Kəbirə

Kəbirə Məmmədova "Binə" də üsyan yetişdirir

Sahibkarlar bazarı tərk edir; Rəhbərliyin qeyri-qanunu tələbləri ticarət mərkəzin dözülməz vəziyyət yaradıb

Sahibkarlar "Binə" bazarını kütləvi şəkildə tərk edir. "Unikal" qəzetinə verilən məlumata görə, "Binə" bazarının rəhbəri Kəbirə Məmmədovanın qeyri-qanuni tələbləri sahibkarların buradan uzaqlaşması ilə nəticələnib.
"Yay aylarında "Binə" Ticarət Mərkəzini yüzlərlə sahibkar tərk edib. Düzdür, son aylar ticarətdə müəyyən geriləmə müşahidə olunub. Amma sahibkarların buranı tərk etməsi heç də bununla bağlı deyil. Hər ilin müəyyən vaxtlarında periodik olaraq alverdə zəifləmə müşahidə olunur ki, bu da müəyyən obyektiv səbəblərlə bağlıdır. Amma sahibkarların "Binə"ni tərk etməsi bununla bağlı deyil. Kəbirə Məmmədova və qoçularının bazarda yaratdıqları dözülməz vəziyyət sahibkarları buradan didərgin salıb. Dişini-dişinə sıxaraq hələ də dözən sahibkarlar isə artıq üsyan həddindədir və "Binə"də hər an etiraz aksiyalarına start verilə bilər. Kəbirə Məmmədova odla oynayır", - müsahibimiz deyib.
"Binə" bazarından sahibkarların köçü bazarın sahibi Kəbirə Məmmədovanın onları müflis etməsidir. Onlar deyirlər ki, bazara hər gün bir qayda qoyulur: "Artıq bezmişik. Son 3-4 ayda yüzlərlə sahibkar bazarı tərk edib. Həmin şəxslər ya "Sədərək" bazarına üz tutublar, ya da bizneslərini başqa ölkələrdə inkişaf etdirməyi düşünürlər. Hər dükandan aya 3 manat işıq pulu yığılır. Bu 3 manat bir işıq lampasına görədir. Hər dükanda ən azı 8 işıq lampası var. Ən çoxunda isə 12-dir. Orta hesabla 10 lampa götürsək, bu, bir mağazadan 30 manat almaq deməkdir. Beləliklə, işlək 2000 dükandan aya 60 min manat pul əldə edilir. Sahibkarlar deyirlər ki, gün ərzində bir neçə dəfə işıq sönür. Bu isə əsl maxinasiyadır: "Hər bir dükana sayğac qoyulsa da, işıq pulunu bu minvalla alırlar. Sayğacı onlara göstərəndə "ehtiyac yoxdur" cavabını verirlər. Işıq lampası aya ən yaxşı halda 70-80 qəpik yazır. Bazarda gündə işıq bir neçə dəfə və bir neçə saatlıq söndürüləndə bu, aya heç 50 qəpik də eləmir. Ancaq əlavə olaraq 2 manat 50 qəpik alırlar".
"Binə"də olarkən öyrəndik ki, hər dükan sahibindən kondisioner üçün 40 manat pul alırlar. Bunu hesablayanda (2 min dükan üçün – red.) Kəbirə Məmmədovanın cibinə əlavə olaraq 80 min manatın girdiyini anlayırsan. Kondisioner pulu verməmək mümkün deyil. Istifadə etməsən, belə bu məbləği ödəməlisən. 40 manatı ödəməmək üçün kondisioneri sökməlisən. Yenidən quraşdıranda icazə üçün rəhbərliyə əlavə olaraq 300 manat verməlisən.
Hər bir dükandan 10 manat polis pulu yığılır, bu da 20 min manat deməkdir. Tum satan, araba sürən, çaynikdə dükanlara çay gətirən bir sözlə, əldə hər hansı əşyanı satan adam günə 1 manat pul ödəməlidir. Belə satıcıların sayı da yüzlərlədir. Orta hesabla 1000 satıcı götürsək (bu ən aşağı göstəricidir, reallıqda daha çoxdur), bu, günə min manat, aya 30 min manat deməkdir.
"Binə"də dükanların ərazisi 40, 50 və 60 kvadrat metrdir. 40-a görə 1050 manat, 50 üçün 1150 manat, 60-a sahiblənən isə 1250 manat yer haqqı ödəməlidir. 2000 dükanı orta hesabla 1150 manatdan götürsək, bu məbləğ 2 milyon 300 min manat edir. Sahibkarlar Kəbirə Məmmədovaya yer haqqından əlavə dükanın sahibinə icarə üçün pul ödəyirlər. Daha çox alıcı qəbul edən sıralar 5, 6, 7 və 8-ci sıralardır. Burada yer pulundan əlavə dükan sahibinə 2000-3000 manat da verməlisən. Qalan yerlərdə məbləğ 1000-1500 manat arasında dəyişir.
Kəbirə Məmmədova "Binə"də yeni qazanc yeri də əldə edib. Bazar tikilən zaman Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "pojarnıy xod"ların olmasını məsləhət görüblər. Çünki hadisə olan zaman yanğınsöndürən maşınlar həmin yerlərdən rahat keçə bilsin. Indi o yerlərdə də Kəbirə Məmmədova dükan tikir. Belə ki, "Binə"də 10 sıra var. Hər sırada 5 "pojarnıy xod" salınıb, cəmi 50-dir. Hər bir mağazanı tikib 110-150 min manat arasında satırlar. 50-ni orta hesabla 130 min manat vuranda bu, 6 milyon 500 min manat edir.
"Binə"də qazanc mənbəyi bununla bitmir. Bazarın sahibi hələ də sıranı genişləndirir. Yeni dükanlar tikilir. Həmin dükanları baha satmaq üçün yeni yola əl atıblar. Belə ki, hər bir bazarda "xod" gedən yerlər dayanacaqlara yaxın olan hissələrdir. Hazırda "Binə"nin müştəriləri 5, 6, 7 və 8-ci sıralara daha çox gəlir. Kəbirə Məmmədovanın tapşırığı ilə yeni tikilən dükanları 100 min manata satmaq üçün dayanacaqları yeni ünvanlara köçürürlər. Bu o deməkdir ki, yuxarıda adları qeyd edilən sıralar müştəri azlığından əziyyət çəkəcək. Sahibkarlar bizimlə söhbətdə deyirlər ki, Kəbirə Məmmədova bu minvalla yeni-yeni sıralar "icad" edəndə dayanacaqların yerini dəyişəcək. Belə olacaqsa, qazanan "Binə"nin sahibi, itirən isə sahibkarlar olacaq.
Problemlərlə bağlı heç kimə şikayət etmək mümkün deyil. Sahibkarların dediyinə görə, narazılıqlarını bildirəndə onlara Kəbirə Məmmədovanın qəbul otağını göstərirlər: "Kəbirə xanımın yanına gedəndə isə bizi söyüşlə qəbul edib, söyüşlə də yola salır. Açıq-aydın deyir ki, gedin kimə şikayət edirsiniz, edin. Heç kimdən qorxmur və istədiyini edir".
Orxan Həsənli