Bağdad görüşünün ikinci günü tərəflər nüvə proqramının hərbi aspektləri ilə bağlı beynəlxalq narahatlıqları müzakirə edib.
İran uranın 20 faiz zənginləşdirilməsinin yalnız tibbi və elektrik enerjisi mahiyyəti daşıdığını bildirib. Qərbi isə İranın uranı 90 fazi zənginləşdirərək nüvə silahı əldə edəcəyi qayğılandırır.
Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın irəli sürdüyü şərtlər İran tərəfindən kəskin tənqid edilərə, tələbləri qarşılığında çox az imtiyaz vəd edildiyi deyilir. Qərb ölkələri Irana sanksiyaların yüngülləşdiriləcəyinə söz verir.
İran rəsmilərinə istinadən bildirilir ki, gələcək müzakirələrə zəmin yaradılmayıb.
Bu arada məlum olub ki, İran sosial mediasında gənclər üçün nəzərdə tutulan yeni "Hadinet.ir" saytı fəaliyyətə başlayıb. Bu şəbəkə İranda daxili siyasəti, dini xadimlərin göstərişlərini tənqid edən, lağa qoyan şəbəkələrə qarşı hökumətin atdığı cavab addımıdır.
Y!eni sosial şəbəkə şiələrin müqəddəsi sayılan Nağının şərəfinə adlandırılıb. Burada həmin imam barəsində məlumatlar, müqəddəs kitabdan çıxarışlar yer alır.
İranda hökumətə yaxın olan "Mehr" informasiya agentliyi yazır ki, bu sayt imama qarşı "təhqirlərə" hökumətin reaksiyasıdır. "İmamın təhqir olunması" deyərkən "Mehr" agentliyi Facebookdakı "Şiələrə İmam Nağini xatırlatmaq" kampaniyasını nəzərdə tutur. Kampaniya iştirakçıları İran liderlərinin siyasi və dini çıxışlarını istehza ilə qarşılayırlar.
Sosial şəbəkələrdə iranlı gənclər arasında həmçinin "Nağı" mahnısı da çox populyardır. Mahnının müəllifi reper Şahin Nəcəfi imamı Yer üzünə qayıdıb dünyanı xilas etməyə çağırır. Məlum olduğu kimi, mahnıya görə reperin ölümünə dair fitva verilib.
Belə güman edilir ki, İran hökuməti ona qarşı çıxan bloqqerlərə məhz eyni üsulla - sosial şəbəkə yaratmaqla cavab zərbəsi endirmək istəyir. Amma tənqidçilər bu saytın qətiyyən uğur qazanmayacağını düşünürlər.
London Universitetində Şərqşünaslıq üzrə məruzəçi Nima Mina deyir ki, imam Nağı ilə bağlı materialları hökumətin nəzarəti altında olan onlarla sayt və dini proqramdan tapmaq olar, bunun üçün ayrıca şəbəkə yaratmağa ehtiyac yoxdur: "Araşdırmalar göstərir ki, İranda əsas internet istifadəçiləri böyük şəhərlərdə yaşayan orta təbəqənin nümayəndələridir. Onlar internetdə fərqli məlumatlar axtarırlar". İranın bloqosferini tədqiq edən Mina düşünür ki, "Hadinet" şəbəkəsinin yaradılması cəhdi də əvvəlkilər kimi uğursuz olacaq.
Son illər İran hökuməti özünə yaxın təşkilatlara tapşırıb ki, İnternetdə aktiv olsunlar və özlərinə qarşı aparılan virtual müharibəyə cavab versinlər. Bununla yanaşı, son vaxtlar internetdə fəallığı ilə seçilən müstəqil fikirli gənclər, bloqqerlər təhdid olunur, həbsə atılır.
Tənqidçi bloqqer Muhammad Saleh Meftah yazır ki, hökumətin reallaşdırdığı bəzi virtual layihələr uğur qazana bilmir. Məsələn, Hezbollah Bloqqerlər Cəmiyyəti, həmçinin Müsəlman Bloqqerlərin təşkilatı, İslam inqilabının kiber fəallarının koordinasiya komitəsi kimi qurumlar işləyə bilməyiblər.
2010-cu ildə hətta İran dini lideri Əli Xameneyinin davamçılarına həsr olunan sosial şəbəkə də hazırlanmışdı. Lakin sayta çox istifadəçi cəlb etmək mümkün olmayıb və şəbəkə fəaliyyətini dayandırıb. Tənqidçilər isə güman edirlər ki, bu sayt əvvəl yaradılan sosial şəbəkələr kimi qeyri-işlək saytlardan biri olacaq. Gənc iranlılar deyirlər ki, onlar yeni bir virtual məkana toplaşmaq niyyətində deyillər.
Murad İbrahimli